Arif Hacılı Qubad İbadoğlunu barışığa çağırdı

Müsavat başqanı Arif Hacılı oktyabrın 31-də mətbuat konfransı keçirib. Partiyanın mərkəzi qərargahında jurnalistlərə bir araya gələn Arif Hacılı öncə Qarabağ münaqişəsinə toxunaraq Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşü barədə danışıb, qeyd edib ki, imitasiya siyasətinə son qoyulmalıdır. “Musavat.com”un məlumatına görə, Arif Hacılı Kəlbəcərdə ermənilərin əsir götürdüyü iki azərbaycanlıya qondarma Dağlıq Qarabağ rejiminin qurduğu məhkəmə prosesini məzhəkə adlandırıb: “Azərbaycan dövləti hansı yolla olur-olsun girovları azad etməlidir”. 
 
Müsavatın ölkədəki siyasi məhbusların azad olunmasını tələb etdiyini vurğulayan Arif Hacılı demokratik islahatların aparılmasını ən vacib məsələ saydığını deyib.
 
Ukraynada ötən bazar keçirilən parlament seçkisindən bəhs edən Arif Hacılı deyib ki, Avropaya inteqrasiya tərəfdarlarının qalib gəlməsi Azərbaycanın da maraqlarına uyğundur: “Yaxın vaxtlarda Azərbaycanda Avrointeqrasiya məsələsi aktuallaşacaq və Müsavat bu prosesdə öndə gedəcək”.
 
Arif Hacılı Müsavat başqanlığına sabiq namizəd Qubad İbadoğlunun təqdim etdiyi arayışa Mərkəzi Nəzarət Təftiş Komissiyasının rəyindən də söz açıb: “Həmin rəydə seçkinin azad, demokratik şəraitdə keçdiyi göstərilib. Müsavat son qurultayı ilə Azərbaycana demokratiya nümunələri təqdim etdi. Seçki kampaniyası alternativ qaydada keçib, paritet əsasda seçki komissiyası formalaşıb, qurultay bitib və bir aydan artıq vaxt keçib. Ona görə də bu məsələlər yekunlaşdırılmalıdır”. 
 
Müsavat başqanı deyib ki, yaxın vaxtlarda partiya Məclisinin sədri seçiləcək, Mərkəzi İcra Aparatına rəhbər təyin olunacaq: “Partiyanın rəhbərliyi, demək olar ki, dəyişib. Müsavatın ideoloji və siyasi xəttinə uyğun olaraq fəaliyyətimizi davam etdirməliyik”.
 
Partiya başqanı deyib ki, heç kəsin Müsavatdan getməsinin tərəfdarı deyil: “Hamının birlikdə fəaliyyət göstərməsinin tərəfdarıyam. Müsavat vahid bir komandadır. Hər kəsi 27 sentyabrdan əvvəl tutduğu mövqeni unutmağa çağırıram”. 
 
 Arif Hacılı yaxın vaxtlarda müxalif siyasi təşkilatlarla, o cümlədən AXCP ilə müttəfiqlik istiqamətində addımlar atmaq niyyətində olduğunu deyib. 
 
Müsavat daxilində fraksiya yaradılması təşəbbüslərinə toxunan Arif Hacılı deyib ki, partiya nizamnaməsində fraksiya yaradılması nəzərdə tutulmur və fraksiya yaradılması partiyanın maraqlarına uyğun deyil: “Kimlər fraksiya fəaliyyəti niyyətinə düşəcəklərsə, partiya üzvlərinin qarşısında bir qədər də nüfuzdan düşəcəklər”.
 
Müsavat Partiyasının sentyabrın 27-də keçirilən qurultayında yeni başqan seçilib. Arif Hacılı 228 səslə başqan seçkisində qalib gəlib, Qubad İbadoğlu 200, Tural Abbaslı 19 səs toplayıb.
 
27 sentyabr qurultayında Mərkəzi Nəzarət Təftiş Komissiyasına və Məclisə də bəzi üzvlər seçilib.
 
Bir qrup müsavatçı seçkilərə haram qatıldığını iddia edir, nəticələri tanımır.
 
Müsavat Partiyasının Mərkəzi Nəzarət Təftiş Komissiyası başqanlığa sabiq namizəd Qubad İbadoğlunun şikayətinə rəy verib. Oktyabrın 11-də imzalanan şikayətdə Qubad İbadoğlu Müsavat Partiyasının 27 sentyabr qurultayına hazırlıq, qurultayın işi və seçkilərin keçirilməsi zamanı pozuntular olduğunu iddia etmişdi.
 
Mərkəzi Nəzarət Təftiş Komissiyasının 30 oktyabr rəyində qeyd olunur ki, çatışmazlıqlar qurultayın nəticələrinin legitimliyinə və demokratikliyinə təsir göstərməyib.

Google+ WhatsApp ok.ru