Ərdoğanın Putinə qəfil zəngi və Bakıdan duyulanlar - İDDİA

Bu açıqlamanın ardınca Putin 10 günlüyə “yoxa çıxıb”

Rusiya prezidenti Vladimir Putin “itkin düşməmişdən” öncə rəsmi Kreml belə bir açıqlama yaymışdı ki, Rusiya lideri aprelin 24-də İrəvana yollanacaq - saxta erməni soyqırımı iddialarının 100 illik törəninə qatılmaq üçün. Xəbərlə bağlı dərhal şərhlər gəldi. Ortaq yanaşma belə oldu ki, qərar gözlənilməz deyil, çünki Ermənistan Moskva üçün bölgədə ən önəmli forpost olaraq qalır. 

 
Ancaq o da faktdır ki, aylardır Qərbin sərt sanksiyaları altında olan Rusiyanın Türkiyə ilə genişlənən əlaqələri də Kremldən ötrü az əhəmiyyət daşımır. Putinin aprelin 24-də Çanakkalaya yox, məhz İrəvana getmək qərarı verməsi isə istər-istəməz yüksəlişdə olan Ankara-Moskva əlaqələrinə mənfi təsir göstərəcək. Bunun altını da daha çox Rusiya çəkəcək, nəinki Türkiyə. Ən böyük faydanı isə iki dövlət arasında yaxınlaşmanın olmasına qarşı çıxan ABŞ, Qərb götürəcək. 
 
Söz düşmüşkən, bu cür  xəbərlər yayılana qədər, bir sıra rusiyalı analitiklər Putinin İrəvana özünün gedəcəyini yox, baş naziri göndərəcəyini, Türkiyəyə isə başqa nümayəndə heyəti yollayacağını daha çox ehtimal edirdilər. Yəni sağlam məntiqdən çıxış edərək belə təxminlər irəli sürülürdü. Kremlin rəsmi açıqlaması isə bu təxminlərlə üst-üstə düşmür təbii ki. 
 
Bir sual da aktuallığını saxlayır. Məsələ ondadır ki, onsuz da Ermənistan Rusiyanın ovucunun içindədir, üstəgəl, işğalçı ölkənin Rusiyaya daha çox ehtiyacı var, nəinki əksinə. O zaman şəxsən Putinin İrəvana getməklə Türkiyəni qıcıqlandırmasına lüzum varmı? Tutaq ki, ora baş nazir Dmitri Medvedyev getsəydi, ermənilər nə edəsi idi ki? 
 
Bəllidir ki, bu açıqlamanın ardınca Putin 10 günlüyə “yoxa çıxıb”. “Tapılandan” dərhal sonra - dünən isə Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan ona telefon açıb. T 24 türk saytının məlumatına görə, 30 dəqiqəlik danışıq zamanı ikitərəfli əlaqələri inkişaf etdirməyin vacibliyi vurğulanıb. Prezidentlər həmçinin Ukrayna böhranını, Krım tatarlarının məsələsini və “erməni soyqırımı” mövzusunu müzakirə ediblər.       
 
Ən diqqət çəkən məqam da yəqin ki, sonuncu məsələdir. Sayt bu xüsusda Türkiyə prezidentinin Putinin diqqətinə çatdırdığı bir fikri sitat kimi təqdim edib. “Biz ədalətli tarixi yaddaş perspektivinin tərəfdarıyıq, ancaq Ermənistan bizim sülhə çağırışlarımızı iqnor edir, tarixçilərdən ibarət ortaq komissiya təklifimizə neqativ reaksiya verir” - deyib Ərdoğan. 
Bu, əslində elə Putinin İrəvana getmək qərarına Türkiyə tərəfinin diplomatik tərzdə etirazıdır. Ehtimal ciddidir ki, Ərdoğan bununla Kreml başçısına öz qərarına təzədən baxmağın, yaxud İrəvanla eyni gündə Türkiyəyə də baş çəkməyin iki ölkə münasibətləri kontekstində vacibliyini çatdırıb. Yəni telefon danışığı ikitərəfli əlaqələr və Putinin səhhətindən daha çox məhz bu imperativdən qaynaqlanıb.    
 
Bu yerdə xatırladaq ki, Kremlin mətbuat xidmətinin məlumatında telefon zənginin məhz Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutduğu bildirilir. Rəsmi məlumatda deyilir: “Dostluq şəraitində ikitərəfli qarşılıqlı əlaqələrin müxtəlif aspektləri, Ali Əməkdaşlıq Şurasının 5-ci iclasının (Ankara 1 dekabr, 2014) qərarlarının yerinə yetirilməsinin gedişi ”Türkiyə axını" da daxil, energetika sahəsində birgə layihələrə vurğu salınmaqla müzakirə edilib. Həmçinin aktual beynəlxalq və regional məsələlərə, habelə qarşıdakı yüksək səviyyədə görüşlərin qrafikinə dair fikir mübadiləsi aparılıb".
 
“Qarşıdakı yüksək səviyyədə görüşlərdən” biri niyə də aprelin 24-də Çanakkalda olmasın - lap elə İrəvan səfəri ilə eyni gündə? Əgər həmin vaxt təbii ki, Putin təzədən, qısa müddətə “itməsə”... (Yeni Müsavat) 

Google+ WhatsApp ok.ru