Beynəlxalq aləmdə İlham Əliyevin düşmənləri artır

Hakimiyyət Mixail Saakaşvili və Ukrayna ilə «haqq-hesab çəkməyə» hazırlaşır

Yaxın günlərdə iqtidarın nəzarətində olan mediada Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili və Ukraynaya qarşı kampaniya başlaya bilər. Bu barədə redaksiyamıza daxil olan məlumatda deyilir ki, hakimiyyət Saakaşvilinin rəhbərlik etdiyi Vahid Milli Hərəkat Partiyasının Avropa Şurası Parlament Assambleyasında təmsil olunan deputatlarının tutduğu mövqedən hiddətlənib.
 
Qeyd edək ki, AŞ PA-nın son sessiyasında Vahid Milli Hərəkat Partiyasının üzvü olan deputatlar Georgi Kandelaki və Çioara Taktakişvili Azərbaycanla bağlı qəbul edilən qətnamə layihəsinin son variantına ATƏT-in Bakı ofisinin ləğvinə görə rəsmi Bakının məsuliyyətinə dair paraqraf daxil etmək təşəbbüsü ilə çıxış ediblər və bu paraqraf qətnaməyə daxil edilib.
 
Azərbaycan hakimiyyəti isə bunu həmin deputatların özfəaliyyəti hesab etmir. Iqtidarda düşünürlər ki, hər halda Mixail Saaşkaşvili bunun qarşısını ala bilərdi. Artıq bəzi hökumətyönlü KIV-lərdə Saaşkaşvilinin “xəyanəti” barədə yazılar dərc olunmağa başlayıb.
 
Ukraynaya gəlincə, AŞ PA-nın bu ölkədən olan vitse-prezidenti Vladimir Ariyevin fikirləri Azərbaycan iqtidarının qəzəbinə səbəb olub. Vladimir Ariyev Azadlıq Radiosunun “Nastoyaşie vremya” televiziya layihəsinə müsahibəsində Azərbaycan hakimiyyətini sərt tənqid edib.
 
“Təəssüf ki, Azərbaycan da Ermənistan kimi Rusiya siyasətinin qurbanıdır. Çoxdandır ki, Rusiya Dağlıq Qarabağ münaqişəsindən sui-istifadə edərək bu iki ölkəni üz-üzə qoyur.
 
Azərbaycanın neft-qaz gəlirlərindən əldə etdiyi vəsaitlər hesabına Dağlıq Qarabağı geri qaytarmasın deyə, Rusiya Ermənistanda öz qoşununu saxlayır.
 
Odur ki, hər iki ölkənin liderləri bu gün tamamilə Kremldən asılıdır. Geniş mənada götürsək, kukladırlar - kuklaların sahibi öz maraqları naminə iki xalqı vuruşdurur",- deyə o, bildirib.

Google+ WhatsApp ok.ru