9 ayda inflyasiya 11,2 faiz artıb

9 ayda inflyasiya 11,2 faiz artıb

Qubad İbadoğlu: ''Yaxın zamanlarda bir sıra tariflərə yenidən baxılması, xüsusilə xidmət, nəqliyyatda gediş haqqının artırılması gözləniləndir''
 
Bu ilin 9 ayında Azərbaycanın istehlak bazarında qiymətlər 2015-ci ilin həmin dövrü ilə müqayisədə 11,2 faiz artıb.
 
Bu barədə məlumatı contact.az Dövlət Statistika Komitəsinə istinadən yayıb.
 
Rəsmi məlumata görə, sözügedən müddətdə ərzaq inflyasiyası 12,7 faiz təşkil edib. Qeyri-ərzaq malları 15,9 faiz, əhaliyə pullu xidmətlər 5,2 faiz bahalaşıb.
 
Sentyabrda mal və əhaliyə xidmətlərin qiyməti orta hesabla 2,3 faiz, o cümlədən ərzaq məhsulları 4 faiz, qeyri-ərzaq malları 1,6 faiz, xidmətlər 0,6 faiz artıb.
 
DSK bu ilin avqustu ilə müqayisədə alma, balqabaq və soğandan başqa bütün ərzaq məhsullarının qiymətində artım qeydə alıb.
 
Oktyabrın 7-də Nazirlər Kabinetinin iclasında prezident İlham Əliyev deyib ki, 2017-ci ildə birrəqəmli inflyasiya gözləyir.
 
Məlumatı Meydan TV-yə şərh edən iqtisadçı Qubad İbadoğlu bildirib ki, ilin 9 ayının göstəriciləri Azərbaycanda ikirəqəmli inflyasiyanın olduğunu bildirir: "Baxmayaraq ki, ikirəqəmli inflyasiyanın səviyyəsi müstəqil ekspertləri qane etmir, çünki Dövlət Statistika Komitəsi bu göstəricinin hesablanmasında inhisarçı komitədir və ona alternativ olaraq inflyasiya göstəriciləri hesablanmır. Amma əvvəllər həyata keçirdiyimiz təhqiqatlar göstərirdi ki, Azərbaycanda rəsmi statistik məlumatlar, xüsusilə də inflyasiya göstəriciləri mövcud gerçəkliyi təhrif edir. Əslində, son 9 ayın inflyasiyası daha yüksəkdir, ərzaq inflyasiyası da ayrı-ayrı qrup inflyasiyaları arasında liderlik edir. Yəni 12,7 faiz yox, iki dəfə çoxdur".
 
Qubad İbadoğlu hazırda qiymətlərin artmağa meylli olduğunu deyib: "Mövsümü amillər qiymətlərin bahalaşmasını fəallaşdırıb, xüsusilə ərzaq məhsulları bahalaşıb, son zamanlar yerli məhsul olmasına baxmayaraq ətin qiyməti artıb. Bu, qiymət artımı üçün əsasların yarandığını deməyə əsas verir. Hesab edirəm ki, ilin sonuna qədər ikirəqəmli inflyasiyanı birrəqəmli səviyyəsinə endirə bilməyəcəyik. Çünki manat bahalaşıbsa, heç vaxt qiymətlər ucuzlaşmaz.Ona görə manatın devalvasiya vasitəsilə monitar amillərin inflyasiyaya təsir etmək imkanları məhduddur. Yeganə imkan ərzaq məhsullarının bolluğunu yaratmaqla qiymətləri endirmək olar, onu da iqtisadi amillərlə etmək mümkünsüzdür. Eyni zamanda, yaxın zamanlarda bir sıra tariflərə yenidən baxılması, xüsusilə xidmət, nəqliyyatda gediş haqqının artırılması gözləniləndir".

Google+ WhatsApp ok.ru