Alman politoloq: `Erməni qoşunu geri çəkilməlidir`

“Azərbaycan dəfələrlə sübut edib ki, Ermənistana işğalı genişləndirməyə imkan verməyəcək və Ermənistanın istənilən fəallığı, hətta Azərbaycan hava məkanında təlim uçuşları belə hərbi provokasiya kimi qiymətləndiriləcək. Dağlıq Qarabağ münaqişəsinin həllində yalnız o zaman irəliləyiş əldə oluna bilər ki, Ermənistan öz qoşunlarını işğal olunmuş ərazidən çıxarsın”.
 
Bu sözləri Bundestaqın elmi işçisi, siyasi elmlər üzrə mütəxəssis, alman politoloq Hayko Lanqner bildirib.
 
Onun sözlərinə görə, mövcud vəziyyət atəşkəsin qorunması istiqamətində ciddi nəzarət mexanizminin yaradılmasını tələb edir. “Bundan başqa, beynəlxalq hüquq da Dağlıq Qarabağ və ona bitişik olan işğal edilmiş rayonların Azərbaycanın ərzisi olduğunu təsdiqləyir”, - deyə alman politoloq sözünə yekun vurub.
 
Döyüş helikopterinin vurulması ilə bağlı isə politoloq bildirib ki, "vurulan döyüş helikopterinin Azərbaycanın hava məkanına soxulduğu təsdiqlənib. Təəssüf ki, avqustun əvvəlində də cəbhənin bu hissəsində atəşkəs rejimi pozulmuşdu. Ümumiyyətlə, silahlı toqquşmaların belə intensivləşməsi hərbi münaqişənin gərginləşməsinə səbəb ola bilər”, - deyə politoloq qeyd edib.
 
Qeyd edək ki, noyabrın 12-də cəbhənin Ağdam rayonu istiqamətində Ermənistan Respublikasının Hərbi Hava Qüvvələrinə məxsus döyüş cütlüyündən ibarət Mi-24 tipli helikopterləri müdafiənin ön xəttində yerləşən mövqelərimizə hücum edərək atəşə tutublar.
 
Cavab atəşilə düşmənin döyüş cütlüyündən ibarət helikopterlərindən biri vurulub, digəri isə atəş zonasını tərk etməyə məcbur olub.

Google+ WhatsApp ok.ru