Milli Şura sanballı hesabat yaydı TAM MƏTN

Qurum seçkiqabağı vəziyyəti dəyərləndirərək hakimiyyət qarşısında konkret tələblər qoydu

Milli Şura bu ilin parlament seçkiləri ilə bağlı seçkiqabağı vəziyyətə dair hesabat hazırlayıb. Sənədi təqdim edirik:
 
2015-ci ilin noyabrında Azərbaycanda parlament seçkiləri keçiriləcək. Seçki kampaniyasının başlamasına az bir müddət qalsa da, ölkədəki mövcud siyasi şərait və seçki prosesini tənzimləyən hüquqi normalar rəqabət şəraitində, azad və ədalətli seçkilərin keçirilməsinə imkan vermir.
 
I SEÇKİQABAĞI SİYASİ ŞƏRAİT
 
9 oktyabr 2013-cü il Prezident seçkilərindən sonra Azərbaycanda siyasi hüquqlar və fəaliyyət azadlıqları ciddi şəkildə məhdudlaşdırılmağa, siyasi rəqiblərə qarşı təqib və təzyiqlər genişlənməyə başladı. Bu dövrdən etibarən Azərbaycanın insan hüquqları və azadlıqları sahəsində beynəlxalq təşkilatlar qarşısında üzərinə götürdüyü öhdəliklər nəzərə alınmadan, açıq-aşkar demokratik dəyərlərə və institutlara qarşı total basqı kampaniyası başladıldı. Xarici siyasətdə Avrointeqrasiya kursundan imtina edildi, vətəndaş cəmiyyəti institutları, müstəqil media və müxalif  təşkilatlar hakimiyyətin zorakı təzyiq siyasətinin hədəfinə çevrildi. 2014-cü ilin avqustundan daha da şiddətlənən siyasi repressiyalar nəticəsində bu günə qədər 100 nəfər şəxs, beynəlxalq  təşkilatların da təsdiqlədiyi kimi, siyasi motivlərlə həbs edilib. Yerli və beynəlxalq səviyyədə səslənən tənqidlərə baxmayaraq, hakimiyyətin bu günə qədər davam etdirdiyi repressiyalar cəmiyyətdə qorxu yaratmağa, siyasi rəqibləri sıradan çıxarmağa, demokratik azadlıqları zorakı üsullarla boğmağa yönəlib.
 
***
 
 
Hüquq  müdafiəçisi, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və onun həyat yoldaşı, tarixçi alim Arif Yunus, “Azadlıq” radiosunun əməkdaşı, araşdırmaçı jurnalist Xədicə İsmayıl, AXCP sədrinin müavini və  “Azərbaycan saatı” televiziya proqramının əməkdaşı Seymur Həzi, AXCP Rəyasət Heyətinin üzvü Asif Yusifli, REAL Vətəndaş Hərəkatının sədri İlqar Məmmədov, Müsavat Partiyasının sədr müavinləri Tofiq Yaqublu, Yadigar Sadıqov və Fərəc Kərimli,  “Bizim Yol” qəzetinin əməkdaşı, AXCP Ali Məclisinin üzvü Pərviz Həşimli,  Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli, Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev, İnsan Hüquqları Klubunun sədri Rəsul Cəfərov, “Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirov, İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov, bu partiyanın üzvü, tanınmış din xadimi Abgül Süleymanov, NİDA Vətəndaş Hərəkatının üzvləri Rəşadət Axundov, İlkin Rüstəmzadə, Rəşad Həsənov, Məmməd Əzizov, habelə bloggerlər Əbdül Əbilov, Ömər Məmmədov və başqaları qanunsuz və qurama ittihamlarla həbsə atılıblar.
 
***
 
Barələrində cinayət işi qaldırılmış və hökm çıxarılmış ictimai-siyasi fəalların ittiham olunduqları maddələr ağır cinayətlər kateqoriyasına daxil olduğundan, həmin şəxslər gələcəkdə də Parlament və Prezident seçkilərində namizəd kimi iştirak edə bilməyəcəklər. Belə ki, Konstitusiyanın 85 və 100-cü maddələrinə əsasən, ağır cinayətlərə görə məhkum edilmiş şəxslər Azərbaycan Respublikası Milli Məclisinin deputatı və Azərbaycan Respublikasının Prezidenti seçilə bilməzlər.
 
Bundan əlavə, vaxtaşırı olaraq sosial şəbəkələrdə hakimiyyəti tənqid edən fikirlər yazdıqlarına görə gənclər inzibati qaydada məsuliyyətə cəlb olunaraq 15 gün və ya daha artıq  müddətə azadlıqdan məhrum edilirlər.
 
Açıq-aşkar görünür ki, ölkədə hüququn aliliyi prinsipi kobud şəkildə  pozulub, qanunlar hakimiyyətin siyasi iradəsinə tabe etdirilib. Belə bir şəraitdə hüquq-mühafizə orqanları və məhkəmələr tərəfsizliyini, müstəqilliyini itirərək hakimiyyətin əlində siyasi repressiya alətinə çevriliblər.
 
***
 
Eyni zamanda, siyasi məhbuslara həbsxanada fiziki zorakılıq göstərilməsi, onların saxlanma şərtlərinin qəsdən çətinləşdirilməsi barədə tez-tez narahatlıq doğuran məlumatlar yayılmaqdadır. Belə görünür ki, hakimiyyət həbsdəki insanlara qarşı bu cür zorakı davranışla ictimai fikirdə cəza mexanizminin qorxu və təsirini artırmağa çalışır.
 
İnsanların siyasi mövqelərinə, fəaliyyətlərinə və müstəqil düşüncələrinə görə hakim rejimin təzyiqlərinə məruz qalması demokratik seçkilər üçün zəruri olan siyasi fəaliyyət və ifadə azadlığını ciddi şəkildə məhdudlaşdırır. Belə şərtlər altında azad və demokratik seçkilərin keçirilməsi qeyri-mümkündür.
 
***
 
Hakimiyyətin öz siyasi rəqiblərinə qarşı heç bir hüquqi norma və əxlaq  qaydalarına sığmayan hərəkətləri seçkilərdə bərbər imkanlara əsaslanan rəqabət mühitinin olmasına, ədalətli mübarizəyə, cəmiyyətin seçim azadlığının təmin olunmasına imkan vermir. 2013-cü  ilin 9 oktyabrında  vətəndaş cəmiyyəti institutlarının, siyasi müxalifətin və müstəqil ictimai xadimlərin birləşərək yaratdıqları Milli Şuranın vahid namizədi seçkilərdə səslərin böyük əksəriyyətini toplasa da, nəticələr hakimiyyət tərəfindən total şəkildə  saxtalaşdırıldı. ATƏT DTİB-nin seçki ilə bağlı verdiyi yekun rəydə səsvermə məntəqələrinin 58%-də səslərin saxtalaşdırıldığı bildirilirdi. Seçkidəki bu uğursuzluqdan və beynəlxalq səviyyədə ifşa olunan saxtakarlıqdan sonra hakimiyyət onsuz da mövcud olmayan siyasi fəaliyyət azadlığını daha artıq boğmağa, rəqiblərinə qarşı daha qəddar davranmağa, onlardan mənəvi məğlubiyyətinin qisasını almağa başladı.
 
***
 
Seçkidə Milli Şuranın namizədi olmuş və faktiki olaraq səslərin əksəriyyətini qazanmış Cəmil Həsənlinin qızı qondarma ittihamla cinayət məsuliyyətinə cəlb edildi və 1 il 6 ay müddətinə məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkməyə məhkum edildi. Bu, bilavasitə Cəmil Həsənlidən siyasi mövqeyi və fəaliyyətinə görə qisas almaqdır. 
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvlərindən Leyla Yunus həyat yoldaşı Arif Yunusla birlikdə həbs olundu. Sifarişli məhkəmə hökmü ilə saxta ittihamlar üzrə ona 8 il 6 ay, həyat yoldaşına isə 7 il azadlıqdan məhrumetmə cəzası verildi. Səhhətlərində ciddi problem olan Yunuslarun həyatlarına həbsxana şəraitində faktiki ciddi təhlükə yaranıb.
Milli Şuranın Koordinasiya Mərkəzinin digər üzvləri Gültəkin Hacıbəyli və Eldəniz Quliyev qərəzli məhkəmə çəkişmələrinə cəlb olundular və barələrində ittiham hökmü çıxarıldı. Gültəkin Hacıbəylinin əmlakına həbs qoyuldu, barəsində çirkin şərləmə kampaniyası aparıldı. Eldəniz Quliyevi, ölkənin ən tanınmış ziyalılarından biri olduğunu nəzərə alınmadan utanmazcasına islah işlərinə cəlb etdilər.
Milli Şuranın Koordinasiya Mərkəzinin daha bir üzvü Oqtay Gülalıyevin övladı əsassız ittihamla cinayət məsuliyyətinə cəlb edildi. Onunla bağlı cinayət işi yalnız atasına təzyiq məqsədilə illərlərdir ki, uzadıldı. 
Bundan əlavə, Milli Şurada təmsil olunan və ölkənin əsas müxalifət partiyası hesab olunan AXCP-yə qarşı qəddar və zorakı təzyiqlər artmağa başladı. Milli Şuranın 2014-cü  ilin payızında “Siyasi məhbuslara azadlıq” tələbi ilə keçirilən etiraz aksiyasından sonra AXCP-nin 7 üzvü cinayət məsuliyyətinə cəlb edilərək uzun müddətə həbs olundu, 10 nəfər isə inzibati qaydada 20-30 günlüyə azadlıqdan məhrum edildi. 2014-cü ilin payızında AXCP-nin icarəyə götürdüyü qərargah hakimiyyət tərəfindən partladılaraq dağıldı. Bu, ata və oğul Əliyevlərin hakimiyyəti dövründə AXCP-nin zorakı yolla əlindən alınan sayca 7-ci qərargahı idi. Hazırda AXCP və Milli Şura qərargahsız fəaliyyət göstərməyə məcburdur və hakimiyyət orqanları vətəndaşlara hədə-qorxu  gələrək onların bu təşkilatlara icarəyə yer verməsinin qarşısını alır. Bundan əlavə, AXCP sədri Əli Kərimliyə  10 ildən artıqdır ki, ümumvətəndaşlıq pasportu verməkdən imtina olunur  və onun ölkədən çıxışına bu yolla qadağa qoyulub. Bununla bağlı Avropa Məhkəməsinin qərarı olsa da, bu günə qədər hakimiyyət qərarı yerinə yetirmir. AXCP sədrinə təzyiq məqsədi ilə onun yaxın qohumu Elnur Seyidov heç bir əsas olmadan saxta ittihamla 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
***
 
Siyasi rəqiblərə qarşı həyata keçirilən təzyiqlərlə bərabər, ölkədə siyasi fəaliyyət azadlıqları da ciddi şəkildə məhdudlaşdırılıb. Ölkə miqyasında sərbəst toplaşmaq azadlığı tam şəkildə məhdudlaşdırılıb, yalnız Bakı şəhərində yarımqapalı “Məhsul” stadionunda müxalifətin mitinqlər keçirməsinə imkan verilir. Orada mitinq keçiriləndə isə hakimiyyət  həmin istiqamətdə hərəkət edən ictimai nəqliyyat vasitələrinin  hərəkətini əvvəlcədən məhdudlaşdırır, mitinqə qatılmaq istəyənlərin qarşısında süni maneələr yaradır, mitinqə gələnləri polis nümayişkaranə şəkildə videolentə alır və sonra həmin görüntülər əsasında mitinqə gələn vətəndaşlara təzyiq göstərilir. Milli Şuranın 2015-ci ilin yazında keçirdiyi mitinqlər zamanı isə aksiyanın yeri və vaxtı təşkilatçılarla  razılaşdırılmadan icra hakimiyyəti tərəfindən birtərəfli qaydada müəyyən edildi və məqsədli şəkildə elə vaxt seçildi ki, insanlar mitinqə  kütləvi şəkildə gələ bilməsinlər.
 
Siyasi rəqiblərə  qarşı ölkə boyu repressiyaların həyata keçirildiyi, siyasi fəaliyyət imkanlarının zorakı üsullarla məhdudlaşdırıldığı və sərbəst toplaşmaq azadlığının faktiki qadağan olunduğu bir şəraitdə seçkiqabağı mühit minimum demokratik tələblərə belə cavab vermir və  belə bir şəraitdə azad və ədalətli seçkilər keçirmək mümkün deyil.
 
***
 
Seçkiqabağı mühiti nəzərdən keçirərkən müstəqil medianın üzləşdiyi acınacaqlı vəziyyət xüsusilə narahatlıq doğurur. Ölkədə olan TV-lər tamamilə hakimiyyətin nəzarəti altındadır. Mövcud TV-lərdən AZTV və  İTV birbaşa dövlətdən maliyyələşir, yerdə qalan 5 TV kanalı isə hakimiyyətlə bağlı oliqarxların hesab olunur. Bu TV-lər müxalifətin üzünə qapalıdır. Onlar yalnız müxalifətə qarşı hakimiyyətin repressiya siyasətini haqlı çıxaran, birtərəfli çıxışlara yer verirlər. Təcrübə göstərir ki, bu TV-lər seçki kampaniyaları zamanı müxalif namizədlərin efirə çıxış imkanlarını məhdudlaşdırmaq məqsədilə pullu çıxışlar üçün çox baha qiymətlər müəyyənləşdirirlər.
 
Çap mediası da bir istisna ilə hakimiyyətin total nəzarəti altındadır. Uzun illər ərzində müstəqil medianı sıradan çıxarmaq məqsədi ilə  həyata keçirilən təzyiqlər nəticəsində “Azadlıq” qəzetindən başqa bütün müstəqil mətbuat orqanları ya fəaliyyətini dayandırmağa məcbur olub, ya da hakimiyyətin nəzarətinə keçib. Bu gün dövlət başçısı İlham Əliyevi və hökuməti yalnız “Azadlıq  qəzetində tənqid etmək mümkündür.  “Azadlıq” qəzetini isə bağlamaq üçün hakimiyyət ən müxtəlif üsullara əl atır. Qəzetin baş redaktoru Qənimət Zahid 3 illik siyasi məhbus həyatından sonra ölkəni tərk edib, mühacir həyatı yaşamağa məcbur olub. Müxtəlif vaxtlarda “Azadlıq” qəzetinin  əməkdaşları peşə fəaliyyətlərinə görə hakimiyyət adamlarının hücumlarına məruz qalıb, iki əməkdaş müxtəlif vaxtlarda bıçaqlanaraq xəsarət alıb, həmçinin sifarişli məhkəmə hökmləri ilə qəzet vaxtaşırı böyük məbləğdə cərimələnib. Hakimiyyət  müstəqil medianı və müxalif  fikri boğmaq üçün “Azadlıq” qəzetinin Bakının mərkəzi hissəsində və metrostansiyada, eləcə də əllərdə satışına qadağa qoyub. Dövlətə aid olan ”Qasid” firması isə qəzeti iqtisadi təzyiq altında saxlamaq üçün  onun satışdan əldə olunan 70 min manatını ödəməkdən boyun qaçırır. “Azadlıq” qəzetinə reklam verilməsi hakimiyyət tərəfindən qadağan olunub və bu təzyiqlərin nəticəsidir ki, dəfələrlə bağlanmaq təhlükəsi olan qəzetin işçiləri aylarla əmək haqqı ala bilmirlər.
 
Son illər bir neçə cəsarətli jurnalist ölkədə informasiya azadlığını genişləndirmək üçün öz həyatlarını risk altında qoyaraq, çox böyük çətinliklər hesabına bəzi layihələr gerçəkləşdirə biliblər. “Azadlıq” qəzetinin mühacirətdə olan baş redaktoru Qənimət Zahid tərəfindən yaradılan və Türkiyədən yayımlanan, həftədə iki saat efirə çıxan “Azərbaycan Saatı” TV proqramının ölkədə olan əməkdaşlarının bəziləri həbs edilib. Bəziləri də mühacirətə getməyə məcbur olduğu üçün proqramın yaradıcı heyəti ancaq Avropa ölkələrində fəaliyyətlərini davam etdirə bilirlər. Bu yaxınlarda isə “Azərbaycan Saatı” TV proqramına görə  hakimiyyət təzyiq məqsədi ilə Qənimət Zahidin üç yaxın qohumu şərləyərək həbs edib.
 
Digər bir  müstəqil  media layihəsi “Meydan “ TV-nin bütün əməkdaşlarının ölkədən çıxışına qadağa qoyulub. Hakimiyyətin amansız təzyiqi nəticəsində “Meydan” TV-nin rəhbəri Emin Millinin 23 qohumu bəyanat imzalayaraq onunla qohumluqdan imtina etdiklərini bildiriblər.
 
4 ildən artıqdır FM tezliyindən məhrum edilərək, ölkədə yayımına imkan verilməyən “Azadlıq”, “Amerikanın səsi” və BBC radiostansiyalarının normal fəaliyyətinə qadağa  qoyulub.  Bu ilin əvvəlində isə “Azadlıq” radiosunun Bakıdakı ofisi zorakı yolla bağlanılıb və radonun əməkdaşı Xədicə İsmayıl qondarma ittihamla həbs edilib.
 
Media sahəsindəki bu acınacaqlı vəziyyət parlament seçkiləri ərəfəsində namizədlərin öz fikir və baxışlarını cəmiyyətə çatdırmasına maneə olmaqla bərabər, hər bir seçicinin obyektiv və fərqli informasiya almaq və seçim etmək imkanlarını da kobud şəkildə məhdudlaşdırır.  İnformasiya azadlığının repressiv metodlarla boğulduğu, 10-dan artıq jurnalistin peşə fəaliyyətinə görə həbsə atıldığı, təqib edildiyi bir vaxtda müstəqil və müxalif namizədlərin cəmiyyətlə ünsiyyət imkanları məhduddur və bu şəraitdə uğurlu seçki kampaniyası təşkil etmək real deyil.
 
***
 
Seçkiqabağı mühitin qeyri-demokratik xarakteri fundamental siyasi hüquqların, o cümlədən vətəndaş cəmiyyətinin fəaliyyətini tənzimləyən qanunvericilikdə ciddi reqressiv dəyişikliklər edilməklə, hüquqi çərçivənin xeyli dərəcədə məhdudlaşdırılması ilə də bağlıdır. Hazırda ölkədə müstəqil vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyəti iflic edilib və onların gələcək fəaliyyət imkanları qeyri-müəyyən vəziyyətə salınıb. Ölkənin tanınmış vətəndaş cəmiyyəti institutlarının bəzilərinin rəhbərləri həbs edilib, çoxunun bank hesabları dondurulub,  müstəqil QHT-lərin xarici donorlarla işləməsinin qarşısı kəsilib.
 
Eyni zamanda, xarici donorların  Azərbaycanda fəaliyyəti də. demək olar ki, qadağan edilib. Ölkədə xarici qeyri-hökumət təşkilatlarının nümayəndəliklərinə qarşı da əsassız cinayət işləri qaldırılıb. Nəticədə ölkədə demokratikləşməyə və vətəndaş cəmiyyətinin inkişafına çox mühüm dəstək verən ABŞ Beynəlxalq Əlaqələr Üzrə Milli Demokratiya İnstitutu, Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu (Soros Fondu), İREX Təşkilatı, “World Vision” təşkilatı, Fridrix Nauman Fondu və bu kimi başqa təşkilatlar ölkəni tərk ediblər.
 
Vətəndaş cəmiyyətinə qarşı həyata keçirilən repressiya siyasəti nəticəsində ölkədə müstəqil hüquq müdafiə institutu məhv edilib. Hakimiyyət hüquq müdafiəçilərinin bir hissəsini ələ alıb, digər hissəsi isə həbs edilib. Ona görə də hazırda bu sahədə fəaliyyət göstərən müstəqil və peşəkar hüquq  müdafiəçiləri qalmayıb. Eyni zamanda, siyasi məhbusların hüquqlarını müdafiə edən vəkillərə qarşı da geniş təzyiq kampaniyası aparılır. Müstəqil vəkillər Əlayif Həsənov, Namizəd Səfərov, Xalid Bağırov, Aslan İsmayılov, Elçin Namazov, Qurban Məmmədov və başqaları siyasi məhbusları müdafiə etdikləri üçün hakimiyyət tərəfindən cəzalandırılaraq Vəkillər Kollegiyasından xaric ediliblər. Ölkənin ən tanınmış hüquqşünasları Ənnağı Hacıbəyli, İntiqam Əliyev əsasız olaraq Vəkillər Kollegiyasına qəbul edilməyiblər. Bütün bunlar onu göstərir ki, hakimiyyət vəkilləri cəzalandırmaqla onları qorxutmağa, siyasi repressiyaların qurbanı olan rəqiblərini hüquqi cəhətdən müdafiəsiz  vəziyyətə salmağa çalışır.
 
***
 
Son illərin ağır siyasi təzyiqləri ölkədə müstəqil seçki müşahidə institutunu da sıradan çıxarıb. Azərbaycanda keçirilən seçkilərlə bağlı beynəlxalq  təşkilatlarla sıx əməkdaşlıq edən, hesabatları beynəlxalq  səviyyədə qəbul olunan, minlərlə könüllünü səfərbər etmək hesabına peşəkar seçki müşahidəsi təşkil edən SMDTİ-nin rəhbəri Anar Məmmədli 2013-cü ildə seçki  saxtakarlığını ifşa etdikləri üçün həbs olunub. Hazırda ölkədə peşəkar seçki müşahidə fəaliyyətini təşkil edəcək elə bir müstəqil və güvənilən qurum yoxdur.
 
Beləliklə, Azərbaycan hökuməti siyasi təqiblər və repressiyalarla azad və ədalətli seçkilərin keçirilməsində mühüm rol oynayacaq müstəqil vətəndaş cəmiyyəti institutlarını və beynəlxalq təşkilatları, media qurumlarını, habelə real siyasi alternativləri 1 noyabr 2015-ci il seçkilərindən kənarda qoyub. Bu da ümumilikdə 1 noyabr 2015-ci il seçkiləri üçün repressiv təqiblərlə susdurulmuş vətəndaş cəmiyyəti, böhranlı vəziyyət yaşayan barmaqla sayılacaq müstəqil media, həbslərə və təqiblərə məruz qalmış siyasi alternativlər və qorxudulmuş elektoratla müşayiət olunan siyasi şərait yaratmışdır.
 
II HÜQUQİ ÇƏRÇİVƏ
 
2003-cü ildə qəbul edilmiş Seçki Məcəlləsi müxalif siyasi partiyalar, insan hüquqları təşkilatları, o cümlədən seçkilər sahəsində fəaliyyət göstərən yerli və beynəlxalq qurumlar tərəfindən ciddi tənqidlərə məruz qalsa da, sonralar ona daha antidemokratik dəyişikliklər edildi. Bu dəyişikliklərlə seçkilərin ümumi müddəti 2 dəfə, seçkiqabağı təşviqatın müddəti isə 2,5 dəfə azaldıldı, ödənişsiz efir vaxtı və seçkiqabağı təşviqat imkanları məhdudlaşdırıldı, namizədlərin qeydiyyatının alternativi kimi seçki depoziti ləğv edildi, seçki şikayətlərinə baxılması prosesi və mexanizmləri, habelə səsvermə və seçkilərin nəticələrinin rəsmiləşdirilməsi pisləşdirildi.
 
Ölkədə seçkilərin monitorinqini həyata keçirmiş yerli və beynəlxalq təşkilatlar seçki qanunvericiliyinin və praktikasının təkmilləşdirilməsi ilə bağlı xeyli təkliflər irəli sürsə də, onların demək olar ki, heç biri nəzərə alınmayıb. Təkcə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu 2010-cu il Parlament seçkilərindən sonra 27,  2013-cü il Prezident seçkilərindən sonra isə 7-si prioritet olmaqla 24 təkliflə çıxış etmişdi. Lakin indiyədək bu təkliflərin heç biri icra olunmayıb. Halbuki, Azərbaycan ATƏT-ə üzv dövlət kimi götürdüyü öhdəliklərin, o cümlədən bu təkliflərin icrasını təmin etməli idi.
 
Bu mərhələdə Azərbaycandakı seçkilərlə bağlı Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qətnamələrində səsləndirilən tövsiyələr, AŞPA-nın Azərbaycan üzrə həmməruzəçilərinin və Venesiya Komissiyasının təklifləri istiqamətində də heç bir addım atılmayıb. Eyni vəziyyət Avropa İttifaqı Parlamentinin qətnamələrində və bu qurumun rəsmiləri tərəfindən səsləndirilən tövsiyələrlə bağlı da mövcuddur.
 
Beləliklə,  bu gün Azərbaycanın seçki qanunvericiliyində  azad və ədalətli seçkilərin keçirilməsi üçün ciddi maneələr yaradan aşağıdakı problemlər mövcuddur:
 
60 günlük seçki müddətinin çox az olması və buna müvafiq olaraq bütün seçki hərəkətləri üçün qısa müddətlərin olması;
Bütün səviyyəli seçki komissiyalarının formalaşdırılması prinsipinin hakimiyyətin iradəsinə uyğun olması və bu cür təşkil olunmuş seçki komissiyalarının hakimiyyətin tam nəzarətində olması;
Siyasi partiyalar və siyasi partiyaların blokları tərəfindən Parlament və Bələdiyyə seçkilərində namizədlərin irəli sürülməsi qaydalarının çətin və mürəkkəb olması;
Seçici imzalarının toplanması və yoxlanması qaydalarının şəffaf olmaması və kənar müdaxilələrə imkan yaratması, habelə imzaları yoxlayan işçi qrupunun müstəqilliyinə təminatın olmaması;
Namizədliyin qeydiyyatından əsassız imtinaya imkan verməyəcək hüquqi təminatların və qeydiyyatın alternativ variantının olmaması;
Seçkiqabağı təşviqat kampaniyası üzrə bütün seçkiqabağı təşviqat formaları üçün cəmi 21 gün müəyyən edilməsi, habelə ödənişsiz və ödənişli efir vaxtının xeyli az və məhdud olması;
Qeyri-hökumət təşkilatlarının özlərinin birbaşa təşəbbüsü ilə seçkilərin müşahidəsini aparmaq imkanlarının olmaması;
Şikayətləri araşdıran Ekspert Qruplarının seçki komissiyalarının tabeliyində olması və onun tərkibinin müstəqil olmayan şəxslərdən təşkil edilməsi;
Səsvermənin və seçkilərin nəticələrinin rəsmiləşdirilməsi proseslərinin şəffaflığına və kənar müdaxilə imkanlarına təminatların olmaması.
Beləliklə, əsasən Seçki Məcəlləsindən irəli gələn bu hüquqi problemlər seçkilərin qanuniliyi və ədalətliliyi üçün çox böyük problemlər yaradır.
 
***
 
Qeyd edək ki, seçki qanunvericiliyindən irəli gələn bu problemlər seçkiləri təşkil edən və həyata keçirən Mərkəzi Seçki Komissiyasının müvafiq təlimatlarında təsbit olunub. Eyni zamanda, MSK-nın bir sıra təlimatları hətta qanunda nəzərdə tutulmayan məhdudiyyətlər də müəyyən edir. Məsələn, MSK-nın “Exit-poll haqqında” təlimatında ilk dəfə “exit-poll” aparmaq istəyən təşkilatın seçkilərdə “exit-poll” aparmasına qadağa müəyyən edilib. Bununla yanaşı, “exit-poll” təşkilatının qeydiyyatı üçün qanunda nəzərdə tutulmayan sənədlər tələb olunur. Bundan başqa, MSK-nın namizədlərin qeydiyyatını tənzimləyən təlimatında namizədlərin qeydiyyatı üçün qanunda nəzərdə tutulan sənədlərdən əlavə sənədlər tələb olunur. Yaxud MSK-nın başqa bir təlimatında ödənişsiz efir vaxtının müddəti qanunla müəyyən edilən müddətin minimal həddində nəzərdə tutulur. Belə ki, qanunla bu müddət ən azı 3 saat müəyyən edilibsə, namizədlərin sayı xeyli çox olsa da, elə bu minimal hədd də götürülür. Eyni qayda ödənişli efir vaxtına da tətbiq edilir. Halbuki, Seçki Məcəlləsi namizədlərin çoxluğuna mütənasib olaraq efir vaxtının artırılmasını nəzərdə tutur.
 
Bütün bunlarla yanaşı, Avropa İnsan Hüquqları Məhkəməsi  Azərbaycanla bağlı indiyədək 23 seçki dairəsi üzrə seçki hüquqlarının pozulması barədə 17 qərar qəbul edib. Bu qərarların 14-ü 2005-ci il, 3-ü isə 2010-cu il Parlament seçkiləri ilə bağlıdır. Hazırda 2010-cu il Parlament seçkiləri ilə bağlı 35-dən artıq şikayət işi üzrə kommunikasiya mərhələsi bitib və bu işlər üzrə də qərarların qəbulu gözlənilir.
 
İndiyədək qəbul edilən qərarlarda Azərbaycanın seçki praktikasının təkmilləşdirilməsi ilə yanaşı, seçki qanunvericiliyində də müsbət istiqamətdə dəyişdiriləsi xeyli məsələlər vardır və bu məsələlər ümumən aşağıdakıları əhatə edir:
 
Seçki orqanlarının bitərəf və qərəzsiz fəaliyyəti;
Namizədlərin irəli sürülməsi və qeydiyyatı prosesinin təkmilləşdirilməsi;
Seçki şikayətlərinin araşdırılması mexanizmlərinin səmərəliliyinin artırılması;
Seçki komissiyaları və məhkəmələr tərəfindən seçki mübahisələrinin araşdırılması prosesində seçki sənədlərinin surətlərinin sübut vasitəsi kimi qəbulu;
Səsvermə və seçkilərin  nəticələrinin rəsmiləşdirilməsinə müdaxilə imkanlarının aradan qaldırılması.
Lakin Azərbaycan hökuməti seçki qanunvericiliyindəki bu problemlər barədə heç bir tədbir görməyib.
 
***
 
Beləliklə, Azərbaycan hökuməti əvvəlki  seçkilər kimi, 1 noyabr 2015-ci il seçkilərini də keyfiyyətsiz hüquqi baza ilə keçirmək siyasəti yeridir. Nəticə etibarı ilə 60 günlük seçki kampaniyası, hakimiyyətin tam nəzarətində olan seçki orqanları, namizədlərin irəli sürülməsinin mürəkkəb və problemli prosedurları, cəmi 21 günlük seçkiqabağı təşviqat kampaniyası, güvənilməz və səmərəsiz hüquqi müdafiə mexanizmləri, habelə idarəolunan səsvermə və seçkilərin nəticələrinin rəsmiləşdirilməsi prosesinə əsaslanan hüquqi baza bu seçkilər üçün də xarakterik olaraq qalmaqdadır.
 
Nəticə etibarı ilə onu da qeyd edək ki, 1 noyabr 2015-ci il seçkilərinədək ATƏT DTİHB-nın təklifləri və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarından irəli gələn öhdəliklər üzrə seçki qanunvericiliyində dəyişikliklər edilməzsə və bu seçkilərdə də eyni hüquqi problemlər təkrarlana bilərsə, onda ölkənin seçki qanunvericiliyi və seçki sistemi böhranlı elan edilə bilər.
 
***
 
Yuxarıda qeyd edilən problemlər onu göstərir ki, hazırda  ölkədəki seçkiqabağı mühit qeyri-demokratik, azad və ədalətli seçkilər keçirməyə imkan verməyən şərait kimi xarakterizə edilə bilər. Bütün bu problemlər qalacağı təqdirdə seçkinin nəticələri hakimiyyətin nəzarətində olan seçki komissiyalarından da əvvəl Prezident Adminstrasiyasında müəyyən olunacaq və belə bir şəraitdə Milli Şura nəticələri əvvəlcədən bəlli olan, xalqın deyil, hakimiyyətin siyasi iradəsini və marağını əks etdirən, tamaşa xarakterli seçkilərdə iştirak etmək niyyətində deyil. Milli Şura ölkədə demokratik dəyişikliklərin yolunun azad və ədalətli seçkilərdən keçdiyini qəbul edərək, 2015-ci il Parlament seçkilərində iştirak etməyin tərəfdardır. Ancaq hazırkı qeyri demokratik şərait Milli Şuranın bu seçkilərdə iştirakına imkan vermir. Ona görə də, hakimiyyətdən tələbimiz budur ki, seçkiqabağı mühitin demokratikləşməsi, seçki prosesinə cəmiyyətin və siyasi qüvvələrin inamının yaradılması, saxtalaşdırma prosesinin qarşısının alınması və xalqın iradəsinin seçki nəticələrində ifadə olunması üçün aşağıdakı addımlar atılsın:
 
Repressiyalar dayandırılsın, siyasi məhbuslar dərhal azad edilsin, siyasi rəqiblərə və fikir müxtəlifliyinə qarşı təqiblərə son qoyulsun.
Real müxalifət qüvvələrinin fəaliyyətinə yaradılan qanunsuz maneələr ardan qaldırılsın, siyasi hüquqların məhdudlaşdırılmasına son qoyulsun, sərbəst toplaşmaq azadlığı ölkənin bütün ərazisində təmin edilsin.
Müstəqil mətbuata qarşı təzyiqlər dayandırılsın, jurnalistlərin peşə fəaliyyətinə görə üzləşdikləri qanunsuzluqlara son qoyulsun, TV-lərdə azad debatlar üçün şərait yaradılsın, müxalif namizədlər  üçün ayrılmış pulsuz efir vaxtı artırılsın, namizədlər üçün Azərbaycan reallığına uyğun pullu efir vaxtı təmin edilsin.
Seçki Komissiyalarının tərkibi real müxalifətin iştirakı ilə yenidən formalaşdırılsın, namizədlərin qeydiyyatı proseduru sadələşdirilsin və bununla bağlı yaradılan süni əngəllər aradan qaldırılsın, depozitlə namizədliyin qeydə alınması təmin edilsin, müşahidəçilərin səslərin sayılması prosesində iştirakı və protokolların əsli ilə təmin edilməsi həll olunsun.

Google+ WhatsApp ok.ru