Ekspert: Koronavirus Azərbaycan iqtisadiyyatının zəif tərəflərini üzə çıxarır

Ekspert: Koronavirus Azərbaycan iqtisadiyyatının zəif tərəflərini üzə çıxarır

İqtisadçı Qubad İbadoğlu deyir ki, Koronavirus Azərbaycan iqtisadiyyatının zəif tərəflərini üzə çıxarır. Onların birinə toxunmaq istəyirəm.
 
Pandemiyaya görə işsizlərə və işi dayanan şəxslərə verilən 190 manat birdəfəlik ödəmə zamanı bəlli oldu ki, çoxlarının, xüsusilə də kasıb təbəqənin banklarda hesabları yoxdur. 2017-ci ilə aid beynəlxalq hesabatda (Global Findex) göstərilir ki, azərbaycanlıların 29 faizinin, ermənilərin 48 faizinin, gürcülərin 61 faizinin bank hesablarına çıxışı var. İnkişaf etmiş ölkələrdə müvafiq göstərici 67 faizdir.
 
Azərbaycanda əhali əsasən nağd əməliyyatlara üstünlük verir. Ölkədə koronavirusun sürətlə yayılmasının bir səbəbi də tədavüldə nağd pul kütləsinin çoxluğudur. Dükan-bazarda, kafe-restoranda pulun əldən ələ keçməsi virusun kütləviləşməsini şərtləndirir. Bir sözlə, Azərbaycanda nağd manat virus daşıyıcına çevrilib.
 
Mərkəzi Bankın açıqlamalarına görə, bu il mayın 1-nə dövriyyədə olan nağd pul kütləsinin pul bazasına nisbəti 80,5 faiz təşkil edib. Həmin tarixə banklardan kənarda nağd pul kütləsi 8,7 milyard manat olub, bu da ötən ilin eyni dövrü və əvvəlki ayla müqayisədə artım deməkdir.
 
Dünyada nəinki nağdsız, hətta mobil ödənişlərin geniş vüsət aldığı indiki dövrdə Azərbaycanda nağd pula sevgi həm də bank idarəçiliyinin pis təşkilinin göstəricisidir. Mövcud vəziyyətin yaranmasında bank sisteminə və iqtisadiyyata rəhbərlik edənlər də məsuliyyət daşıyırlar. Çünki banklardan kənarda nağd pul dövriyyəsinin yüksək olması həm də gizli iqtisadiyyatın miqyasının genişliyi ilə əlaqədardır. On illərdir ki, gizli iqtisadiyyat havadarları dövriyyədə nağd pulun azalmasında maraqlı olmayıblar.
 
Hazırkı durumu nəzərə alaraq bunları məsləhət bilirəm: Mərkəzi Bank nağd pulların dezinfeksiyasını aparsın; istehlakçılar alış-veriş yerlərində, kafe və restoranlarda geri aldıqları nağd pul kütləsini xüsusi sellofan paketlərdə və ya portmanatlarda saxlasın; imkanı olanlar ödənişlərini nağd manatla deyil, POS-terminallar vasitəsilə, mobil bankçılıqdan istifadə etməklə internet üzərindən həyata keçirsin. 
 
Maide.Az 
 

Google+ WhatsApp ok.ru