”ABŞ-ın Azərbaycanla bağlı açıqlamaları əsassız və qəbuledilməzdir”

“ABŞ Dövlət Departamentinin sözçüsünün Azərbaycan ilə əlaqədar verdiyi açıqlamalar əsasız və qəbuledilməzdir”. Bu sözləri Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Elman Abdullayev bildirib.
 
“Siyasi mahiyyət daşıyan və Azərbaycanın daxili işlərinə qarışmaq və siyasi təzyiq göstərmək cəhdlərinə xidmət edən bu kimi açıqlamalar heç cür həqiqəti əks etdirmir. Azərbaycanda qanunun aliliyi, fundamental hüquq və azadlıqların qorunması və məhkəmə-hüquq sisteminin müstəqilliyi tam şəkildə təmin olunub”.
E.Abdullayev qeyd edib ki, ABŞ digərlərində problemlər axtarmaq əvəzinə, öz daxilində insan hüquqları sahəsində mövcud olan çoxsaylı problemlərlə ciddi surətdə məşğul olsun. “Missuri ştatının Ferquson şəhərində baş verən hadisələr bir daha onu göstərdi ki, insan hüquqlarını xarici siyasət alətinə çevirən ABŞ sərbəst toplaşmaq və ifadə azadlığının təmin edilməsi, etnik və irqi zəmində ayrı-seçkiliyin və hüquq-mühafizə orqanları tərəfindən qeyri-proporsional şiddətin və ifrat zorakılığın tətbiq olunmasının qarşısının alınması istiqamətində fundamental hüquq və azadlıqlar üzrə üzərinə götürdüyü öhdəliklərinə riayət etməkdən uzaqdır” deyə nazirliyin sözçüsü bildirib.

Google+ WhatsApp ok.ru