200 milyon manatlıq ipoteka nağılı

Bu məbləğ daşınmaz əmlak bazarını böhrandan xilas edəcəkmi?

Bəlli olduğu kimi, prezident İlham Əliyev Nazirlər Kabinetinin iyulun 13-də keçirilən iclasında ipoteka kreditləri üçün dövlət büdcəsindən 200 milyon manat vəsait ayrılması barədə göstəriş verib. Dövlət başçısı 2015-ci ilin sonuna qədər bu məqsədlə dövlət büdcəsindən əlavə vəsait ayrılmasını deyərək ipotekaya dövlət büdcəsindən ən azı 200 milyon manat, bəlkə də çox vəsait verilməli olduğunu söyləyib. Milli Məclisin deputatı Vahid Əhmədov isə məsələni  şərh edərkən Mərkəzi Bank tərəfindən ipoteka krediti məbləğinin yuxarı qaldırılması, ilkin ödənişin ləğvi, illik faizlərin aşağı salınması kimi məsələlərə baxıldığını bildirib. Bəzi məlumatlara görə isə ipoteka vəsaitlərinin gələn ildən veriləcəyi bildirilib.
 
Qeyd edək ki, ipoteka üçün ayrılan vəsait daşınmaz əmlak bazarının dirçəldilməsi, bazara süni nəfəs verməklə bağlıdır. Ötən ildən başlayaraq mənzil bazarındakı real vəziyyət, tikinti işinin dayanması bu məsələni yenidən aktual edir. Yeri gəlmişkən, hökumət iqtisadi böhranla bağlı bir çox layihələri dayandırıb. Eləcə də, “Sovetski” layihəsiylə də mənzil və tikinti  bazarını dirçəltmək ümidləri çox davam etməyib. Çoxlarının arzusuna rəğmən, həmin layihə hələ ki dayandırılıb. Qeyd edilənləri analiz edərkən, hazırkı vəziyyətdə ipoteka kreditinin məbləğini artırmaq mümkün olarmı?
 
Ekspertlər hesab edir ki, ipoteka kreditləşməsinə əlavə olaraq 200 milyon manat ayrılması mövcud şəraitdə real görünmür. Bunu sadəcə olaraq kağız üzərində qalacaq bir vəd hesab edən ekspertlərə görə, buna da səbəb  dövlət büdcəsinin imkanlarının getdikcə məhdudlaşmasıdır:
 
“Dövlət büdcəsinin imkanları o həddə gəlib ki, hətta büdcə hesabına inşa edilən metronun ”Avtovağzal" stansiyasının tikintisi cəmi 30 milyon manata görə qeyri-müəyyən müddətə təxirə salınıb. Belə bir vəziyyətdə ipoteka kreditləşməsinə  200 milyon manatın ayrılması real deyil. Hətta nəzəri baxımdan götürsək və bu pullar ayrılsa belə, həmin 200 milyon vəsait daşınmaz əmlak bazarını böhrandan xilas etmək iqtidarında deyil".(Azadlıq)

Google+ WhatsApp ok.ru