2016-cı ilin dövlət büdcəsi haqqında rəy açıqlanıb

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin ekspertləri 2016-cı ilin təsdiq edilmiş dövlət büdcəsi ilə bağlı zəruri araşdırma və təhlil işləri aparmaqla rəyi hazırlayıblar. Sənəddə deyilir ki, gəlirlərin əsas mənbəyi olan (7,79 mlrd manat və ya gəlirlərin 53,5%-i) neftin ucuz olması şəraitində dövlət büdcəsini yerinə yetirmək çox çətindir. Dünya neft bazarında baş verən proseslər və neftin qiyməti ilə bağlı söylənilən proqnozların əksəriyyəti gələn il neftin qiymətinin 30-35 ABŞ dolları altında olacağı yönündədir, amma dövlət büdcəsində neftin barreli $50 hesablanıb. Ona görə dövlət büdcəsinin vaxtında və zəruri həcmlərdə yerinə yetirilməsi üçün sahibkarlıq mühitinin yaxşılaşdırılması, məmur sahibkarlığının və inhisarçılığın aradan qaldırılması, rəqabətin və təşəbbüskarlığın stimullaşdırılması üçün ciddi tədbirlər görülməli, ölkəyə mal idxalına və ölkədən mal ixracına olan hər cür maneələr,  xüsusilə bu sahədə olan inhisarçılıq və qanunsuz qadağalar təxirə salınmadan aradan qaldırılmalıdır.
 
İTY ekspertləri hesab edir ki, ölkənin neft gəlirlərinin azalmasının dövlət büdcəsinin qeyri-neft gəlirlərinin formalaşmasına təsiri 2016-cı ilin büdcə proqnozunda yetərincə nəzərə alınmayıb. Məsələ burasındadır ki, neft gəlirlərinin azalması həm dövlət sifarişlərinin, həm də neft şirkətlərinin sifarişlərinin kəskin ixtisarı ilə nəticələnir. Amma hökumət hesab edir ki, PSA layihələr üzrə subpodratçılardan mənfəət vergisi 2014-cü illə müqayisədə 38,3 mln manat artacaq.
 
Dövlət büdcəsindən maliyyələşən dövlət investisiyalarının 2,7 mlrd manat azalması mütləq yerli şirkətlərin ödədiyi mənfəət vergisi və ƏDV-in azalması ilə nəticələnəcək. Amma hökumət mənfəət vergisi üzrə mədaxilin 670 mln manat və ya 2014-cü illə müqayisədə 17,1% çox olacağını proqnozlaşdırır. Fiziki şəxslərdən gəlir vergisi yığımı üzrə müsbət plan da belədir. «İşgüzar aktivliyin azalması, iş yerlərinin gözlənilən ixtisarları şəraitində bu, ölkənin əsas maliyyə sənədinin hazırlanmasına yetərində arqumenti olmayan yanaşmadır», deyə İTY-nin rəyində bildirilir.

Google+ WhatsApp ok.ru