AŞ PA-nın daha bir qətnaməsində Azərbaycan hökuməti ittiham olundu

`Məhkəməyə qədər həbslər bir sıra ölkələrdə vətəndaş cəmiyyətini qorxutmaq, tənqidçi səsləri susdurmağa xidmət edir, məsələn, Azərbaycanda…`

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) payız sessiyası çərçivəsində dünən Avropa Insan Haqları Konvensiyasını ratifikasiya etmiş ölkələrin bəzilərində məhkəməyə qədərki həbslərdən sui-istifadə halları ilə bağlı qətnamə qəbul olunub. Qətnamədə bu cür problemin yaşandığı azsaylı ölkələrdən biri kimi Azərbaycanın da adı çəkilir.
 
AŞ PA qətnamədə barəsində hələ qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadan şəxsin təqsirsizlik prezumpsiyası hüququna diqqət çəkir. Qeyd olunur ki, məhkəməyə qədər həbs-qətimkan tədbiri istisna hallarda, alternativ qətimkan tədbirləri (ev dustaqlığı, polis nəzarətinə vermə və s.) istintaqın tam, hərtərəfli aparılmasına imkan vermədikdə son variant kimi seçilməlidir.
 
Qətnamədə bildirilir ki, şəxsin cinayəti sübuta yetirilmədiyi halda, onun məhkəməyə qədər həbsdə saxlanılması özü-özlüyündə bir sıra risklər yaradır. Məsələn, şəxs işini itirə və müflis ola bilər. Həmçinin onun ailəsi iqtisadi çətinlikdən əziyyət çəkir, yaxınlar arasında uzunmüddətli ayrılıq yaşanır.
 
Bundan başqa, şəxsin həbsxanada qatı cinayətkarlar tərəfindən xoşagəlməz təsirə məruz qalma, infeksion xəstəliklərə yoluxma riski də var.
 
Qətnamə müəllifləri hesab edir ki, məhkəməyə qədər həbs psixi-sosial nəticələri baxımından həm də Avropa Konvensiyasının 6-cı maddəsilə təminat verilən ədalətli mühakimə hüququna da təhdid yaradır. Şəxsin cəmiyyətdən tam təcrid olunması onun özünü effektiv müdafiə etmək imkanlarına da mənfi təsir göstərir.
 
AŞ PA üzvləri vurğulayır ki, yersiz həbs qərarları bütövlükdə cəmiyyətə mənfi təsir göstərir. Məsələn, şəxsin həbsdə saxlanılması dövlət büdcəsinə də kifayət qədər maliyyə hesabına başa gəlir.
 
“Şəxsin məhkəməyə qədər həbsdə saxlanılmasına sərf olunan vəsaiti daha effektiv xərcləmək, məsələn, cinayətkarlığın qarşısının alınması, cinayətlərin üstünün açılmasının sürətləndirilməsi, qanunu pozanların sosial reablitasiyası məqsədilə istifadə etmək olar”, – deyə qətnamədə qeyd olunur.
 
Qətnamədə o da qeyd olunur ki, zərurət olmadığı halda, məhkəməyə qədərki həbslər korrupsiyaya yol açır, ədalət mühakiməsinin işləkliyinə ictimaiyyətin etimadını sarsıdır.
 
“Bir sıra üzv ölkələrdə məhkəməyə qədərki həbslər zamanı şəxslərə qarşı alçaldıcı hallar müşahidə olunub. Məsələn, şəxsdən cinayəti törətdiyi barədə etirafedici ifadə almaq və ya istintaqla hər hansı başqa formada əməkdaşlıq etmək, başqasının əleyhinə ifadə vermək üçün təzyiq göstərilir. Məsələn, Rusiyada Sergey Maqnitskinin işində, Gürcüstanda müxalifət liderləri, o cümlədən keçmiş baş nazir Merabişvilinin məsələsində. Bəzi ölkələrdə bu həbslərdən həm də siyasi rəqibləri neytrallaşdırmaq məqsədilə istifadə olunur”, – deyə sənəddə qeyd olunur.
 
AŞ PA üzvləri qətnamədə vurğulayır ki, bu cür həbslər bir sıra ölkələrdə vətəndaş cəmiyyətini qorxutmaq, tənqidçi səsləri susdurmaq məqsədinə xidmət edir: “Məsələn, Türkiyədə 16 yaşlı yeniyetmə sosial mediada prezidenti təhqir etmək ittihamı ilə məhkəməyə qədər həbsə göndərildi. Və yaxud Azərbaycanda tanınmış hüquq müdafiəçiləri və vəkillərə qarşı da eyni addımlar atıldı”.
 
Qətnamə müəllifləri problemin kökü barədə danışarkən onu da qeyd ediblər ki, bir sıra ölkələrdə məhkəmələr işi hərtərəfli araşdırmadan, konkret halları nəzərə almadan, ittihamı təsdiqləyib möhürləməklə məşğul olurlar.
 
AŞ PA üzv ölkələri zərurət olmadığı hallarda məhkəməyə qədər həbslərdən çəkinməyə çağırıb.

Google+ WhatsApp ok.ru