YAP-da namizəd savaşı şiddətlənir

Hakim partiyanın iki siyahısı var; hansı qruplaşma üstün gələcək?

Hakim Yeni Azərbaycan Partiyasında (YAP) qarşıdan gələn parlament seçkilərilə bağlı namizəd savaşı daha da şiddətli xarakter almağa başlayıb. YAP-dakı mənbələrin "Azadlıq"a verdiyi bilgiyə görə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə YAP-ın icra katibi, baş nazirin müavini Əli Əhmədovun hərəsinin öz siyahısı var. Məlumat üçün deyək ki, Əli Əhmədov artıq YAP-da Paşayevlər qruplaşmasının sözçüsü kimi tanınır və qəbul edilir.
 
Onun hazırladığı siyahıda da daha çox bu qruplaşmaya yaxın şəxslərin adı salınıb. Ramiz Mehdiyevin siyahısında isə əksinə, Naxçıvan qruplaşmasına daxil olan şəxslərin adı əks olunub. Ramiz Mehdiyev hazırda deputat olan və Paşayevlərə yaxınlığı ilə seçilən bəzi YAP-çıların üzərindən xətt çəkib. Məlumatda bildirilir ki, siyahılardan hansısa üstünlük veriləcəyi hələ bəlli deyil. Bu birinci şəxsin kimə daha çox “stavka” etməsindən asılı olacaq. Ilham Əliyev isə hələ qərarını açıqlamayıb. Lakin ehtimal olunur ki, bu dəfə Paşayevlər qalib gələ bilər. Çünki Ramiz Mehdiyevin səhhətində yaranmış problemlərdən sonra Naxçıvan qruplaşmasında tərəddüdlər yarandı. Bu isə qruplaşmanın laxlamasına, bəzi şəxslərdən Paşayevlərin tərəfinə keçməsinə səbəb oldu. Ramiz Mehdiyev də bunun fərqində olduğundan ölkə başçısının qızı Leyla Əliyevanın namizədlik məsələsi ortaya atılmışdı. “Azadlıq” hələ o zaman yazmışdı ki, əslində bu, Naxçıvan qruplaşmasının Paşayevlərə jesti kimi qiymətləndirilməlidir. Zəifləmiş Naxçıvan qruplaşması parlament seçkilərində Paşayevlərin hücumlarına hədəf olmamaq üçün Leyla Əliyevanın namizədliyi ilə bir növ rəqibinə jest edib. Lakin Heydər Əliyev Fondundan bu məsələyə sərt reaksiya gəldi və bəlli oldu ki, Paşayevlər hər hansı jest qəbul etmək niyyətində deyillər.

Google+ WhatsApp ok.ru