Əmanəti hansı vəsaitdə yatırmalı?

«Bizim Yol» qəzeti yazır ki, sürətli məzənnə dəyişikliyi «əmanətləri hansı vəsaitdə yatırılmalı» sualını aktuallaşdırır. «Məlumdur ki, manatın devalvasiya riskləri insanların milli valyutaya qarşı inamlarını azaldıb. Bu səbəbdən dollara üstünlük verirdilər. Lakin dollarla qəbul edilən depozitlərə təklif olunan faiz dərəcələri simvolik xarakter daşıyır-1-3 faiz. Bu isə ölkədəki inflyasiya səviyyəsindən qat-qat aşağıdır. Yəni xarici valyutalarda məzənnə dəyişikliyindən itkilər olmasa da,inflyasiya baxımından zərərlərin baş verməsi qaçılmazdır. Bəzi analitiklər düşünür ki, investorlar zərərdən sığortalanmaq üçün qısa müddətdə əllərindəki vəsaiti avroya çevirsələr yaxşı olar». 
 
Maliyyəçi-ekspert Zaur Əhmədov da «Bizim Yol»a deyib ki, hazırda avroya olan tələbat dolları üstələyib:
 
«Rusiya, Çin, hətta Qazaxıstan kimi dövlətlər son zamanlar dollarla olan əməliyyatları azaltmağa çalışırlar. İndiki situasiyada buna avronun bahalaşması kimi qiymət verməzdim. Sadəcə olaraq, beynəlxalq bazarda dollara olan tələbin azalması baş verib. Ona görə də avro ilə nisbətdə fərq yaranır. Avroya tələbin artmasının səbəblərindən biri Yaxın Şərq ölkələrindən çoxlu sayda miqrantların axın etməyə başlamasıdır. Qaçqın olsalar da, onlara göstərilən xidmətlərin hamısı avro ilə həyata keçirilir».

Google+ WhatsApp ok.ru