Amerikalı təhlilçi: «Gərək üzən məzənnəyə daha tez keçəydilər»

Azərbaycan manatı devalvasiya etmək üçün ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcəsini qaldırmasını gözlədi. Bunu Vaşinqtonda mənzillənən «Frontier Strategy» Qrupunun təhlilçisi Mark McNamee «The Wall Street Journal»a müsahibəsində deyir. FED ötən həftə uçot dərəcəsini 0.25 faiz qaldırıb.
 
«Gərək bunu daha tez edə, üzən məzənnəyə keçə, ağrısını da daha tez yaşayaydılar», - təhlilçi söyləyir. «Yəqin istədilər ki, ABŞ-da uçot dərəcəsi qalxsın və günahı müəyyən dərəcədə xarici faktorların üstünə yıxsınlar».
 
Müəllif Dan Keeler yazır ki, gəlirlərinin 90%-i neft və qaz ixracından gələn Azərbaycan bu il milli valyutasını devalvasiyaya uğradan sonuncu ölkə oldu.
 
Nyu-Yorkdakı «Auerbach Grayson» broker firmasından Simon Mandell isə inanır ki, valyutaları böyük təzyiq altında olan digər ölkələr də bu yolla getməlidirlər. O, Venesuelanı, Nigeriyanı, Misiri, Omanı, İraqı, Liviyanı və Ekvadoru misal çəkib: «Digər dəcəllərin də düşünüb-daşınmasını, məzənnənin saxlanmasından, yaxud idarəolunan üzən məzənnədən əl çəkməsini gözləyirik».
 
Müəllif vurğulayır ki, artıq Azərbaycan da investorların keçmiş favoritləri siyahısına qoşulur, neftin qiyməti düşdükcə, onun da iqtisadiyyatı laxlayır.
 
«Bir neçə il öncə Azərbaycan, Rusiya, Ukrayna və Qazaxıstan əsl artan bazarlar idi və hərə ondan bir pay istəyirdi – burada real pul qazanmaq olardı», - cənab McNamee deyir. «İndi hamı eyni problem içindədir. Yenə də uzunmüddətli perspektivdə cazibədar görünürlər, ancaq bir neçə il çətin olacaq».

Google+ WhatsApp ok.ru