Novruz UNESCO-nun mədəni irs siyahısına salına bilər

Novruz bayramının UNESCO-nun mədəni irs siyahısına salınması təklif olunur. 
 
Bu barədə Qırğızıstanın Xarici İşlər Nazirliyinin informasiya, mətbuat və mədəniyyət idarəsi məlumat yayıb. 
 
Martın 16-da Qırğızıstan Respublikasının İran İslam Respublikasındakı səfiri Asanbek Osmonaliyev İranın Mədəni irs, xalq yaradıcılığı və turizm təşkilatının ofisində Qırğızıstan Respublikasının adından Novruz bayramnının UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınması ilə bağlı çoxmilli nominasiya imzalayıb. 
 
“Sənədi İran tərəfindən ölkənin Mədəni irs məsələləri üzrə təşkilatının rəhbəri Məhəmməd Həsən Talibian və digər rəsmi şəxslər imzalayıb. Nominasiya Novruzu milli bayram hesab edən ölkələr – Əfqanıstan, Azərbaycan, Hindistan, İraq, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistan tərəfindən təqdim olunur”, - Qırğızıstanın XİN-in məlumatında deyilir. 
 
Osmonaliyev qeyd edib ki, bu cür çoxmilli nominasiyanın irəli sürülməsi xalqlar arasında dost və mədəni əlaqələrin möhkəmlənməsinə töhvə verir və ölkələrin ümumi tarixini göstərir. 

Google+ WhatsApp ok.ru