Rəsmi Bakı Ukrayna səfirinə cavab verdi

Azərbaycan Respublikası beynəlxalq hüquq və BMT Nizamnaməsi əsasında Ukraynanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətlə yanaşır. Dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin zor yolu ilə dəyişdirilməsi cəhdləri qəbuledilməzdir.
 
Maide.az xəbər verir ki, bu fikirləri Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ukraynanın ölkəmizdəki səfiri Aleksandr Mişenkonun söylədiyi fikirlərlə əlaqədar AzərTAc-a bildirib.
 
Hikmət Hacıyev deyib ki, Azərbaycan Respublikası tərəfindən BMT Baş Assambleyasının 68-ci sessiyası çərçivəsində “Ukraynanın ərazi bütövlüyü” adlı 68/268 saylı 2014-cü il 27 mart tarixli qətnamə dəstəklənib.
 
"Avropa Şurası Parlament Assambleyasının 2015-ci il yanvarın 26-30-da keçirilmiş sessiyasında Rusiya Federasiyası nümayəndə heyəti ilə əlaqədar məsələyə gəldikdə isə Azərbaycan Respublikasının xarici işlər naziri Avropa Şurası Nazirlər Komitəsinin sədri statusunda AŞPA-da etdiyi çıxışlarında və Nazirlər Komitəsinin iclaslarında Azərbaycanın Avropa Şurasında ikili standartlar və üzv dövlətlərə qarşı seçimli yanaşmanın tətbiq edilməsinin əleyhinə olduğunu bildirib. 
 
Eyni zamanda, Avropa Şurasının əsaslandığı dəyərlər və beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozan Ermənistana qarşı sanksiyaların tətbiq olunması barədə dəfələrlə məsələ qaldırıb. Bu kimi məsələlərdə Avropa Şurası beynəlxalq hüququn aliliyi prinsipi əsasında vahid yanaşmadan çıxış etməlidir", - deyə Hikmət Hacıyev bildirib. 

Google+ WhatsApp ok.ru