Hakimiyyət daxilində yeni “müharibə ocağı”

Bankların birləşməsi zərurəti yaranıb; yeni məmur-oliqarx savaşı qaçılmaz görünür; iqtidarda tərəddüd və dilemma

Azərbaycan hakimiyyəti bankların konsolidasiyasını həyata keçirmək istəsə də, ciddi problemlə üzləşib. Bu barədə “Azadlıq”a məlumat verən mənbə bildirib ki, ölkədəki iqtisadi böhran bankların konsolidasiyasını zərurətə çevirib.
 
Digər tərəfdən uzun müddətdir ki, bank sektorunun bir əldə cəmlənməsi üçün səylər göstərilir. Bankların konsolidasiyası bu planı həyata keçirmək üçün fürsətdir. Lakin mənbəmiz bildirib ki, bankların əhəmiyyətli hissəsinin oliqarx məmurların nəzarətində olması tərəddüdlərə səbəb olub: “Əgər prosesə start verilsə, bu hakimiyyət daxilində yeni ziddiyyətlərə yol aça bilər. Parlament seçkiləri ərəfəsində isə iqtidara yeni ziddiyyətlər lazım deyil. Onsuz da hakimiyyət daxilində vəziyyət kifayət qədər gərgindir. Bir tərəfdən də bank davası hakimiyyət komandası üçün acı nəticələrə səbəb ola bilər”.
 
Təsadüfi deyil ki, Azərbaycan Banklar Assosiasiyasının (ABA) və “RabitəBank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriyev də fins.az-a bildirib ki, bankların birləşməsi asan məsələ deyil: “Bu məsələ son illər geniş müzakirə olunur. Hazırda əmanətlərin və kreditlərin faiz dərəcələrinin azaldığı, bank sektorunda gəlirliliyin azaldığı, risk amilinin yüksəldiyi şəraitdə daha yaxşı kapitallaşmış banklara ehtiyac yaradır. Buna görə də, zəif kapitallaşmış bankların, eləcə də bank olmayan kredit təşkilatlarının (BOKT) güclü banklarla birləşməsi mümkündür, buna maraq da var və müzakirələr gedir. Amma bu məsələnin reallaşması elə də asan olmadığından konsalidasiya barədə dəqiq fikir söyləmək çətindir”.

Google+ WhatsApp ok.ru