Müsavat başqanlığına professor xanım namizəd ola bilər

Müsavat başqanlığına namizədlərin təbliğat kampaniyası davam edir. Bu günə namizədlər partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, Divan üzvləri - Qubad İbadoğlu və Tural Abbaslı, keçmiş müşavir Səxavət Əlisoydur. Lakin rəsmi namizədliyini irəli sürən hələ ki T.Abbaslıdır.
 
 
Partiya funksionerləri isə kimi dəstəkləyəcəyini açıq şəkildə bəyan etməyiblər. Bəzi partiya üzvləri ayrı-ayrı çıxışlarında kimə dəstək verəcəklərinə eyham vursalar da, konkret ad çəkməyiblər. 
 
Müsavatın Divan üzvü, professor Almaz Əliqızı hesab edir ki, kimin qalib gəlməsindən asılı olmayaraq, namizədlərin hər biri partiya üçün çox iş görüblər. 
 
A.Əliqızı konkret ad çəkməsə də, qurultayın nəticələrini gözləməyin tərəfdarıdır: “Bu qurultay şansdan əlavə, yarış kimidir. Kim səs toplaya bilsə, qalib çıxacaq. Müsavat başqanı olacaq şəxs ilk növbədə müsavatçılıq ideologiyasına sədaqətli olmalı, partiyada əmin-amanlıq yaratmalıdır. Təşkilat içində müxtəlif düşüncəli, xarakterli insanlar toplaşıb. Hər biri sərbəst mülahizə yürüdə bilən insanlardır. Onları ayrı-ayrılıqda dinləmək bacarığı olan şəxs Müsavat başqanı olmalıdır”. 
 
Müsavat rəsmisi başqanlığa namizədliyini irəli sürməyi də istisna etmir: “Mənə rayon təşkilatlarından belə müraciətlər daxil olub. Onlar namizədliyimi irəli sürməyi təklif edirlər. Ancaq hələ belə bir qərarım yoxdur. Hər şey gedişatdan asılı olacaq. Bir gündə qərar dəyişə də bilər”. 
 
A.Əliqızı hər şeydən əvvəl qurultay üçün Müsavatın adına layiq bir yer ayrılmasını arzulayır: “Müsavat qocaman bir təşkilatdır. Bu partiyanın qurultayı təkcə müsavatçıların deyil, millətin bayramıdır. Azərbaycana ilk demokratiyanı gətirən təşkilatdır. Onun şan-şöhrəti var. Ona görə də normal bir yer ayrılmalıdır”.
 
Müsavatın sabiq deputatı, professor Nəsib Nəsibli qurultayla bağlı fikirlərini bölüşmək istəmədi. O, namizədliyini irəli sürmək arzusunda olmadığını qeyd etdi.

Google+ WhatsApp ok.ru