Asiya İnkişaf Bankı Azərbaycana 1.5 milyardı niyə vermədi?

Ölkənin kredit reytinqinin pisləşməsi beynəlxalq maliyyə qurumlarını ehtiyatlı addımlar atmağa vadar edir

Azərbaycanın beynəlxalq reytinqi aşağı düşdükcə, xaricdən kredit cəlb etmək imkanları məhdudlaşır. Qeyd edək ki, bu ilin əvvəlində "Fitch Ratings", "Standard & Poor`s"  beynəlxalq reytinq agentliyi Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli kredit reytinqini "BBB-" səviyyəsindən "BB+" səviyyəsinə endirmişdi. O zaman ekspertlər bildirmişdi ki, bundan sonra Azərbaycanın xarici kredit təşkilatlarının vəsaitlərinin əlçatanlığı zəifləyəcək, ağır şərtlərlə əldə edə biləcək. Artıq proqnozlar özünü doğrultmağa başlayıb. Dünya Bankı ilə aparılan danışıqların uğursuzluğu bu dəfə Asiya İnkişaf Bankı ilə təkrarlandı. 
 
"Azadlıq" radiosunun məlumatına görə, Asiya İnkişaf Bankı (Asian Development Bank) Azərbaycanın nəhəng qaz layihəsi üçün vəd etdiyi 1, 5 milyard dollarlıq kreditin verilməsini sentyabr ayınadək təxirə salıb.
 
Azərbaycanın "Şahdəniz 2" layihəsi üçün nəzərdə tutulan kreditin təxirə salındığı barədə xəbəri Beynəlxalq Maliyyə İnstitutu (International Financial Institution - IFI) yayıb.
Xəbərdə deyilir ki, Azərbaycan bu layihəyə artıq dövlət büdcəsindən və avrobondların tədavülündən 5 milyard dollar xərcləyib, bununla belə layihənin başa çatdırılması üçün ona daha 8 milyard dollar vəsait lazımdır.
 
Bu layihəyə Şahdəniz qaz yataqlarının inkişaf etdirilməsi və bir-birinə bağlı üç kəmərdən ibarət şəbəkənin yaradılması daxildir.
 
Bu şəbəkə 2019-cu ildən başlayaraq Türkiyə və Avropaya 16 milyard kubmetr qaz nəql etməlidir.
IFI kredit barədə ilkin qərarın dəyişdirilməsi səbəbini açıqlamayıb.
 
Mayın əvvəllərində Human Rights Watch təşkilatı Asiya İnkişaf Bankını Azərbaycan və Özbəkistan da daxil ölkələrdə işbirliyi zamanı insan haqlarının vəziyyətinə diqqət yetirməyə çağırmışdı.
O vaxt təşkilatın Avropa və Orta Asiya üzrə direktoru Hugh Williamson demişdi ki, "inkişaf naminə səylər yüksəkrütbəli hökumət rəsmiləri deyil, icmalar tərəfindən dəstəklənəndə və onlara xeyir verəndə, davamlı ola bilər. Özbəkistan və Azərbaycanda Asiya  İnkişaf Bankı bu səylərin xalqa fayda verməsinə çox çalışmalıdır".
 
Xəbər verilir ki, Azərbaycan Dünya Bankına daha 500 milyon dollar borc üçün müraciət edib və avrobond tədavülündən ilin sonunadək daha 1 milyard dollar qazanmağı planlaşdırır.
Avropa Yenidənqurma və İnkişaf Bankı (The European Bank for Reconstruction and Development) bu layihənin bir hissəsinin, habelə qısaca TAP adı ilə tanınan Transadriatik kəmərlərindən birinin maliyyələşdirilməsində marağını bildirib.
 
Azərbaycanın enerji naziri Natiq Əliyev iyunun 3-də jurnalistlərə demişdi ki, tikinti materialları xərclərinin azaldılması hesabına layihənin ümumi qiyməti 2013-cü ildə müəyyən edilmiş 45 milyard dollardan 39 milyard dollara düşüb.
 
Yeri gəlmişkən, Azərbaycan hökuməti Beynəlxalq Valyuta Fondu ilə də borc almaq üçün danışıqlar aparsa da, konkret nəticə yoxdur. 
 
İqtisadçı-ekspert Nemət Əliyev "Bizim Yol"a şərhində bildirdi ki, beynəlxalq reytinq təşkilatlarının hər hansı bir ölkənin kredit şkalasını müəyyən etməsi həm xarici maliyyə qurumları üçün, həm də dövlətə investisiya yatırımı etmək istəyənlər üçündür: "Bir növ həmin reytinqlər onlar üçün bir mayak rolunu oynayır. 
 
Onların hər biri çalışır ki, "Standart Poors", Moody"s, "Fitchs" kimi beynəlxalq təşkilatların rəğbətini qazansınlar, yəni onların müəyyən etdiyi şkalada yerlərini yüksək tuta bilsinlər. 
 
Əlbəttə, Azərbaycanın maliyyə sistemində kifayət qədər sağlamlaşdırma aparılmasına ehtiyac var. Ölkə rəqabət qabiliyyətli göstəriciyə malik olmalı, investisiya üçün əlverişli şərait olmalıdır, maliyyə sistemi sağlam əsaslar üstündə qurulmalı, sahibkarlığın inkişafı üçün əngəl olmamalıdır. Yəni iqtisadiyyatın liberallaşdırılması istiqamətində çox mühüm addımlar atılmalıdır".
 
N.Əliyevə görə, beynəlxalq reytinq təşkilatlarının Azərbaycanın uzunmüddətli dövr üçün kredit, investisiya reytinqlərini aşağı salması ölkəmizə uzunmüddətli dövr üçün investisiya və kredit qoyuluşu etməməyə dair siqnal vermiş oldu: "Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı kimi maliyyə təşkilatları da bu cür bəyanatları nəzərdən qaçırmır.  Azərbaycan hökumətinin müraciət etmədiyi kredit təşkilatı qalmayıb. Onların yumşaq şəkildə imtina etməsinin kökündə də məhz ölkəmizin beynəlxalq reytinq göstəricilərinin aşağı salınmasıdır.  Bu göstəriciləri gözü yumulu tərtib etmirlər, ölkələrin iqtisadiyyatı ilə bağlı ciddi təhlillər aparırlar. Azərbaycan üçün əlverişli investisiya mühiti yoxdur, korrupsiya, rüşvətxorluq, monopoliya, haqsız rəqabət kimi çox ciddi problemlər yaşanır. Sahibkarların hüquqlarının müdafiəsi baxımından əlverişli qanunvericilik bazası yoxdur. Bu kimi məsələləri nəzərə alan reytinq təşkilatları şkalaları aşağı salmaqla, əslində, beynəlxalq investorlara çağırış edirlər. Məhz bu səbəbdən, Azərbaycanın 4 ayının statistik göstəricilərinə görə, ölkəyə xarici investisiyaların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz azalıb. Artıq sərmayəçilər qoyduqları kapitalı da geri çəkməyə başlayıblar". 
 
N.Əliyev bildirdi ki, zamanında islahatlarla bağlı hökumətə çağırışlar edilib: "Hətta öz təklif və tövsiyələrini dönə-dönə veriblər. Amma Azərbaycan hökuməti vaxtında heç bir islahata getmədi. Ona görə də ölkəmiz investorlar üçün riskli bir zonaya çevrilib. Hətta yerli investorların özləri də Azərbaycana kapital qoymaqdan imtina edirlər. Dövlət təşkilatları və büdcə tərəfindən yatırımların azalması beynəlxalq təşkilatların diqqətindən kənarda qalmaya bilməz. Onlar baxır ki, Azərbaycan hökumətinin özü kapital yatırımı etmək istəmir, əksinə 70 faizdən çox azaldıb. Maliyyə Nazirliyi bəyan edəndə ki, büdcədə 1 milyard manat pul artıqlığı yaranıb, o zaman beynəlxalq təşkilatlar təəccüb edir ki, ölkəyə vəsait lazım olduğu halda hökumət niyə yatırım etmir? Deməli, hökumətin özü də mövcud duruma etibar etmir. Məsuliyyətsiz, qeyri-şəffaflıq nəticəsində ölkənin bank sektoru çökdürülüb. Ona görə də hər bir beynəlxalq maliyyə təşkilatı Azərbaycana kredit qoyuluşu etməyə ehtiyat edir. Bunun üçün onlar monitorinq keçirməyi tələb edir. Hökumət Dünya Bankından 4 milyard dollarlıq borc istədi. Onlar da təklif etdilər ki, maliyyə vəsaitlərinin təyinatı üzrə xərclənməsinin monitorinqini aparsınlar. Azərbaycan hökuməti isə buna razı olmadı. Belə davranışlar beynəlxalq maliyyə təşkilatlarının diqqətini cəlb edir və kredit qoyuluşlarını dərhal dayandırır. Hökumət nisbətən özünə Asiya İnkişaf Bankını yaxın sayırdı. Onlar da sentyabra qədər uzatmaqla mədəni şəkildə imtina etdilər".    (bizimyol)
 
 

Google+ WhatsApp ok.ru