​Manat nədən ucuzlaşır?

​Manat nədən ucuzlaşır?

 
«Bizim Yol» qəzetində «Manatın ucuzlaşmasının üç əsas səbəbi» sərlövhəli yazıya yer verilib.
 
Yazıda İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlunun milli valyutanın sürətlə dəyərdən düşməsinin səbəbləri ilə bağlı fikirləri açıqlanıb.
 
Q.İbadoğlu yenidən valyuta bazarlarında gərginlik olduğunu diqqət mərkəzinə çəkib: «Bir neçə gündür ki, valyuta satışının əsas dövriyyəsi «qara bazar»larda müşahidə olunur. Rəsmi və qeyri-rəsmi məzənnələr arasında fərq 10 faizə yaxınlaşır».
 
İqtisadçıya görə, ölkədə yaşanan dollar qıtlığının başlıca səbəbini milli iqtisadiyyatda, xüsusilə də qeyri-neft ixracatında yaranmış acınacaqlı durumda axtarmaq lazımdır. Onun fikrincə, ölkədən xaricə kapital axını isə Mərkəzi Bankın mövcud situasiyaya adekvat olmayan siyasətinin nəticəsidir.
 
Ekspert bu məlumatlara da diqqət yetirməyi tövsiyə edir: «Gömrük məlumatına görə, bu ilin 6 ayında ümumi ixracat gəlirləri 3 milyard 821 min 500 dolar olub. Ondan qeyri-neft ixracının payına 584 milyon 500 min dollar düşür. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 27 faiz azdır. Beləliklə, son 6 ayda ümumi ixracdan adambaşına 402 dollar, qeyri-neft bölməsinin ixracında isə 61.5 dollar düşüb».
 
Q.İbadoğlu deyir ki, bu ilin ilk 6 ayında ölkəyə idxal malları gətirmək üçün 4 milyard, hər ay 666 milyon dollarlıq valyuta xərclənib. Odur ki, ixracatdan əldə edilən gəlirlər heç idxalı maliyyələşdirməyə belə yetərli deyil. Ekspert vurğulayır ki, bundan başqa, dövlətin, şirkətlərin, bankların borc öhdəliklərini, vətəndaşların cari ehtiyaclarını ödəməyə də əlavə valyuta qazanılmalıdır: «Valyutanı qazanmaq üçün rəqabətə dözümlü, yüksək texnologiyalı, innovativ mal və xidmət istehsal etmək lazımdır. İqtisadiyyatın modernləşdirilməsi üçün ölkəyə xarici sərmayələr gəlməli və əlverişli investisiya mühiti formalaşdırılmalıdır». Ekspertə görə, hələ ki, ölkədə belə mühit yoxdur.
 
Qubad İbadoğlu hökuməti vaxt itirmədən islahatlara başlamağa dəvət edib.
 

Google+ WhatsApp ok.ru