Asiya İnkişaf Bankı Azərbaycana pul verməlidirmi?

Asiya İnkişaf Bankı Azərbaycana pul verməlidirmi?

Sabah – noyabrın 25-də Asiya İnkişaf Bankının idarə heyəti Azərbaycana 1 milyard dollarlıq borcun verilməsi məsələsinə baxacaq. Bu pullar Azərbaycanın qaz yataqlarının işlənməsi üçündür. Bir neçə həftədən sonra isə bank birbaşa Azərbaycan büdcəsini maliyyələşdirmək barədə qərar verəcək. Asiya İnkişaf Bankı inkişafı maliyyələşdirir, yoxsa nəyə gəldi pul verir? «The Huffington Post» qəzetində çıxan məqalədə bu suala cavab axtarılır.
 
KORRUPSİYA RİSKİ
Müəllif Jessica Evans «Human Rights Watch» insan haqları təşkilatının beynəlxalq maliyyə qurumları üzrə mütəxəssisidir. O, yazıda Azərbaycanda vətəndaş cəmiyyətinə basqıların davam etdiyini, QHT-lərin yaşam uğrunda savaşdığını, onların fəaliyyətinin qanunla məhdudlaşdırıldığını xatırladır. Hökumətin repressiyalarının vətəndaşların proseslərdə iştirakına, ictimai məsuliyyətə, şəffaflığa əngəl olduğu qeyd edilir. Bütün bu təzyiqlə üzləşən amillər Asiyada yoxsulluğun aradan qaldırılmasını qarşısına məqsəd qoyan Asiya İnkişaf Bankının əsas prinsipləridir.
 
Müəllif yazır ki, Azərbaycanda korrupsiya riski böyükdür. Məqalədə Əliyevlər ailəsinin sərvətini üzə çıxaran «Panama kağızları»ndan, ailənin vəzifədən sui-istifadəsi və rüşvətxorluqdan yazanların təqibindən, həbsindən söz açılır. Müəllif Azərbaycan hökumətinin korrupsiyaya qarşı mübarizə aparmaqdansa, neft və qaz gəlirlərinin xalqın ehtiyaclarına xərclənməsini istəyənlərə hücum etdiyini, mətbuatı basqı altında saxladığını vurğulayır. Korrupsiyadan yazan jurnalist Xədicə İsmayılovanın, bloqqerlər İlkin Rüstəmzadənin, müxalifətçi Fərəc və Sirac Kərimovların həbsini yada salır.
 
 EITI PRİNSİPLƏRİ
Yazıda Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (EITI) Azərbaycan qarşısında qoyduğu öhdəliklər vurğulanır. Bu ilin oktyabrında EITI Azərbaycanın qurumdakı statusunu namizədlik səviyyəsində saxladı və vətəndaş cəmiyyətinin durumunu inkişaf etdirməkdən ötrü Bakıya 2017-ci ilin martına qədər vaxt verdi. Öhdəlikləri yerinə yetirməsə, ölkənin qurumdan çıxarılacağı bildirilib. Müəllifin fikrincə, bununla EITI Azərbaycanın təbii sərvətlərdən qazandıqlarını inkişafa sərf etməsinin vacibliyini vurğuladı.
 
EITI-nin bu təşəbbüsünü Asiya İnkişaf Bankı da dəstəkləyib. Amma sabah bu qurum Azərbaycana bir milyard dollarlıq vəsait ayırmağa razılıq versə, həm EITI-dəki imzasına, həm də məsuliyyət və şəffaflıq prinsiplərinə sadiq olmadığını göstərəcək.
 
PİS NÜMUNƏ
Jessica Evans hesab edir ki, Asiya İnkişaf Bankı Azərbaycana yardım etməklə həm də digər qurumlara pis nümunə ola bilər. EITI-nin bu təşəbbüsünə dayaq olan və eyni prinsiplərlə çalışan Dünya Bankı, Avropa Sərmayə Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı da Xəzər və Yaxın Şərq qazının Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizinə pul ayırmağa hazırlaşır.
 
Qəzet yazır ki, Asiya İnkişaf Bankı üçün ən asanı Azərbaycana pul verməkdir. Amma pulu verərsə, qurum həm özünə, həm də payçılarına, özəlliklə də, ən iri payçıları olan ABŞ və Yaponiyaya etimadı sarsıtmış olar. «İnkişaf bankları Azərbaycanda çox mühüm rol oynaya, uyğun layihələri dəstəkləməklə xalqın sosial və iqtisadi ehtiyaclarının ödənməsinə sərmayə qoyulmasına nail ola bilərlər. Banklar ehtiyatlı olmalı, hökumətin azad səsləri boğmasını əngəlləyə biləcək təşəbbüsləri, o cümlədən EITI-nin cəhdlərini nəticəsiz qoymamalıdır», - Jessica Evans belə yazır. (AzadlıqRadiosu) /

Google+ WhatsApp ok.ru