“Azərbaycan Respublikası ilə münasibətlərin inkişafı qonşu ölkələrlə müsbət anlaşma nümunəsidir”

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri “Dövlət həftəsi” münasibətilə keçirdiyi mətbuat konfransında Şəhid Rəcai və Şəhid Bahünərin (İranın teror qurbanı olmuş keçmiş prezidenti və baş nazirinin) xatirəsini əziz tutaraq qonşu ölkələrlə əlaqələrin möhkəmləndirilməsini İranın xarici siyasətində əsas prinsip adlandırmış və demişdir: “Anlaşma siyasətini üstün tutduğumuz üçün bir çox ölkələrlə əlaqədar “qarşılıqlı uduş” diplomatiyasının müvəffəqiyyətinə şahid olmuşuq”.
 
Möhsün Pakayin Azərbaycan Respublikası ilə münasibətlərin inkişafını qonşu ölkələrlə müsbət anlaşma nümunəsi adlandıraraq dedi: “Diplomatiya Bakı ilə bəzi xoşagəlməz vəziyyətə səbəb ola biləcək müəyyən məsələləri nəzarətə götürüb, qarşılıqlı etimad və rahat bir atmosfer yaradaraq əməkdaşlıq üçün mövcud olan fürsətlərdən istifadə etdi”.
 
O, “Qarşılıqlı uduş” diplomasiyasının davamlı şəkildə icrası nəticəsində İran və Azərbaycan arasında mövcud olan müştərək məqamlar, həmçinin qonşu ölkələrlə əlaqələrin inkişafının İranın xarici siyasətində əsas prinsiplərdən biri kimi sayıldığını diqqət mərkəzinə çəkərək söylədi: “Qafqaz regionu strateji əhəmiyyətə malik olan bir məkandır. İranın Qafqaz regionunun ən önəmli ölkəsi sayılan Azərbaycan Respublikası ilə daha yaxın münasibət qurması 11-ci dövlətin xarici siyasətdə əldə etdiyi müvəffəqiyyətlərdən biridir.”
 
İran səfir əlavə etdi: “İran Xarici İşlər Nazirliyinin əsas işi atom müzakirələrinə aid olsa da qonşu ölkələr və o cümlədən də Azərbaycan Respublikası ilə iqtisadi, mədəni və siyasi əlaqələrin inkişafı üçün münasib bir şərait yaranmışdır”.
 
Möhsün Pakayin Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin keçən ilin aprel ayında İrana səfərinə diqqət çəkərək dedi: “Bu səfərlərin ardınca iki ölkənin rəsmilərinin Tehran və Bakıya səfərlərinin aktivləşdiyinin şahidi olduq. Avqust ayında iki ölkə arasında müştərək iqtisadi komisiyanın yaradılması və iki ölkə arasında əməkdaşlıq protokolunun azacıq fikir ayrılığı ilə imzalanması hər iki tərəfin daha çox qarşılıqlı razılaşma sahəsində güclü iradəyə malik olduğunu təsdiq etdi”.
 
Səfir son iki il ərzində iqtisadi mövzulara üstünlük verildiyi üçün qeyri-neft sektorunda keçən illərlə müqayisədə münasib artımın yarandığına diqqət çəkərək dedi: “Neft svapı məsələsi və Şahdəniz qaz yatağında investisiya yatırılması, viza verilməsində asanlaşdırma işləri, xüsusilə də İran vətəndaşları üçün Naxçıvana giriş zamanı asanlaşdırılmış viza rejiminə keçid, vergilərin tədriclə azaldılması sahəsində vəziyyətin yaxşılaşdırılması, gömrük sahəsində və xüsusilə də Biləsüvar keçid məntəqəsinin açılışı ilə işlərin nizama salınması, iki ölkənin sərhədlərində bir sıra problemlərin həll edilməsi, Culfa strateji körpüsünün açılışı, həmçinin İran, Rusiya və Azərbaycan dəmir yolları şirkətləri arasında “Qəzvin-Astara” dəmir yolunun tamamlanması ilə bağlı razılığınəldə edilməsi, bankla bağlı bəzi problemlərin həlli, özəl sektorunun əməkdaşlığı üçün əlaqələrin möhkəmlənməsi və tacirlərin iki ölkənin beynəlxalq sərgilərində iştirak etməsi, İran avtomobillərinin Azərbaycana ixrac edilməsi, elektrikin alınması və qarşılıqlı şəkildə ötürülməsi və Azərbaycanlı turistlərin İrana səfərinin davam etməsi iki ölkənin iqtisadi sahədə əldə etdiyi nailiyyətlərdən sayılır”.
 
Möhsün Pakayin Tehran və Bakı münasibətlərinə hakim olan münasib şəraitə görə İran prezidentinin Bakıya səfər etdiyinə toxunuraq dedi: “Bu səfər iki ölkə arasında əməkdaşlığın inkişafı sahəsində yeni bir səhifənin açılmasına səbəb oldu. İran prezidentinin Bakıya səfəri zamanı bir çox sərmayəçi və özəl sektor nümayəndələrinin də Bakıya gəlişi dövlətin iki ölkənin özəl sektorlarının fəaliyyətinin güclənməsində ciddi iradəyə malik olduğunu göstərirdi”.
 
İran səfiri dedi: “İranın Xarici İşlər naziri doktor Zərif, Müdafiə naziri Hüseyn Dehqan, həmçinin Kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbiinin Bakıya, eləcə də Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayevin İrana səfəri qarşılıqlı münasibətlərin inkişafının milli mənafe və regional təhlükəsizliyin təmin edilməsi ilə yanaşı iki ölkəni strateji tərəfdaşlara çevirə biləcəyini də sübut etdi”.
 
Pakayin regionda İranfobiya aurasının azalması, dini radikallıqla mübarizə barədə razılaşma, İranla qonşu ölkələrin arasını vurmağa cəhd edən üçüncü qüvvələrlə mübarizə aparmaq, narkotik qaçaqmalçılığı ilə mübarizə, məhbusların mübadiləsi, müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi, universitetlər arasında həmkarlığın möhkəmləndirilməsi, həmçinin iki ölkə arasında mədəni əlaqələrin genişləndirilməsi və İranın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə xüsusi diqqət ayırmasını İran diplomasiyasının regionda fəal varlığının göstəricisi sayaraq dedi: “Bu vəziyyətin davam etdirilməsi ilə İranla Azərbaycan Respublikası bir-biri ilə ticarət şəriklərinə çevrilməklə yanaşı regionda mövcud olan təhdidləri nəzərə alaraq əldə edilmiş razılaşmaları həyata keçirib regionda sülh və əminamanlığın hakim olmasını təmin edə bilərlər”.

Google+ WhatsApp ok.ru