İqtisadçıdan böhran xəbərdarlığı

İqtisadçıdan böhran xəbərdarlığı

"Koronavirus artıq hər kəsin qapısını döyür, bu sürətlə yayılma davam edərsə, təhlükələr həm tibbi və həm də sosial-iqtisadi müstəvidə çoxala bilər. Odur ki, hakimiyyətin post-müharibə dövründə əsas diqqət göstərdiyi sahələrdən biri də COVİD-19 pandemiyasının neqativ təsirlərindən əhalini və sahibkarları qorumaq olmalıdır”. 
 
İqtisadçı alim, ADR Hərəkatının sədri Qubad İbadoğlu "Toplum TV"-yə belə deyir.
 
Noyabrın 19-da Operativ Qərargah Azərbaycan ərazisində xüsusi karantin rejimi müddətinin dekabrın 28-dək uzadıldığını açıqlayaraq bildirib ki, özəl sektorda və digər sahələrdə fəaliyyət göstərən qurumlara işçilərin say həddinin 30 faizədək azaltmaq tövsiyə olunur.
 
Prezident köməkçisi Hikmət Hacıyev Azərbaycana vaksinin gətirilməsi istiqamətində işlər görüldüyünü bildirirsə də, son bir neçə həftədə ölkə ərazisində virusa yoluxma halları 2000-dən yuxardır. 
 
Ekspertlər hesab edir ki, bir ildir davam edən pandemiya, sərt karantin rejimi, ardınca müharibənin gətirdiyi itki və xərclər həm ölkə iqtisadiyyatına, həm də insanların yaşam şəraitinə ciddi təsir edəcək.
 
"Müharibə, davam edən pandemiya Azərbaycan iqtisadiyyatının prespektivlərini tutqunlaşdıracaq”
 
Qubad İbadoğlu deyir ki, hazırda əhalinin sağlamlığının təminatı sahəsində durum bir neçə ay bundan əvvəlki ilə müqayisədə yaxşı olsa da, mövcud səhiyyə infrastukturu artan çarpayı, dərman, tibb ləvazimatı və həkim tələbatını qarşılaya bilməyəcək: "Ona görə də hər kəsdə özünüqoruma instinkti yüksək olmalıdır. Düşünürəm ki, ən böhranlı ay bu ilin dekabr və gələn ilin yanvar ayları olacaq. Çox böyük ehtimalla bir neçə aydan sonra koronavirusa qarşı peryvəndin kütləvi istehsalına başlanılacaq. Yeri gəlmişkən, Azərbaycan hökuməti peyvəndlə bağlı sifarişini indidən verməlidir ki, onu vaxtında ölkəyə gətirə bilsin".
 
"Maliyyə Nazirliyinin açıqlamasına görə, 2020-ci ilin doqquz ayında dövlət büdcəsinin kəsiri 677,6 mln. manat təşkil edib və ya 1156,6 mln. manat məbləğində proqnozlaşdırılan kəsirdən 479,0 mln. manat və ya 41,4 faiz az olub", - iqtisadçı bildirib. 
 
Onun sözlərinə görə, bu proqnazlaşdırılan kəsrdən daha az göstəricidir: "Əslində büdcə kəsrinin az olması yaxşıdır, ancaq bu rəqəmlər müharibəyə qədərki vəziyyəti özündə əks etdirir. Müharibə də əlavə xərclər yaradıb, yəqin ki növbəti ilin büdcəsində biz bunu daha ciddi hiss edəcəyik”.
 
Q. İbadoğlunun fikrincə, dövlət xərclərinin çox hissəsini büdcədən maliyyələşdirir: "Əvvəlki praktikadan da məlumdur ki, ilin axırıncı rübündə dövlət büdcəsindən xərcləmələr daha çox olur, xüsusilə də investisiya bölməsinin xərcləmələri”.
 
2020-ci ildə Azəri-Çıraq-Günəşli yatağından qazanılan vəsaitin cəmi 3 mlrd olduğunu deyən iqtisadçı əlavə edib ki, bu yataqdan daha öncəki illərdə 15 mlrd-a qədər vəsait götürülüb. 
 
"Pandemiya geniş vüsət alsa da, Azərbaycan hökuməti iqtisadiyyatın bağlanmasına getməyəcək”
 
İşğaldan azad edilən ərazilərdə bərpa işlərinin, infrastrukturun qurulmasının büdcədən daha çox vəsait ayrılmasına gətirəcəyini bildirən iqtisadçı onu da qeyd edir ki, Qarabağın bərpası planı reallaşanda yeni iş yerləri açıla bilər, bu da dövlərin özünün əlavə resursları vəsaiti hesabınabaş verəcək.
 
Q. İbadoğlunun qənaətincə, dövlət əhalinin sosial-müdafiəsini gücləndirmək və sahibkarlığa dəstək məqsədilə Nazirlər Kabinetinin 04 aprel 2020-ci tarixli Tədbirlər Planında nəzərdə tutulan tədbirləri davam etdirməlidir: 
 
"Təklif edirəm ki, bu ilin dekabr və gələn ilin yanvar ayları üzrə:
 
1) Əhaliyə güzəştli işıq limiti ayda 100 kvts. həcmində artırılsın. Bununla əlaqədar olaraq 20 milyon manat vəsait tələb olunacaq.
 
2) Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərcləri 2020-ci tədris ilinin yaz semestri üzrə də ödənilsin. Bu məqsədlə 20 milyon manat vəsait kifayət edər.
 
3) Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində birdəfəlik ödəmə verilsin. Ödəniş məbləği bu ilin dekabr ayı üçün 190 manat, gələn ilin yanvar ayı üçün yaşayış minimumunun 2021-ci il üçün olan dəyəri həcmində müəyyənləşdirilsin. Bu il üçün tələb olunan büdcə 114 milyon manat təşkil edəcək.
 
4) Pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi proqramı davam etdirilsin.
 
5) Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilsin".
 
İqtisadçı Əhliman Abbasov isə hesab edir ki, pandemiyanın ikinci dalğası boyunca bir çox ölkələr yenidən qapanmaq yoxsa fərqli xətt seçmək dilemması qarşısında qalıb: "Mən düşünürəm ki, pandemiyanın ilkin dövrlərində həyata keçirilən sərt karantin rejiminə indi gərək yoxdur. Yoluxma riskini artıracaq fəaliyyət formalarını (kütləvi toplantılar, tədbirlər və s) yoluxma səviyyəsi aşağıya düşənəcək təxirə salmaq və fərdi önləmlərin alınmasına ciddi şəkildə fikir vermək lazımdır”. 
 
Əhliman Abbasov deyir ki, həm sərt karantin, həm də yoluxmanın artması iqtisadiyyat və dövlət büdcəsi üçün xərc daşıyır: "Bu baxımdan bu dövrdə total qapanma yox, yoluxmanı səngidəcək ölçülərə ehtiyac var. Eləcə də burada fərd olaraq hər kəsin də pandemiya səngiyənəcən məlum olan qorunma tədbirlərinə diqqətli yanaşması lazımdır”.
 
Bu dövrdə daha çox zərər görən sahənin xidmət sektoru olduğunu deyən Ə.Abbasovun sözlərinə görə, son bir neçə ayda bəzi sektorlar, ticarət obyektlərinin fəaliyyəti bərpa edilib.
 
Onun fikrincə, iqtisadiyyata yeni dəstək tədbirləri artıq ümumi olaraq yox, daha çox zərər görmüş sektorlara spesifik olaraq yönələ bilər: "Ancaq nəzərə alaq ki, faktiki olaraq iqtisadiyyatın əsas hissəsi bu gün qapalı deyil. Sadəcə, bir sıra tənzimləmələr (maskadan istifadə və s.) var”. 
 
"Bir məsələni də nəzərə almaq lazımdır ki, qlobal koronavirus böhranı onsuz da büdcə xərclərini artırır, gəlirləri azaldır. Bu baxımdan belə fiskal dəstək tədbirlərinin də bir sərhəddi, limiti var. Xüsusən də post-pandemiya dövründə iqtisadiyyatı yenidən təşviq etmək, Qarabağ bölgəsində infrastruktur və həyatı bərpa etmək üçün geniş miqyası xərcləmələr olacağını nəzərə almalıyıq”, - iqtisadçı bildirib.
 

Google+ WhatsApp ok.ru