'Freedom House' da referendum bəyanatı yayıb 28 Sentyabr 2016 01:00 Siyasət ABŞ-da mənzillənən «Freedom House» hüquq-müdafiə təşkilatı Azərbaycanda 26 sentyabr referendumuyla bağlı bəyanat verib. Qurum bu açıqlamanı Mərkəzi Seçki Komissiyanın (MSK) ciddi seçki pozuntularına baxmayaraq, Konstitusiyaya dəyişiklikləri təsdiqləməsinə cavab olaraq yaydığını bildirir: «Azərbaycanın seçki komissiyası 26 sentyabr referendumunun nəticələrini qəbul etməklə öz tələblərini gözardı edib. Bu nəticələr seçki qutularına topa bülleten atılması, prosedurlara etiraz edənlərin saxlanması və digər ciddi pozuntuların sənədləşdirilməsinə rəğmən, qəbul edilib», - qurumun beynəlxalq proqramlar üzrə vitse-prezidenti Robert Herman belə deyir. «Hökumət vətəndaşlarının təməl hüquqlarına sayqısızlığını sərgilədi», - o, sözlərinə əlavə edib. Qeyd edək ki, MSK sentyabrın 27-də bildirib ki, Konstitusiya dəyişikliklərini seçicilərin 90 faizindən çoxu dəstəkləyib. Prezidentlik müddətinin artırılmasını, seçkidə yaş həddinin qaldırılmasını və bəzi məhdudlaşdırmaları nəzərdə tutan həmin dəyişiklikləri müxalifət «mürtəce» adlandırır, referendumun ləğvini tələb edirdi. Üstəlik, Avropa Şurasının Venesiya Komissiyası da ilkin rəyində təklifləri tənqid etmişdi. Hakimiyyət təmsilçiləri bu tənqidləri qəbul etmir, dəyişikliklərin islahatları hədəflədiyini bildirir. Venesiya Komissiyasının rəyi də «sifarişli» adlandırılıb. Ötən həftə prezident İlham Əliyev «Freedom House» təşkilatını ermənipərəst mövqe tutmaqda suçlayıb. Qurum isə buna cavab bəyanatında ölkədəki insan haqları pozuntularına görə birbaşa prezident Əliyevin məsuliyyət daşıdığını bildirib. (azadliq.org) Teqlər : #'Freedom House' da referendum bəyanatı yayıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru AİP lideri Mövsüm Səmədov həbsxanadan açıqlama yaydı Azərbaycan prezidenti İranın yeni səfirinin etimadnaməsini qəbul edib
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video