YALANÇI ÖZÜNÜ NECƏ RÜSVAY EDİR?

YALANÇI ÖZÜNÜ NECƏ RÜSVAY EDİR?

Ərəbcə yalan danışan şəxsə “kazib“, çox yalan danışan və yalan danışmağa adət edən şəxsə isə “kəzzab“ deyilir. Demək, kəzzab sözü kazib sözünün mübaliğə formasıdır.

Bir nəfər İslam Peyğəmbərinin (s) altıncı haqq xəlifəsi İmam Cəfər Sadiqin (ə) hüzuruna gəlib, “Yalan danışan adama “kəzzab“mı deyirlər?“ – deyə soruşduqda, İmam (ə) buyurdu:

لَا... وَ لَكِنَّ الْمَطْبُوعَ عَلَى الْكَذِبِ

“Xeyr, o şəxsə kəzzab – çox yalan danışan deyilər ki, təbiəti yalanla qarışsın, yalan danışmağa adət etsin“. (“Üsuli-kafi“, 4-cü cild, səh.37, hədis 12).

Narkotik maddələrin qəbuluna adət edənlər işin başlanğıcında başqalarından xəcalət çəkdiyi üçün onları gizli şəkildə qəbul edir, amma onlara adət etdikdən sonra qorxusu olmadığı zaman heç kimdən çəkinmədən, başqalarının gözləri önündə onları qəbul edirlər.

Yalançı da belədir. O, işin başlanğıcında yalan danışdıqda xəcalət çəkir və beləcə, yalan danışdığı hamıya məlum olur. Lakin ona adət etdiyi zaman xəcaləti aradan qalxır, hətta yalanına şahid belə gətirir, bir halda ki, gətirdiyi şahidin də yalan olduğunu özü yaxşı bilir. Bu sayaq yalançıların sayı az deyildir.

“Kazib“ – arabir yalan danışan şəxs yalan danışdıqda peşman olur, hətta yalan danışdığı zaman əsəbləri pozulur, narahat olur, onun gözündən, üzünün rəngindən və səsinin titrəyişindən yalanı bəlli olur. Lakin “kəzzab“ – çox yalan danışan şəxs yalanlarından əsla peşman olmur, əsəbləri pozulmur, gözündən, üzünün rəngindən və səsinin titrəyişindən yalanlarını ayırd etmək olmur. Çünki yalanlarını çox rahat və təbii şəkildə cilvələndirir, hətta sözlərinin doğruluğunu isbat etmək üçün and içir. O, batil təsəvvürlərinə qapılaraq yalan danışmağı sevilmək, uğur, müvəffəqiyyət rəmzi, zirəklik və zəkalılıq nişanəsi hesab edir.

İmam Cəfər Sadiq (ə) buyurur:

إِنَّ مِمَّا أَعَانَ اللَّهُ بِهِ عَلَى الْكَذَّابِينَ النِّسْيَانَ

“Unutqanlıq, çox yalan danışan insanların rüsvay olması üçün Allahın yardım etdiyi işlərdəndir“. (“Kafi“, 2-ci cild, səh.341).

Yalan danışmağa adət edən şəxs danışdığı yalanı həqiqət və gerçəkdən uzaq olduğu üçün tez bir zamanda unudur. Çünki həqiqət və gerçək olmayan şey davam tapa bilməz, eynilə ilğım tək görünüb aldadıcı olsa da, az sonra itəcək, həqiqətin üstü açılacaq.

O, növbəti məclisdə həmin mövzu barəsində ikili danışdıqda, yalanının üstünü elə özü açacaq, yalançı olduğu hamıya aydın olacaq. Belə bir şəxsin sözünün dəyəri olmaz, heç kim ona etimad göstərməz, hətta böyük vəzifə sahibi olsa da belə!

Görəsən, belələri hidayət ola bilərmi?

Qurani-Kərimin bu suala cavabı belədir:

إِنَّ اللَّهَ لا يَهْدِي مَنْ هُوَ مُسْرِفٌ كَذَّابٌ

“Şübhəsiz ki, Allah həddi aşanı, yalançını hidayət etməz“. (“Qafir“ surəsi, ayə 28).

Rza Şükürlü (Maide.az)

Google+ WhatsApp ok.ru