“Heç bir yerdə MSK-ya maliyyə nəzarəti funksiyası verilməyib”

Məlum olduğu kimi dünən Milli Məclis “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununa bir sıra dəyişikliklər edib. Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılov parlamentin iclasında çıxış edərək bu dəyişikliyin əleyhinə çıxıb. 
 
Bu barədə Ədalət Partiyasının mətbuat xidmətindən Maide.az-a məlumat daxil olub. 
 
Məlumatda İlyas İsmayılovun çıxışı qeyd edilib: “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununa 2012-ci ildə edilən dəyişiklilərə əsasən 2013-cü ildən partiyaların dövlət tərəfindən maliyyələşməsinə başlanılıb. Bu, şübhəsiz, müsbət addım idi. Siyasi partiyaların maliyyələşməsi ilə əlaqədar, maliyyə hesabatlarının verilməsini təkmilləşdirmək məqsədilə Qanuna 21-ci maddənin əlavə edilməsini də başa düşmək olar və bu vacib idi. Ümumiyyətlə, həm dünya praktikasında, həm də ölkəmizdə belə bir təcrübə mövcuddur ki, maliyyə yardımı alan qurum onu maliyyələşdirən təşkilata bunun mütləq hesabatını verməlidir. 
 
Lakin təklif olunan variantda isə bu məsələ çox təəssüf ki, bir qədər çətinləşdirilir və dəyişikliyin səbəbi də doğrusu anlaşılmır. Belə ki, Qanunun 12-1.1.2-ci maddəsinə təklif olunan dəyişikliklərdə göstərilir ki, siyasi partiyalar maliyyə hesabatlarını MSK-ya da təqdim etməlidir. Və bunun da heç bir hüququ bazası yoxdur. Nəzərə alınmalıdır ki, siyasi partiyalar Vergilər Nazirliyinə, Dövlət Sosial Müdafiə Fonduna rüblük və illik, Maliyyə Nazirliyinə isə illik maliyyə hesabatları təqdim edirlər. 
 
Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 1.1.4-cü maddəsində göstərilir ki, “seçki komissiyası – Bu Məcəllə ilə nəzərdə tutulan qaydada formalaşdırılan və seçkilərin (referendumun) keçirilməsini təşkil edən və təmin edən kollegial orqan”dır. 
 
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının fəaliyyət və səlahiyyətləri bölməsində deyilir ki, “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikasında Azərbaycan Respublikası Prezident seçkilərinin və Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin, həmçinin referendumların (ümumxalq səsvermələrin), bələdiyyələrə seçkilərin hazırlanmasını və keçirilməsini təmin edir”.
 
Azərbaycan Respublikası Konstitusiyasının 83, 101 və 142-ci maddələrində Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasınaverilən səlahiyyətlərdə də onun maliyyə nəzarəti funksiyasını həyata keçirməsi haqqında heç bir müddəa yoxdur. 
 
Göründüyü kimi, heç bir halda MSK-ya maliyyə nəzarəti funksiyası verilməyib, bu orqan yalnız seçkiləri (referendumları) təşkiletmək və keçirmək səlahiyyətinə malikdir.
 
Eyni zamanda, qeyd etməliyəm ki, seçkilər dövründə seçkilərdə iştirak edən siyasi partiyalar və şəxslər MSK-ya maliyyə hesabatlarını təqdim edirlər. Bu hesbatlar sırf seçkilərlə bağlıdır və zənnimcə, başa düşüləndir. İndi siyasi partiyaların ayırıca olaraq MSK-ya hər il hesabat verməyə məcbur edilməsi nəyə lazımdır? Axı elə partiyalar var ki, ardıcıl olaraq bir neçə dəfə seçkilərdə iştirak etmirlər. Bu məntiqlə yanaşsaq onda belə çıxır ki, müstəqil olaraq seçkilərdə iştirak etmək niyyətində olan şəxslər də hər il MSK-ya maliyyə hesabatı verməlidirlər. Bu isə absurddur. 
 
Üstəlik Respublikamızda proposional seçki sistemi mövcud deyil. Proporsional seçki sistemi olsaydı haradasa bu dəyişikliyi başa düşmək olardı. 
 
Mövcud dəyişikliklərdə MSK-ya siyasi partiyaların üzərində nəzarət edici funksiya verilir. Bir növ siyasi partiyalar MSK-ya tabe etdirilir. Bu isə yolverilməzdir. Ona görə bütün bunları nəzərə alaraq “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunun  12-1.1.2, 21.2, 21.4-1 və 21.6-cı maddələrinə təklif olunan dəyişikliklər qəbul oluna bilməz. 

Google+ WhatsApp ok.ru