Qərbin çağırışlarından sonra sanksiyalar gələcək

«Proses belə davam edəcəyi təqdirdə Azərbaycana qarşı beynəlxalq koalisiyanın genişlənməsi realdır»

Avropa Oyunları ərəfəsində Azərbaycan hakimiyyətinin ünvanına Avropa liderlərindən insan haqları, siyasi məhbus problemləri ilə bağlı çeşidli təkliflər gəlsə də, onların heç biri yerinə yetirilmədi. Əksinə, insan haqları sahəsində problemləri daha da qabardan hakimiyyət sona qədər dirəniş sərgiləyir. Və özünə qarşı olan kampaniyanı gah ABŞ, gah da Almaniyanın təşkilatçılığı ilə törədildiyinə iddia edir. Amma fakt faktlığında qalır.
 
Azərbaycana qarşı beynəlxalq təzyiqlər artmaqdadır və bu təzyiqlər hakimiyyətin düşündüyü kimi Avropa Oyunları bitdikdən sonra səngiməyəcək. Əksinə, daha da artacaq. Buna səbəb bu ilin parlament seçkiləri ili olmasıdır. Seçki ərəfəsində Azərbaycandakı problemlər bir daha gündəmə gələcək. Bu isə o deməkdir ki, təzyiqlər əvvəlki intensivlikdə davam edəcək və hətta onların daha da artması gözləniləndir.
 
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı "Azadlıq"a bildirib ki, hakimiyyətin beynəlxalq tələblərə məhəl qoymaması və repressiya siyasətini davam etdirməsi xarici siyasətdə ciddi böhran yaradıb. F.Qəhrəmanlının sözlərinə görə, artıq Qərblə Azərbaycan arasında nəinki soyuq münasibətlər yaranıb, bu əlaqələr açıq qarşıdurma səviyyəsinə keçib. Bu siyasətin davam etməsinin Azərbaycana qarşı qeyri-rəsmi beynəlxalq koalisiyanın yaranmasına səbəb olduğunu deyən F.Qəhrəmanlı bildirdi ki, faktiki olaraq dünya siyasətini müəyyənləşdirən böyük təşkilatlar, böyük dövlətlər arasında Azərbaycana qarşı koordinasiya olunmuş fəaliyyət hiss olunmaqdadır: “Bu onun nəticəsidir ki, Azərbaycan bu günə qədər ona ünvanlanan çağırışlara məhəl qoymadıqca, ölkəmizə münasibətdə loyal davranan ölkələr belə Azərbaycana qarşı kampaniyaya qoşulurlar. Bu artıq vəziyyətin kritik həddə çatdığını göstərir. Proses belə davam edəcəyi təqdirdə Azərbaycana qarşı beynəlxalq koalisiyanın genişlənməsi realdır. Eyni zamanda bu proses sonsuza qədər insan haqları və demokratiya ilə bağlı çağırışların səslənməsi ilə davam edə bilməz. Müəyyən mərhələdən sonra konkret təzyiq mexanizmlərinə əl atılmasına məcbur olunacaqdır. Çünki hakimiyyətin heç bir tələbi nəzərə almadan öz siyasətini davam etdirməsi, çağırışlara qarşı daha aqressiv mövqe sərgiləməsi Qərbin özü üçün narahatedici president yarada bilər. Belə təəssürat formalaşa bilər ki, Azərbaycan kimi kiçik ölkə bu cür saymazyana münasibət göstərir, Qərbin əsas dəyərlərinə qarşı açıq müharibə elan edirsə, o zaman bu digər zorakı rejimlər üçün də xoş olmayan president ola bilər”.
 
F.Qəhrəmanlı hesab edir ki, ona görə də hazırkı proseslər Azərbaycan hakimiyyətinin kaprizlərinin öhdəsinə buraxılmayacaq. “Gözlənilən prespektiv odur ki, Azərbaycana qarşı ciddi təzyiq mexanizmləri işə düşəcək. Qarşıdan parlament seçkiləri gəldiyinə görə rejimin mahiyyətinə uyğun olaraq baş verəcək seçki saxtakarlığı əvvəlkindən daha sərt olacaq. Əgər əvvəlki seçkilərdə ATƏT-in hesabatı əsasında saxtakarlıq faktı sadəcə olaraq qeyd olundusa, parlament seçkiləri üçün seçkilərin nəticələrinin birmənalı olaraq tanınmaması, hakimiyyətin legitimliyi məsələsi gündəmə gələ bilər. Bu da onunla nəticələnəcək ki, Azərbaycan beynəlxalq siyasətdə təcrid vəziyyətinə düşəcək. Eyni zamanda Azərbaycana qarşı həm də təzyiq mexanizmlərinin işə salınması gündəmə gələcək”, deyə F.Qəhrəmanlı vurğuladı.

Google+ WhatsApp ok.ru