ARXALI BANKLAR ARXASIZLARI `YEYİR`

ARXALI BANKLAR ARXASIZLARI `YEYİR`

 
"Novoye Vremya" qəzetində "Bank böhranı güclənir?" sərlövhəli məqalə ilə tanış olmaq mümkündür.
 
Məqalədə Maliyyə Bazarları Nəzarət Palatasının qərarı ilə bu günlər 4 bankın lisenziyasının əlindən alınması dəyərləndirilir.
 
Müəllif yada salır ki, "Moody's" və "Fitch" beynəlxalq agentlikləri hələ bir neçə ay öncə dövlətin yardım etmədiyi durumda ölkənin bank sektorunda vəziyyətin daha da ağırlaşacağını bildirmişdilər.
 
Müəllifə görə, durumun ağırlığına baxmayaraq, nə Mərkəzi Bank, nə də Palata bankları xilas etməkdən ötrü ciddi bir iş görmür: "Həm ölkənin maliyyə tənzimləyicisi, həm də Palata bank sektorunda islahatı, deyəsən, ancaq bankları bağlamaqda görürlər. Yəni, yuxarıda adları çəkilən agentliklərin proqnozları özünü doğruldur?".
 
Müəllif yazır ki, bankların bağlanmasındansa birləşmələri düzgün olardı. Ancaq o vurğulayır ki, bu proses də bank sektorunda inhisarçılıq kimi təhlükə doğurur: "Bizdə banklar arasında sağlam rəqabət gözləmək çətindir. Yəqin ki, arxasında himayədarları, yüksəkrütbəli hökumət üzvləri olan iri banklar kiçik bankları "yeyəcək". Görünür, bankların sayının azalması prosesində çoxsaylı sualtı «daşlar» mövcuddur".
 
Müəllifin fikrincə, bankların bağlanmasına daha bir səbəbi isə dollarla götürülən kreditlər məsələsinin həll edilməməsidir: "Dollarla götürülən kredit probleminin həll edilməməsi bütünlükdə etimadsızlığa gətirdi. Bankların bağlanması, birləşdirilməsi, müflisləşməsi bu meyli daha da gücləndirir. Maliyyə sabitliyinə gəlincə, buna ancaq bütün bank sistemini sağlamlaşdırmaqla nail olmaq mümkündür". 
 
Yazıda vurğulanır ki, Palatanın fəaliyyətinə baxmayaraq, ölkədə maliyyə sabitliyi yoxdur. Manatın yeni devalvasiya təhlükəsi var, bankların bağlanması ölkədə işsizlərin sayını artırır. (azadliq.org) /

Google+ WhatsApp ok.ru