BMT-də Azərbaycan nümayəndə heyətilə bağlı qalmaqal

Hakimiyyət təmsilçiləri Azərbaycandakı repressiyalardan danışan məruzəçini hədələyib

Maina Kiai: «Azərbaycan nümayəndələri mənə dedilər ki...»
 
Azərbaycanın BMT-dəki daimi nümayəndə heyətinin iki üzvü bu qurumun Insan Haqları Şurasının sərbəst toplaşmaq və birləşmək azadlığı üzrə xüsusi məruzəçisi olan Maina Kiaini hədələyib. Bu barədə məruzəçi özü “Azadlıq” radiosuna müsahibəsində deyib. “Azərbaycanın BMT-dəki daimi nümayəndə heyətinin iki üzvü mənə yaxınlaşıb dedi ki, əgər bugünkü tədbirdə (iyunun 16-da Cenevrədə BMT-nin Insan Haqları Şurasının qərargahında, 29-cu sessiya çərçivəsində ”Avropa Oyunlarının repressiv üzü" mövzusunda keçirilən tədbir nəzərdə tutulur-red.) onlarla müzakirə olunmamış məsələləri qaldırsam, mənim mandatım altında əməkdaşlığı bir daha nəzərdən keçirəcəklər.
Soruşdum ki, mənim nəyi deməyimi və nəyi deməməyimi istəyirlər, cavab vermədilər. Onlara bildirdim ki, bu cür davranışı hədə kimi qəbul edirəm və əməkdaşlıq belə şeylərdən asılı olmamalıdır. Hərçənd görüş təyin etmədən gəldiklərinə baxmayaraq, mən əməkdaşlıq edərək, onlarla görüşmüşdüm", - deyə məruzəçi bildirib.
 
Maina Kiai deyir ki, nümayəndə heyətinin ondan özünü senzura tələb etməsi yanlış və qeyri-peşəkar hərəkətdir, dövlət başa düşməlidir ki, BMT-nin müstəqilliyi alidir.
Xüsusi məruzəçi BMT Insan Haqları Şurasının dövlətlə əməkdaşlıq etdiyini, ona hörmət etdiyini bildirib: “Əməkdaşlıq ikitərəfli olmalıdır. Amma hədədən istifadə etmək yanlışdır”.
Maina Kiai iddia edir ki, Azərbaycan nümayəndə heyətinin üzvləri daha sonra bu davranışa görə üzrxahlıq ediblər: “Mən istəyirəm onlar başa düşsünlər ki, BMT çərçivəsində bu işlər belə görülmür”.
Kiai deyib ki, Azərbaycanı BMT-də təmsil edən nümayəndə heyəti onları Avropa Oyunları ərəfəsində insan haqları məsələsini qaldırmaqla məsələni siyasiləşdirməkdə ittiham edir, o isə bununla razılaşmır: “Insan haqlarının müdafiəsi Avropa Oyunlarına görə dayanmamalıdır, bu müdafiə aramsız olmalıdır. Insan haqları siyasi məsələ deyil. Bizim siyasi mövqeyimiz yoxdur. Bizim üçün önəmli olan yeganə məsələ insan haqlarının qorunmasıdır.
Amma əlbəttə ki, biz strateji davranırıq və əgər qlobal bir hadisə varsa, ondan istifadə etməyə çalışırıq, amma bu, qətiyyən siyasi deyil və tamamilə insan haqları üçündür".
“Azadlıq” radiosunun “Azərbaycan beynəlxalq təşkilatların ölkədəki ofislərini bağlayır, Qərb dövlətləri və təşkilatları dövlət mediasında ciddi tənqid olunur, əgər hökumət özünütəcrid yolunu seçərsə, bu, insan haqları məsələsini nə dərəcədə çətinləşdirə bilər?” sualına isə məruzəçi belə cavab verib: “Ölkə özünü izolyasiya edəndəÿinsan haqları məsələsi hər kəs üçün çətinləşir. Eritreya, Şimalı Koreya, keçmiş Myanmar təcrübəsinə baxanda bunu görmək olar. Təcrid nə Azərbaycan hökuməti, nə də xalqı üçün faydalıdır. Dünyanın qloballaşdığı və Azərbaycanın sərmayə cəlb etmək istədiyi, beynəlxalq ictimaiyyətin həlledici üzvü olmaq istədiyi dövrdə, deyərdim ki, açıq olmaq - özü də hər kəslə - Rusiya, Skandinaviya, Isveçrə ilə açıq olmaq Azərbaycanın marağındadır. BMT-nin əsas ideyası da ideayaların, dəyərlərin, sistemlərin mübadiləsidir. Biz bir-birimizdən öyrənə bilərik. Əgər Azərbaycan qapanmağa və özünü daha çox izolə etməyə qərar versə, bu, məyusedici olacaq və nəticədə zərbəsi Azərbaycan xalqına dəyəcək. Biz Iranda, keçmiş kommunist rejimlərində bunun şahidi olmuşuq.
Bugünlərdə Şərqi Berlində oldum, Şərqi Almaniya və Şərqi Berlin izolyasiyadan fayda götürməyib. O cümlədən, insan haqları kontekstində. Bəlkə də qısa müddət üçün izolyasiya faydalı ola bilər, amma uzun müddət üçün olmayacaq. Uzunmüddətli perspektivdə biz bir-birimizə lazımıq, biz biznes qurumlarını, insanları, insan haqları anlayışını Yer üzünə yayılmağa həvəsləndiririk. Dünya belə yaxşılaşır".(azadlıq)

Google+ WhatsApp ok.ru