“Azərbaycanda sivil cəmiyyət dağıdılıb” – İnsan Haqları Evi Fondunun rəhbəri BMT-dəki müzakirələrdən danışdı

Noyabrın 11-12-də Cenevrədə BMT-nin İşgəncələr Əleyhinə Komitəsində keçirilən iclasda Azərbaycan nümayəndə heyətinə 90 sual verilib.
 
İnsan Haqları Evi Fondunun Cenevrə ofisinin rəhbəri Florian İrminger “Amerikanın səsi”nə müsahibədə İşgəncələr Əleyhinə Komitədə Azərbaycanda vəziyyət haqqında ikigünlük müzakirələr haqda düşüncələrini paylaşıb.
 
“Azərbaycanda işgəncə halları var və bununla bağlı Azərbaycandan gəlmiş nümayəndə heyətinə konkret suallar verilib,” deyə İrminger bildirib.
 
Leyla Yunus və İlqar Məmmədovun durumları ilə bağlı ciddi problemlərin olduğunu qeyd edən İrminger Azərbaycandan gəlmiş rəsmilərin cavablarını qeyri-adekvat qiymətləndirib.
 
“Onlar deyirlər ki, Leyla Yunusla normal rəftar olunur və özü bilərəkdən səs-küy salır ki, özünə beynəlxalq diqqət cəlb etsin,” deyə irminger bildirib. “Bu, inanılmazdır.”
Əvvəllər bu növ müzakirələrdə iştirak edən hüquq müdafiəçisi Rəsul Cəfərovun indi həbsdə olduğunu vurğulayan İrminger 2012-ci ildən bəri Azərbaycanda sivil cəmiyyətin hökumət tərəfindən sistematik dağıdıldığını bildirib.
 
İşgəncələr Əleyhinə Komitənin qarşıdan gələn həftələrdə Azərbaycanla bağlı hesabat hazırlayacağını deyən İrminger ölkə haqda müsbət rəy gözləmədiyini deyib.  Onun sözlərinə görə, ortadakı faktlar göstərir ki, Azərbaycanda işgəncə halları var və hökumət bu halları aradan qaldırmaqda ciddi deyil.
 
İrminger bildirib ki, Komitənin yeddi üzvü Azərbaycan haqda kifayət qədər məlumatlıdırlar və onları azdırmaq Azərbaycan rəsmiləri üçün çətin olacaq.
 
“Azərbaycan rəsmiləri məhkəmə sisteminin necə modern olması haqda danışmağa başladılar, hətta internetdəki fəaliyyəti də qeyd etdilər.  O məhkəmələrdə olmuş adam kimi deyə bilərəm ki, Azərbaycan məhkəməsində modern heç nə yoxdur.”
 
Arif Yunusun bu gün həbsdən buraxılmasına reaksiya verən İrminger xəbərin müsbət olduğunu, lakin bütün siyasi məhbusların qeyd-şərtsiz azadlığa buraxılmalı olduğunu bildirib.
 
Azərbaycanda sivil cəmiyyətə basqıların bu ölkənin Avropa millətlər klubuna üzvlüyü üçün problemlər yaradacağını vurğulayan İrminger Azərbaycan hökumətini insan haqları sahəsində öhdəliklərini yerinə yetirməyə çağırıb.
 
Noyabrın 11-də Cenevrədə BMT-nin İşgəncələr Əleyhinə Komitəsində Azərbaycanda vəziyyət haqqında iki günlük müzakirələr başlayıb.
 
Sessiyada rəsmi Bakı Xarici Işlər, Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Səhiyyə nazirlikləri, Baş Prokurorluq, Penitensiar Xidmət, parlament və digər qurumların yüksək vəzifəli şəxslərinin iştirakı ilə nümayəndə heyəti ilə təmsil olunur.
 
Bir neçə həftədən sonra Komitə “Yekun müşahidələr” adlı sənəd dərc edəcək. Sənəddə qurumu narahat edən məsələlər və tövsiyələr əksini tapacaq.

Google+ WhatsApp ok.ru