Qubad İbadoğlunun hərəkatının ayrıca qərargahı olacaq

Səxavət Əlisoydan Müsavat rəhbərliyinə xəbərdarlıq: “10 gündür iş gedir, onlar görəcəklər ki, biz hansı üsulla yeni qurultay keçirməyi əldə edəcəyik”

Müsavat Partiyasının başqanlığına sabiq namizəd Qubad İbadoğlunun və daha 12 nəfərin elan etdiyi Azərbaycan Demokratiya və Rifah Hərəkatının ayrıca ofisi olacaq. Hərəkatın özünün ofisinin olacağı və orada fəaliyyət göstərəcəyi haqda məlumatı “Yeni Müsavat”a açıqlamasında qurumun təsisçilərindən biri, Müsavat Partiyasının sabiq üzvü Səxavət Əlisoy verib. Onun dediyinə görə, hərəkatın səmərəli fəaliyyət göstərməsi üçün gərəkən nə varsa, hamısı yerinə yetiriləcək. 

 
Səxavət Əlisoy təxminən bir ay öncə Müsavat Partiyasının sabiq Divan üzvü Adil Qeybulla ilə birlikdə yaratdıqları Siyasi Dialoq və İslahatlar Mərkəzinin də Azərbaycan Demokratiya və Rifah Hərəkatı ilə birləşəcəyini bildirdi: “Biz Azərbaycan Demokratiya və Rifah Hərəkatı ilə yüz faiz birləşəcəyik. Böyük ehtimalla təsis konfransında bu addım atılacaq”. 
Qeyd edək ki, Adil Qeybulla və Səxavət Əlisoy Siyasi Dialoq və İslahatlar Mərkəzi adlı yeni qurumu oktyabrın 16-da rəsmi elan ediblər. Mərkəzin sədri Adil Qeybulladır. Adıçəkilən müsavatçıların Müsavat Partiyasında qurultaydan sonrakı gərginliyin getdiyi bir vaxtda yeni təşkilat yaratmaları birmənalı qarşılanmamışdı. Mediada bu barədə xəbər “Arif Hacılıdan narazılar yeni təşkilat yaratdı” başlığı ilə getmişdi. Adil Qeybulla isə bəyan etmişdi ki, yaratdıqları mərkəzin Arif Hacılıya qarşı və ya Müsavata alternativ olduğu iddiaları doğru deyil: “Yaratdığımız mərkəzin Müsavat Partiyasına aidiyyəti yoxdur. Yaratdığımız mərkəz Müsavata alternativ ola bilməz. Çünki Müsavat siyasi partiyadır, mərkəz isə QHT-dir. Mən Müsavat Partiyasında qalaraq bu mərkəzdə fəaliyyət göstərəcəyəm. Bizim təşkilatı ”Arif Hacılıya asi olanlar" kimi təqdim ediblər. Amma qətiyyən belə deyil".
 
Sabiq Müsavat üzvü Səxavət Əlisoy “Yeni Müsavat”a açıqlamasında narazıların Müsavat Partiyasında növbədənkənar qurultay keçirməyə çalışdıqları və buna partiya rəhbərliyinin reaksiyasına da münasibət bildirdi.
 
“Müsavat Partiyasının başqanı və müavinləri bildiriblər ki, nizamnaməyə görə növbədənkənar qurultayın keçirilməsi üçün azı 14 rayon, şəhər təşkilatının rəsmi qərarı, yaxud 40-dan artıq Məclis üzvünün müraciəti və ya Müsavat Partiyası başqanının müraciəti tələb olunur. Əgər bunlardan biri olarsa, onda bu məsələ Məclisin gündəliyinə salına bilər. Sonda isə Məclis növbədənkənar qurultayın keçirilməsi üçün qərar qəbul etməlidir. Narazıların isə buna nail olmaq imkanları yoxdur". "Narazılar bu prosedurları reallaşdırmaq imkanı varmı” sualına Səxavət Əlisoy belə cavab verdi: “Mənim üçün maraqlı deyil ki, Arif Hacılı və Elman Fəttah nə deyir. Növbədənkənar qurultay keçirilməsi ilə əlaqədar kimin nə deməsindən asılı olmayaraq biz işə başlamışıq. 10 gündür bu istiqamətdə iş gedir, onlar görəcəklər ki, biz hansı üsulla yeni qurultay keçirməyi əldə edəcəyik və onu keçirəcəyik. Odur ki, çox darıxmasınlar və gedib nizamnaməni açıb diqqətlə oxusunlar. Biləcəklər ki, bunların hamısı nə deməkdir. Yekə-yekə danışmaqlarını da yerə qoysunlar”. 
 
Narazılardan olan Vurğun Əyyub isə Müsavatdan kənarda yaradılmış yeni hərəkatda təmsil olunduğu üçün Müsavatdan çıxarıla biləcəyi haqda yayılan xəbərə münasibət bildirib. Report.az-a açıqlamasında V.Əyyub deyib ki, yaradılacaq Azərbaycan Demokratiya və Rifah Hərəkatının bəyannamə layihəsində göstərilib ki, istənilən partiya üzvü və müstəqil şəxs bu hərəkata qoşula bilər. Bu da o deməkdir ki, hərəkat siyasi deyil: “Müsavat Partiyasının Nizamnaməsi isə üzvlərinə iki siyasi təşkilatda olmağı qadağan edir. Müsavat Partiyasından harasa getmək niyyətim yoxdur, partiyada da, hərəkatda da fəaliyyətim davam edəcək. Haqqımda kiminsə nə deməsi məni qətiyyən maraqlandırmır. Partiyanın indiki rəhbərliyini qeyri-legitim hesab edirəm. Qurultayda sərbəst Məclis üzvü seçilməyimə baxmayaraq, özümü Məclis üzvü hesab etmirəm. Digər seçilənlər də legitim deyil. Ona görə də onların atacaqları hansısa addım məni qətiyyən narahat etmir. Müsavat Partiyası barmaqla idarə edilən partiya deyil”.

Google+ WhatsApp ok.ru