Avropa Birliyi Azərbaycan hökumətini islahatlara çağırdı

Ölkəmizin Avropa Qonşuluq proqramını yerinə yetirməsinə dair hesabatda sərt tənqidlərlə yanaşı müsbət qeydlər də əksini tapıb

Avropa Komissiyası (Avropa Birliyinin orqanıdır-red.) 2014-cü ildə Azərbaycanda Avropa Qonşuluq Siyasətinin reallaşmasına dair hesabat yayıb. Sənəddə ölkədə vətəndaş cəmiyyətinin fəaliyyəti üçün şəraitin çətinləşməsi, QHT-lərə, siyasi fəallara və mediaya təzyiqlərin artırılması əksini tapıb.

 
Avropa Birliyinin rəsmi saytında dərc olunan sənəddə (http://eeas.europa.eu/enp/pdf/2015/azerbaijan-enp-report-2015_en.pdf)   qeyd olunub ki, viza prosedurlarının sadələşdirilməsi və readmissiya haqqında 2014-cü ildə imzalanan saziş ikitərəfli münasibətlərin gələcək inkişafına xidmət edir. Həmçinin, sənəddə ölkədəki iqtisadi vəziyyət müsbət qiymətləndirilib. Makroiqtisadi mühit qeyri-neft sektorunun və sosial sabitliyin artmasının hesabına stabil qalıb: “Cənub qaz dəhlizi”nin reallaşmasına dair öhdəliklər əvvəlkitək AB-Azərbaycan dialoqu üçün birinci dərəcəli əhəmiyyət daşıyır".
 
Hesabatda Qarabağ problemi ilə bağlı qeyd olunub ki, atəşkəs haqqında sazişin bağlanmasından ötən 20 ildə münaqişənin nizamlanması ətrafında vəziyyət dalana dirənib: “1994-cü ildən bu yana qurbanların sayının görünməmiş həddə çatması və insidentlər fonunda təhlükəszliklə bağlı vəziyyət  ciddi problem olaraq qalır”.
 
AB Qarabağ problemi ilə əlaqədar münaqişə tərəflərini “gərginliyi artıran və dinc prosesi pozan hərəkət və bəyanatlardan çəkinməyə” çağırıb.
 
Eyni zamanda bildirilib ki, Azərbaycanın 2014-cü ilin mayından noyabra kimi Avropa Şurasında sədrlik etdiyi müddətdə müstəqil  QHT-lərin durumu xeyli pisləşib.
Sənəddə o da əksini tapıb ki, 2014-cü ildə seçkilərin demokratik keçirilməsinin təminatı ilə bağlı ATƏT DTİHB-nin tövsiyələri yenə də yerinə yetirilməyib. Məhkəmələrin müstəqilliyinin təmin olunması üçün ciddi addımlar atılmayıb: “AB və Azərbaycan arasında siyasi dialoq sahəsində əlaqələr xeyli azalıb. Söz azadlığının da vəziyyəti pis olaraq qalır.  
 
 
Hesabatda dövlət xidmətində korrupsiyaya qarşı mübarizə vasitəsi olan ”ASAN Xidmət" şəbəkəsinin genişləndirilməsinə baxmayaraq, korrupsiyaya qarşı mübarizə sahəsində ciddi yaxşılaşmaya nail olunmayıb və ölkə“Transparency İnternational”-ın reytinqində 175 dövlət arasında 126-cı yeri tutur.  2014-cü ildə məhkəmələrin müstəqilliyinin təmin olunmasında nəzərəçarpacaq uğurlar olmayıb.
 
AB təmsilçiləri QHT nümayəndələrinin məhkəmə proseslərinin monitronqini keçiriblər və ciddi qanun pozuntularının şahidi olublar. Hökuməti tənqid edənlərin müdafiə prosesi çətinləşib. Problemlərdən biri də vəkil çatışmazlığıdır. Vəkillərin çoxu müxalifətçiləri müdafiə etməkdən imtina edir. Vəkillər Kollegiyasi müxalifətçiləri müdafiə edən hüquqşünaslara təzyiq göstərir. Hökumət Avropa İnsan hüquqları Məhkəməsinin qərarlarına hörmətlə yanaşmır, onları yerinə yetirmir".
 
Sənəddə həmçinin qeyd olunan problemlərin aradan qaldırılması üçün 2015-ci ildə görüləcək işlərlə bağı tövsiyələr irəli sürülüb, islahatlara getmək çağırışı edilib.
 
Əsasən Avropa Şurasının üzvü kimi öhdəliklərə əməl olunması və yerinə yetirilməsi, fundamental hüquq və azadlıqların, qanunun aliliyinin  təmin edilməsi, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının yerinə yetirilməsi tövsiyə olunur.
 
Vətəndaş cəmiyyətinin fəaliyyəti üçün əlverişli şəraitin yaradılması, qanunvericiliyə məhdudlaşdırıcı normaların ləğvi, QHT-lərə öz fəaliyyətini həyata keçirmək üçün imkanların yaradılması tövsiyə olunub.
 
Bundan əlavə, seçki qanunvericiliyinin ATƏT DTİHB-nin tövsiyələrinə uyğunlaşdırılması və 2015-ci ilin noyabrında keçiriləcək parlament seçkisi öncəsi bu tövsiyələrin yerinə yetirilməsi məsləhət bilinib.
 
Diffamasiya və böhtanın dekriminallaşdırılması haqqında qanunun qəbulunun, jurnalistlərin və fəalların təqib olunması, qətlə yetirilməsi hallarının araşdırılmasının gücləndirilməsinin vacibliyi qeyd olunub.
 
 
Ekspertlər bir neçə ay öncədən bildirirdilər ki, əgər hökumət təcili islahatlara başlamasa, siyasi məhbus problemi həll olunmasa, ona qarşı ciddi təzyiq kampaniyasına start veriləcək. Çünki Azərbaycan Avropa Qonşuluq Siyasətinin reallaşması üçün götürdüyü öhdəliklərə əməl etmir, əksinə vəziyyət ötən illərlə müqayisədə daha da pisləşib. Bu isə sözügedən proqramla bir araya sığmır. 
 
Ekspertlərin bildirdiyinə görə, Avropa Birliyinin məlum proqramının gerçəkləşməsi yönündə əməli addımlar atılmayacağı təqdirdə, bu cür bəyanatların ardınca ən azı müəyyən yüksək məmurlar səviyyəsində hökumət üzvlərinə, hakimlərə, ayrı-ayrı şəxslərə sanksiyalar tətbiqi də qaçılmazdır. Bu üzdən məlum hesabat son xəbərdarlıq kimi də qiymətləndirilə bilər.(Yeni Müsavat)

Google+ WhatsApp ok.ru