9 ayda 60 milyard dollarlıq dövriyyə olub

Məhəmməd Talıblı: `Mərkəzi Bankın nikbinliyi rəsmilərin ənənəvi ritorikasıdır və bu vətəndaşlarda sakitliyin yaranmasına xidmət edir`

2015-ci ilin 9 ayı üzrə valyuta bazarında dövriyyə 60 milyard valyuta vahidinə yaxın olub. Mərkəzi Bankın “Pul siyasəti İcmalı”nda deyilir ki, doqquz ayda valyuta bazarında dövriyyə ABŞ dolları ilə 54 milyard 85 milyon, avro ilə 5 milyard 40 milyon olub.
 
İcmalda qeyd olunur ki, 2015-ci ilin 9 ayında valyuta bazarının ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.8 dəfə artıb. Valyuta bazarında əməliyyatların 91 faizi ABŞ dollarında, qalan 9 faizi isə digər valyutalarda aparılıb. 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə ABŞ dolları ilə əməliyyatların həcmi 1.8 dəfə, avro ilə əməliyyatların həcmi isə 2.1 dəfə artıb.
 
Cari ilin 9 ayında banklar tərəfindən əhaliyə ABŞ dolları ilə satılan xalis nağd xarici valyuta ötən ilin müvafiq dövrünə nəzərən 61.7 faiz artıb. Nağd xarici valyutaya tələbin artması əsasən 1-ci rübdə baş verib. Belə ki, 9 ayda xalis satılan ABŞ dollarının 63 faizi, Avronun isə 38 faizi 1-ci rübdə satılıb.
 
“Narahatçılığa əsas yoxdur”
 
“2014-cü ilin sonlarından başlayaraq dünya neft bazarında qiymətlərin kəskin düşməsi və ölkəmizin əsas ticarət tərəfdaşlarında devalvasiya dalğaları daxili valyuta bazarında xarici valyutaya, xüsusilə ABŞ dollarına tələbin artması ilə müşayiət olunmuşdur”,- deyə icmalda vurğulanır.
 
“Valyuta bazarında yaranmış vəziyyəti nəzərə alaraq Mərkəzi Bankın Idarə Heyəti 21 fevral 2015-ci il tarixində ABŞ dollarının manata qarşı məzənnəsinin 1.05 AZN səviyyəsində müəyyən edilməsi haqqında qərar vermişdir. Qərarın əsas məqsədi milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək, bu əsasda tədiyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığını təmin etmək olub.
 
Hesabat dövründə Mərkəzi Bank məzənnə siyasətinin əməliyyat çərçivəsinin də təkmilləşdirilməsi haqqında qərar qəbul edib. Belə ki, məzənnə siyasətinin ABŞ dolları və avronun daxil olduğu iki valyutalı səbət mexanizmi əsasında həyata keçirilməsinə başlanıb. Tətbiqinə 1-ci rübdə başlanılmış yeni əməliyyat çərçivəsinin kəmiyyət parametrləri (səbətin strukturu, dəyəri və sair) 2-ci rübdə optimallaşdırılmışdır (bu mexanizminin mahiyyəti haqda daha ətraflı məlumat 1-ci rüb üzrə Pul Siyasəti icmalında öz əksini tapmışdır). Mərkəzi Bankın valyuta bazarındakı əməliyyatları müdaxilə dəhlizi çərçivəsində (satış və alış məzənnələri arasında diapazon) həyata keçirilib. Mərkəzi Bankın valyuta əməliyyatları cari ilin 9 ayının 6-da satışyönlü, 3-də isə alışyönlü olub. Hesabat dövründə manatın əksər partnyor ölkələrin valyutalarına nəzərən nominal ikitərəfli məzənnəsi ucuzlaşıb. Belə ki, nəzərdən keçirilən 15 ölkə üzrə manat Qazax təngəsi, Ukrayna qrivnası və Belarus rublu istisna olmaqla bütün partnyor ölkələrin valyutalarına nəzərən ucuzlaşmışdır”,- deyə icmalda deyilir.
 
Amma məsələ burasındadır ki, son günlərin dollar ajiotajı nəticəsində Mərkəzi Bank 94 milyon itirib. Bu məbləğ heç də kiçik vəsait deyil. Xatırladaq ki, 21 fevral devalvasiyasından bir neçə gün öncə dövlət başçısı Mingəçevrdə çıxışı zamanı bəyan etmişdi ki, bəzi möhtəkirlərin fəaliyyəti nəticəsində bir neçə gün ərzində 500 milyon dollar satılıb.
 
Eyni zamanda onu da vurğulamaq lazımdır ki, devalvasiyadan öncə Mərkəzi Bank və dövlət başçısı Ilham Əliyev manatın dünyada ən möhkəm valyuta olduğunu bəyan edirdi.
 
Bəs Mərkəzi Bankın nikbinliyinə inanmağa əsas varmı?
 
İqtisadçı Məhəmməd Talıblı "Azadlıq"a bildirib ki, bir neçə gün də 94 milyon dolların satılması ondan xəbər verir ki, bazarda qısa müddət ərzində dollara tələb artıb. Vətəndaşların yığımlarını daha çox dollarla apardığını deyən M.Talıblı vurğuladı ki, bazar iştirakçıları da müəyyən gözləntilərdədir: “Bir neçə gün də dollar satışının artması bazar iştirakçılarında tələsik qərar vermək fürsəti yaradır. Onlarda belə təəssürat yaranır ki, bu davamlı prosesə çevriləcək”.
 
MB-nin baş verənlərlə bağlı hələ də nikbin əhval-ruhiyyədə olmasına gəlincə isə M.Talıblı bildirdi ki, bu rəsmilərin ənənəvi ritorikasıdır və bu tip açıqlamalar  vətəndaşlarda, bazar iştirakçılarında sakitliyin yaranmasına xidmət edir. “Vətəndaşlar isə hazırda məmurların vədlərindən daha çox bazarda baş verənlərə diqqət edir. Vətəndaşlar treyderlərin davranışlarını qiymətləndirərək qərar verir. Kütləvi zövq nəyi diqqtə edirsə, həmin mövqe müdafiə olunur”, deyə M.Talıblı bildirdi.

Google+ WhatsApp ok.ru