“Mərkəzi Bank “dollara acıq verir””

Son 2 həftədə avroya nisbətən 5 faizə yaxın, yalnız bu gün isə 1 faizdən çox bahalaşan ABŞ dolları Azərbaycan Mərkəzi Bankının “təzyiqinə” davam gətirə bilməyərək son günlər manata nisbətən ucuzlaşmaqdadır. Modern.az saytı xəbər verir ki, bu haqda iqtisadçı Vüqar Bayramov öz şərhində bildirib.
 
O, fikrini belə əsaslandırıb: “Əgər may ayının əvvəlində 100 avro almaq üçün 116 dollara yaxın vəsait ödəmək lazım idisə, indi hətta 112 dollardan az pul tələb olunur.
 
Çox maraqlı mənzərədir: dünya bazarında dollar bahalaşanda bizdə ucuzlaşır və əksinə ABŞ valyutası qlobal arenada dəyər itirəndə Azərbaycanda güclənir. Hətta neftin dünya bazar qiymətindəki azalmalar da manata təsir göstərə bilməyib. Maraqlıdır ki, Federal Rezerv Bankının (FED) açıqlamasından sonra bu gün ABŞ dolları bütün aparıcı valyutalara nisbətən dəyər qazandı və sadəcə Bakıda “axsadı”.
 
Baş bankın dünya bazarı və hətta özünün bivalyuta səbətindəki valyutaların məzənnəsinə uyğunlaşdırılmayan və koordinasiya edilməyən monetar siyasəti milli valyutamızın gələcək məzənnəsi üçün risklər yaradır”.
 
Ekspertin fikrincə, Mərkəzi bank dolların “acığına” deyil, pul bazarındakı mövcud və strateji dəyişikliklərə uyğun məzənnə müəyyənləşdirməlidir:
 
“Əks halda, Mərkəzi Bankın sürprizləri ilə tez-tez rastlaşmalı olacağıq”.

Google+ WhatsApp ok.ru