Avropa Şurası hakimiyyətə qurtuluş resepti verdi

Nurəddin Məmmədli: «Hakimiyyətin islaholunmazlığının bütün dünyaya aşkar olduğu bir zamanda daha ciddi təzyiqlərin göstərilməsinə ehtiyac var»
 
Iyunun 22-də başlayıb 26-da bitəcək Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay sessiyasında Azərbaycandakı insan haqları ilə bağlı durum müzakirəyə çıxarılacaq. AŞ PA Monitorinq Komitəsində hazırlanan sərt sənəd müzakirə predmeti olacaq.
Maraqlıdır ki, bir müddət əvvələ qədər Azərbaycan hakimiyyətinə qarşı loyalığı ilə seçilən AŞ PA hazırda olduqca sərt və prinsipial mövqedən çıxış edir. Hakimiyyət çox zaman Monitorinq Komitəsindəki müzakirələrər orada qəbul olunan sənədlərə əhəmiyyət vermirdi. Amma hazırda durum dəyişib. Hakimiyyət təmsilçilərinin də bəyanatlarından görünür ki, iqtidar baş verənlərlə bağlı ciddi narahatçılıq keçirir. Monitorinq Komitəsində qəbul olanan sənəddə ölkə reallıqları əks olunmaqla yanaşı hazırda insan haqlarının pozulmasına, demokratik dəyərlərin tapdanmasına görə hakimiyyətdən hesab sorulur. Qəbul olunan sənədin yekunu da maraq kəsb edir. Sənədin yekununda AŞ Azərbaycandan siyasi-hüquqi islahatlar həyata keçirməyi, normal parlament seçkiləri gerçəkləşdirməyi tələb edir. “Biz hakimiyyətin narahatlığını başa düşürük, amma onu da xatırlatmalıyıq ki, ”stabillik" insan haqlarıyla bağlı beynəlxalq standartların pozulması sayəsində olmur. Ona görə də hakimiyyəti Avropa Şurasına üzv dövlət kimi öhdəliklərinə hörmətlə yanaşmağa çağırırıq. Stabil demokratiya üçün ölkədə real hakimiyyət bölgüsünün (icra hakimiyyəti, parlament və məhkəmə sistemi) mövcudluğu çox vacibdir. Vacib olan başqa bir amil siyasi dialoqdur. Parlamentin icra hakimiyyəti üzərində nəzarətinin güclənməsi yalnız Azərbaycanın xeyrinə olardı. Bunun üçün parlamentin səlahiyyətləri artırılmalı, həmçinin əsl müxalifət parlamentdə təmsil olunmalıdır.
Stabil demokratiyaya yalnız azad, ədalətli seçkilər, azad rəqabət sayəsində nail olmaq olar. Stabil demokratiya həmçinin qanunun aliliyinə hörmət, güclü vətəndaş cəmiyyəti, azad mətbuatın mövcudluğunu tələb edir", deyə sənədin sonunda vurğulanır.
AŞ PA-nın dəfələrlə Azərbaycanla bağlı kəskin hesabat və bəyanatlarla çıxış etdiyini deyən AXCP sədrinin müavini Nurəddin Məmmədli "Azadlıq"a bildirib ki, hətta bir neçə dəfə Azərbaycanda hakimiyyətin demokratik yol ilə dəyişməsinin qeyri-mümkün olduğu fikri vurğulanıb. Ona görə də xəbərdarlıq edilib ki, Azərbaycanda dövlət çevrilişi cəhdləri baş verə bilər: “Amma problem ondadır ki, Avropa Şurasının bu hakimiyyətə təsir mexanizmləri yoxdur. Avropa Şurası ən sərt halda Azərbaycanı üzvü olduğu qurumdan kənarlaşdıra bilər. Azərbaycan höküməti ATƏT-in Bakı ofisinin statusunu öncə missiya səviyyəsinə endirdi, indi isə bu təşkilatı ümumiyyətlə ölkədən qovur. ATƏT Avropa Şurasından az əhəmiyyətli qurum deyil. Hakimiyyətə ciddi təsir etmək üçün daha geniş imkanlara malik olan Avropa Birliyi Azərbaycana qarşı müəyyən sanksiyalar tətbiq etməlidir. Ən başlıcası isə bu hakimiyyətə qarşı ciddi təsir mexanizmləri Vaşinqtondan qaynaqlanmalıdır. Amma təəssüf ki, hələ də hakimiyyətin lobbist fəaliyyəti ilə məşğul olan güclər var”.
Azərbaycana qarşı hər ötən gün ritorikanın daha da sərtləşdiyini deyən N.Məmmədli hesab edir ki, hazırda bu hakimiyyətin islaholunmazlığının bütün dünyaya aşkar olduğu bir zamanda ona qarşı daha ciddi təzyiqlərin göstərilməsinə ehtiyac var. “Heç olmasa Azərbaycan hakimiyyəti təmsilçilərinə qarşı Maqnitski qanunu tətbiq edilməlidir. Sanksiyasız Azərbaycanda heç nə mümkün deyil. Azərbaycan hakimiyyətini yaşadan sahib olduğu milyardlardır. Əgər hakimiyyət təmsilçilərinin xaricə çıxışına qadağa qoyulsa, onların xaricdəki hesabları dondurulsa, real nəticə əldə oluna bilər”, deyə N.Məmmədli vurğuladı.

Google+ WhatsApp ok.ru