Avtobus və metroda qiymət artacaqmı? - RƏSMİ CAVAB

Ötən gün ölkədə benzin və dizelin qiymətinin artımı nəqliyyat daşımada qiymətlərin artacağı ehtimalını yaradıb. Xüsusilə, taksi və avtobusların sərnişin daşıma qiymətlərində gözlənilən bahalaşma metroya da təsir edəcəyi ehtimal olunur.
 
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev isə ANS-ə açıqlamasında məsələyə aydınlıq gətirib. 
 
O bildirib ki, metronun qiyməti ilə bağlı Tarif Şurasına müraciət olunmayıb və ümumiyyətlə bu məsələ "Bakı Metropoliteni"ndə müzakirə edilmir.
 
Tarif Şurasından verilən məlumata görə, sərnişindaşımada qiymətlərin artırılması ilə bağlı quruma müraciət daxil olmayıb.
 
Maide.az xəbər verir ki, İqtisadiyyat və Sənaye Nazirliyindən isə Trend-in sorğusuna cavab olaraq bildirilib ki, yanacağın qiymətinin 0.02 AZN qalxması Azərbaycanda sərnişindaşımada və ya hər hansı bir sahədə qiymət artımına əsas vermir.
 
Nazirlikdən bildirilib ki, yol vergisi və avtomobillərin texniki baxışından pul çıxarılıb, yanacağa verilib, sadəcə olaraq mexanizm dəyişdirilib.
 
Həmçinin, Nazirlikdən qeyd ediblər ki, Tarif Şurasına heç bir müraciət daxil olmayıb.
 
Qeyd edək ki, Tarif (qiymət) Şurasının iclasında müvafiq qərar qəbul edilib və yol vergisi əlavə olunmaqla Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 72 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 62 qəpik müəyyən edilib. 

Google+ WhatsApp ok.ru