Əhalinin gəliri inflyasiyanı üstələyibmi?

Əhalinin gəliri inflyasiyanı üstələyibmi?

İlin ikinci yarısında da koronvirus pandemiyasının davam etməsi əhalinin sosial- iqtisadi vəziyyətini yenidən gündəmə gətirib. Son bir ildə qiymət artımı necə olub və əhalinin gəliri inflyasiyanı üstələyibmi sualı aktuallıq kəsb edib.
 
Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Tahir Mirkişili bu ilin 8 ayının sosial-iqtisadi göstəricilərini Dövlət Statistika Komitəsinin dərc etdiyini xatırladaraq bildirib ki, gözlənildiyi kimi pandemiya şəraiti və dünya bazarında baş verən böhran Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib:
 
“Azərbaycan regionda iqtisadiyyatı ən az azalan ölkələrdən biridir” “ Göstərilən səbəblərdən Ümumi Daxili Məhsul 3 faiz azaldı. Bu, əvvəlcədən proqnozlaşdırılan göstəriciydi. Çünki indiki halda dövlətin qarşısında dayanan əsas məsələ azalmanın miqyasını nəzarətdə saxlamaq və bunun insanlara dəyə biləcək zərərini minimuma endirməkdir. O səbəbdən yanaşdıqda, Azərbaycan regionda iqtisadiyyatı ən az azalan ölkələrdən biridir. Deməli, proses dövlət tərəfindən idarə olunandır.”
 
“Əhalinin nominal gəlirləri 0.1 faiz artsa da…”
 
O, iqtisadi azalmanın əhalinin sosial vəziyyətinə təsir etdiyini inkar etmir:
 
“Bir tərəfdən baxdıqda bu ilin 8 ayı ərzində əhalinin nominal gəlirləri 0.1 faiz artsa da, amma inflyasiyanın 2.9 faiz olması o deməkdir ki, əhalinin sosial durumuna mənfi təsir etməyə başlayıb. Bu mənzərəni kompensasiya etmək üçün dövlətin çoxçeşidli proqramları işə düşüb. Yəni il ərazində dövlət 5 milyondan çox insanı əhatə edən sosial dəstək proqramı həyata keçirib. Bu baxımdan sosial iş yerlərinin açılması, işsiz qalan, yaxud pandemiyanın təsir etdiyi insanlara birdəfəlik sosial ödənişlərin edilməsi.”
 
Deputatın fikrincə, işçilərin ixtisar olunmasının qarşısını almaq üçün sahibkarlara dəstək proqramı da pandemiyanın zərərinin minimuma endirilməsinə təsir göstərib.O qeyd edib ki, verilən proqnozlara görə, ilin sonuna qədər iqtisadi azalmanın bir az da artacağı gözlənilir:
 
“…Proqnoz vermək çox çətindir”
 
“Nəzərə alsaq ki, indiki halda pandemiyanın qurtama müddəti və ya onun tətbiqinin nə qədər davam edəcəyi bəlli olmadığından proqnoz vermək çox çətindir. İndiki halda Azərbaycanın büdcə öhdəliklərinin yerinə yetirlməsi ilə bağlı proqnozların müsbət olması və həm də ehtiyatlarımızdan istifadə etməklə həm iqtisadi aktivliyi daha da artırmaq, həm də əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırmaq üçün yeni dəstək mexanizmləri hazırlanır. Düşünürəm ki, ilin sonuna qədər bunlar tətbiq olunacaq”.
 
“Təəssüf ki, illər boyu neft gəlirlərinə arxayınlaşaraq…”
 
İqtisadçı, keçmiş deputat Nazim Bəydəmirli isə Azadlıq Radiosuna mövzu ilə bağlı açıqlamasında təəssüflənib ki, Azərbaycanda rəsmi statistika məlumatları ilə əhalinin gördüyü arasında kifayət qədər fərq olur, ən azı üç dəfə:
 
“Ona görə həmişə özüm də monitorinq aparıram, mağzalarda qiymətlərə baxdıqda mənzərənin heç də yaxşı olmadığını görmək olur”.
 
Nazim Bəydəmirli deyib ki, payız aylarında meyvə-tərəvəzin qiymətləri aşağı düşməliydi:
 
“Ancaq əksini müşahidə edirik. Əsas odur ki, pandemiya dövründə müxtəlif ölkələr özlərinin ərzaq balansını qorumaq üçün müəyyən məhsullar üçün ixraca qadağa, yaxud məhdudlaşdırma qoya bilərlər. Bu, normal qaydadır. Azərbaycan da idxaldan asılı olduğundan çox ciddi şəkildə düşünməlidir ki, ərzaq təhlükəsizliyini təmin etsin. Hələ kifayət qədər görüləsi işlər var. Təəssüf ki, illər boyu neft gəlirlərinə arxayınlaşaraq real addımlar atılmadı, inhisarlaşmanın qarşısı alınmadı.”
 
“Bazar instrumentləri işlənsə, inflyasiyadan qorxmaq lazım deyil ”
 
İqtisadçının vurğulamasına görə, ölkə başçısı da qeyd edib ki, dövlət hesabına maliyyələşən SOCAR və digər şirkətlərin dövlət büdcəsinin formalaşmasında vergi ödəyicisi kimi rolu yoxdur:
 
“ Ona görə də kreditlərin əhəmiyyətli hissəsi büdcədən ayrılır”. Nazim Bəydəmirlinin sözlərinə görə, ümumi iqtisadiyyatda olan problemlər yalnız inflyasiya ilə bağlı deyil:
 
“Təbii ki, inflyasiya göstəricisi, qiymət artımı insanların real gəlirlərini azaldır. Ümumilikdə iqtisadiyyatda inflyasiya olmalıdır, amma idarə olunan inflyasiya olmalı və bu, iqtisadi rəqabətliliyi artırır. Bazar instrumentləri işlənsə, inflyasiyadan qorxmaq lazım deyil, bu, iqtisadi stimuldur”. /azadliq.org /
 

Google+ WhatsApp ok.ru