ÖZÜNÜ MƏLƏYƏ OXŞADANLARIN BAYRAMI

İnsanı rahatlıq dalınca çəkən nəfsin vay günləri oldu Ramazan. Bir saat qidasız dayana bilməyənlər sübh azanına qalmış nəfs közünü şeytanın gözündə söndürdülər.

Bir ömür Allahdan uzaq gəzənlər bu ayda özünə hakim oldu, səma əmrini yerinə yetirdi. Ayda ərşin köməyinə bax!11 ay nəfsin cilovunu çəkib-buraxanlar düz bir ay onu şahə qaldırdılar. Həm şirin, həm də acı olur Ramazanın sonu. Şeytan üzərində qələbəni qeyd etmək çox şirindir.

Amma nəfsin qəfəsdən buraxılması barədə düşündükdə qorxmaya bilmirsən. Bir ay dizin sinəsində qalmış biri ayağa qalxır! Qalxır, nə qalxır! Qalxır ki, bir ayda qazandığını bir anda əlindən alsın. Qalxır ki, dizini sinənə qoyub, beyət istəsin.

Ramazanı başa vurub özünü boş buraxmayın. Oğru cibində bir şey olanı güdür. Könlün Ramazan qazancı ilə dolu. Yol verməyin o lənətə gəlmişə! Gəlib ki, aparsın! Gəlib ki, öz gününə salsın səni. Ramazanın səhəri üçün sənə tor qurub. Gözünə, dilinə, qulağına, əl-ayağına, könlünə naməhrəm gətirib.

Pürrəngi çay, yanında da xurma! Bir ay bu ruhiyyədə qaldın. Süfrən haram görmədi. Məbada, Ramazan keçdi deyib, ruhiyyəni dəyişəsən. Axı əcəl saatını nə mən bilirəm, nə də sən. Qapıda səs var... Yoxsa aparmağa gəlib? Kim bilir ki! Qoy gəlsin. Süfrədəki çayı, xurmanı görüb salam verəsidi.

FİTR BAYRAMI

Bayramın iyi gəlir. Bu bayram orucluq bayramı yəni Fitr bayramıdır.  Bu bayramda insanın qəlbi iki yol ayrılığında qalır. Biri bayramın gəlişi digəri mübarək Ramazan ayının yəni Allah qonaqlığının getdiyi bir bayramdır bu bayram. Möminlər bu bayramda həm sevinir həm qəmlənir. Allahın ziyafətinin başa çatmasından ötrü qəmlənirlər möminlər. Fitr bayramının özəlliklərindən biri də budur ki, bu bayram digər bayramlardan fərqli olaraq insanları paklayır çünki Ramazanın pak dəryasında bir ay oruc tutan möminlər təmizlənərək saflaşır və fitrə zəkatı verməklə nəfslərini təzkiyə edir. Bir sözlə Fitr bayramı pak fitrətə dönüş və yenidən saflaşmağın təcəssümüdür.

İmam Əli (ə) Fitr bayramlarının birində buyurmuşdur: Bu (Fitr) günahları Allah tərəfindən bağışlanmış şəxslərin bayramıdır. (Biharül-Ənvar, 40 c., 73 hədis). Digər yerdə Həzrət (ə) buyurmuşdur: Bu gün yalnız orucları Allah tərəfindən qəbul olmuş şəxslərin bayramıdır.

Mövla Əmirəl-möminin Əli (ə) Fitr xütbəsində bu günün əhəmiyyəti haqda buyurur: 

Ey camaat! Bu gün elə bir gündür ki, yaxşı əməl sahibləri muzdlarını alar və pis əməl sahibləri isə zərər çəkərlər. Bu gün qiyamət gününə çox oxşardır. Elə isə evlərinizdən çıxıb bayram namazı qılınan tərəfə getməyinizlə qəbirlərdən qalxıb Allah tərəfinə yollanacağınızı xatırlayın. Namaza durduğunuz halda Allah qarşısında duracağınızı xatırlayın. Evlərinizə qayıdarkən Allah hüzurundan cənnətdəki mənzillərinizə dönəcəyinizi yada salın. Ey Allah bəndələri! Oruc tutanların ən az qisməti budur ki, Ramazan ayının sonuncu günü bir mələk səslənib deyər: Sevinin ey Allah bəndələri! Allah sizin keçmiş günahlarınızı bağışlayıb, indi isə diqqət edin gələn günləri necə (günah batmadan) keçirəcəksiniz.

Bütün əhəmiyyətli günlərin özünə məxsus adət-ənənələri vardır. Fitr və Qurban bayramları üçün qüsl etmək, ətirlənmək və yeni paltarlar geyinməkdən əlavə rəvayətdə nəql olmuşdur ki, bayramlarınızı “la ilahə illəllah”, “Əlhəmdu lillah”, “Subhanəllah” və “Allahu Əkbər” deməklə bəzəyin.

Şəvval ayının 1-də bayram edilir. Bayram günü həddi-büluğa çatmış hər bir imkanlı müsəlman özü üçün və himayəsində olan hər bir şəxs üçün təqribən 3 kq buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalı və s. kimi o məntəqənin yemək növlərindən sayılan qidalardan müstəhəqqə verməlidir. Əgər bunlardan hər hansının pulunu versə, kifayətdir.  Yaxşı olar ki, bu fitrə həmin gecə kasıblara paylansın. Əgər o axşam mümkün deyilsə, sabahı gün və ya başqa günlərin birində fəqir-füqəraya çatdırılsın. 

Maide.az saytının əməkdaşları qarşıdan gələn Fitr bayramı münasibətilə siz əziz möminləri təbrik edir. 

Diqqət: Bu il Fitr bayramı çox ehtimalla 18 iyula təsadüf edir. /

 

Google+ WhatsApp ok.ru