“Mərkəzi Bankla yanaşı, Neft Fondunun da ehtiyatları əriyir”

Xəbər verildiyi kimi, bu ilin oktyabrında Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları sentyabrla müqayisədə 180 milyon dollar (2,57 faiz) azalaraq, 6 milyard 834,6 milyon qalıb. Bu barədə Mərkəzi Bank məlumat yayıb.
 
Ümumilikdə isə 2015-ci ilin əvvəlindən Mərkəzi Bankın valyuta ehtiyatları 6 milyard 923,7 milyon dollar (50,3 faiz) azalıb.
 
Mərkəzi Bankın valyuta ehtiyatlarının azalması ilə əlaqədar iqtisadçı-ekspert Rövşən Ağayev fikirlərini bölüşüb. Ekspert bildirir ki, Mərkəzi Bankla yanaşı, Neft Fondunun da valyuta ehtiyatları əriyir. Rövşən Ağayev bu barədə fikirlərini “facebook” səhifəsində paylaşıb:
 
“Mərkəzi Bankın açıqladığı məlumatlardan aydın olur ki, oktyabrda Bankın valyuta ehtiyatlarında 180 milyon dollar ərimə olub. Bununla da Mərkəzi Bankın valyuta ehtiyatları özünün ən pik dövrü – 2014-cü ilin iyul-avqust aylarına nisbətən 8.3 milyard dollar azaldı.
 
Bu mövzu ilə maraqlanan təhlilçilərin və jurnalistlərin çox vacib bir məqama diqqət yetirməsi mühümdü: reallıqda Mərkəzi Bankın ehtiyatları indikindən daha yüksək sürətlə əriməli idi. Lakin Neft Fondunun xarici aktivlərinin də valyuta bazarına daxil olması Mərkəzi Bankın ehtiyatlarının ərimə sürətini bir qədər səngidib. Fakt: 2015-ci ilin yanvar-sentyabr ayları ərzində Neft Fondunun cari büdcə gəlirləri 5.5 milyard manat (5.2 milyard dollar), amma xərcləri 6.4 milyard manat (6.1 milyard dollar) olub. Fondun cari gəlirlərlə örtülməyən xərclərini qarşılamaq üçün ötən 9 ayda 900 milyon dollar (hər ay orta hesabla 100 milyon dollar) xaricdə saxlanan aktivlər ölkəyə gətirilib. Həmin vəsait valyuta bazarında manata çevrilməklə büdcə öhdəliklərinin icrasına yönəldilib. Yəni həmin 900 milyon dollar olmasaydı, indi Mərkəzi Bankın ehtiyatları təxminən 5.9 milyard dollar idi.
 
Bir sözlə, daxili valyuta bazarı təkcə Mərkəzi Bankın deyil, Neft Fondunun da ehtiyatlarını əridir”.azadliq /
 

Google+ WhatsApp ok.ru