AXCP-dəki həbslərin şok pərdəarxası...

Son günlər həbs edilənlər partiyada qurultayın keçirilməsini istəyənlərdir; Fuad Qəhrəmanlının rəhbərlik etdiyi qruplaşma niyə “sudan quru çıxır?”
 
Məlum olduğu kimi, son günlərdə AXCP-də həbslər başlayıb. Seymur Həzinin həbsindən sonra ardıcıllıqla “Azadlıq” qəzetinin əməkdaşı Xalid Qarayevin inzibati qaydada, eləcə də partiyanın təşkilat şöbəsinin müdiri Rafiq Daşdəmirlinin oğlu Sənan Daşdəmirlinin və son olaraq Əli Kərimlinin müşaviri Asif Yusiflinin həbsində şübhəli məqamlar ortaya çıxıb. 
AXCP-nin rəhbər strukturlarına daxil olan şəxslərdən birinin "Yeni Müsavat"a verdiyi məlumata görə, bu həbslər birbaşa partiyanın qurultayı və Ali Məclisinə olacaq seçkilərlə bağlıdır. Mənbə bildirib ki, partiyada ikitirəlik yaranıb. 
 
Belə ki, bir qrup qurultayın keçirilməsini və sədrin dəyişməsini tələb edir. Arqument olaraq da, Müsavatda keçirilən məlum qurultayı və İsa Qəmbərin rəhbərlikdən getməsini əsas gətirirlər. Digər qrup isə qurultayın yubadılmasının və Əli Kərimlinin rəhbərlikdə qalmasının tərəfdarıdır. Maraqlıdır ki,  hər iki qrupun partiyanın sədrliyinə olmasa da, Ali Məclisin sədrliyinə namizədi var. Bu, həbsdə olan Seymur Həzi və AXCP sədrinin müavini Fuad Qəhrəmanlıdır. Mənbə onu da qeyd edib ki, həbs olunanlar Seymur Həzi başda olmaqla, qurultayın keçirilməsinin tərəfdarı olan qrupdur. Belə ki, Xalid Qarayev, Asif Yusifli və oğlu həbs edilən Rafiq Daşdəmirli Ali Məclisin rəhbərliyində Seymur Həzini görür və onun namizədliyini dəstəkləyirlər. Hətta mənbə yaxın günlərdə hazırkı AXCP Ali Məclisinin sədri Həsən Kərimovun səhhəti ilə əlaqədar xaricə gedəcəyini və bir daha geri qayıtmayacağını da qeyd edib. Bu xəbərin sədrlik uğrunda mübarizədə partiya daxilində daha ciddi dartışma yaratdığı deyilir. 
 
Digər qrupun Ali Məclis sədrliyinə namizədi Fuad Qəhrəmanlının illər öncədən hakimiyyətə yaxınlığı barədə xəbərlər dolaşmaqdadır. Partiya daxilində yaranan iki qanaddan birinin rəhbəri olan Fuad Qəhrəmanlının qrupunun həbslərə məruz qalmaması şübhəli məqamlar ortaya çıxarıb. Mənbə iddia edib ki, Seymur Həzi ilə başlayan və xüsusi bir ssenari əsasında davam edən həbslərdə məhz bu qanad dolayısı yolla iştirak edir. 
 
Mənbənin irəli sürdüyü iddialardan biri də Fuad Qəhrəmanlının rəhbərlik etdiyi ehtimal olunan qrupun ölkəmizdə media orqanları, siyasi partiyalarla daim konfliktlərdə olması ilə bağlıdır. Bildirilir ki, bu qrup birbaşa hakimiyyətin tapşırıqlarını icra edir. 
 
4 gün öncə azadlığa çıxan Xalid Qarayevlə bağlı da mənbə ciddi iddia irəli sürüb. Bildirilir ki, əslində qalsa Xalid Qarayev inzibati qaydada 25 sutka yox, cinayət işi ilə həbs olunmalı imiş. Sadəcə AXCP fəalını jurnalist olması xilas edib. 
 
Sonda mənbə AXCP daxilində bu prosesin davam edəcəyini və yeni-yeni həbslərin olacağını istisna etməyib. Məqsədin isə qurultaya qədər narazı qüvvələrin tamamilə zərərsizləşdirilməsi olduğu qeyd edilib.

Google+ WhatsApp ok.ru