​MANATIN QARA GÜNLƏRİ

«Yeni Müsavat» qəzeti ekspertlərlə ABŞ Federal Ehtiyat Sisteminin dolların uçot dərəcəsini qaldıracağı halda manatın taleyi ilə bağlı müzakirələr aparıb.
 
İqtisadçı Natiq Cəfərli qeyd edib ki, keçirilən sorğulara əsasən, uçot dərəcəsinin qaldırılacağı gözlənilir. Bu da Azərbaycana təsirini göstərəcək: «Qonşu dövlətlərin mili valyutalarının dəyərdən düşməsi, həm də neftin qiymətindəki müəyyən azalmalar Azərbaycan manatına təsir edəcək». 
N.Cəfərli Azərbaycanın bu təsirdən kənarda qalacağı barədə Mərkəzi Bankın bəyanatını əsassız adlandırıb. O, ölkədə kəskin devalvasiya gözləməsə də, 1 dolların 1 manat 65 qəpik həddinə qayıtmasını istisna etmir.
 
Ekspert Vüqar Bayramov da düşünür ki, dolların uçot dərəcəsi qaldırılacağı halda bu manata təsirsiz ötüşməyəcək V.Bayramov deyib ki, mərhələli şəkildə valyuta bazarı liberallaşdırılmalıdır.
 
 
​AZƏRBAYCANDA, YOXSA XARİCDƏ İSTİRAHƏT SƏRFƏLİDİR?
 
«Bizim Yol» qəzeti isə yay mövsümü gəldiyindən turizm mövzusuna geniş yer ayırıb.
 
Bu mövzudan bəhs edən məqalədə Azərbaycanda istirahət mərkəzlərində qiymətlərin bahalığına diqqət yetirilir. Müəllif qeyd edir ki, istirahət mərkəzlərində bir şəxsin yalnız səhər yeməyi daxil olmaqla bir günlük istirahəti 80 manatdan 120 manat arasında dəyişir: «Beləliklə, istirahət mərkəzləri, regionlardakı otellər göstərəcəkləri xidmətlərə görə yenə yüksək qiymət təklif edirlər. Odur ki, vətəndaşlar ölkə daxilində istirahətdənsə xaricdə istirahətə üstünlük verirlər».
 
Ekspert Dinara Ağaliyeva qəzetə istirahət mərkəzlərində qiymətlərin bahalığını belə izah edib: «Buna səbəb ölkədə yeyinti məhsullarının istehsalının aşağı səviyyədə olmasıdır. Üstəlik, idman-əyləncə mərkəzlərində bahalıq və nəqliyyat xərclərinin şişirdilməsi nəticəsində tur paketlərinin qiyməti də baha başa gəlir». 
 

Google+ WhatsApp ok.ru