Azərbaycan üçün “2 milyonluq inqilab” - yenidən gündəmdə

“Aleks Qriqoryevsin arxasında böyük qüvvələr dayanır, o qüvvələr Azərbaycanı qarışdırmaqda maraqlıdırlar”

ABŞ-ın Milli Demokratiya İnstitutunun Bakı ofisinin keçmiş rəhbəri Aleks Qriqoryevsə qarşı 1 ildən artıqdır ki, səsləndirilən ittihamlar səngimək bilmir. İttihamlarda göstərilir ki, 2013-cü ildə Bakıda keçirilən etiraz aksiyaları birbaşa bu qurumun dəstəyi ilə reallaşdırılıb. Hətta ötən il martın 10-da əsgər ölümləri ilə bağlı keçirilən aksiyanın Aleks Qriqoryevs tərəfindən təşkil olunduğu iddia edilir. 
 
Azərbaycan hakimiyyəti ilə yanaşı hüquq müdafiəçisi Eynulla Fətullayev Milli Demokratiya İnstitutuna qarşı səsləndirilən ittihamlarda daha aktiv iştirak edir. O iddia edir ki, bu qurum Azərbaycanda sosial şəbəkələr vasitəsilə mitinqləri reallaşdırmaq üçün 2 milyon dollara yaxın vəsait xərcləyib. Onun sözlərinə görə, Milli Demokratiya İnstitutunun Azərbaycan nümayəndəliyinin rəhbəri olan Aleks Qriqoryevs Gürcüstan, Ukrayna və Moldovada hakimiyyət dəyişikliyi dövründə bu ölkələrdə işləyib. 
 
İki gün öncə “Turan”a müsahibəsində Aleks Qriqoryevs barəsinə səsləndirilən ittihamların reallığı əks etdirmədiyini bildirib. O, əsas gündəmdə olan 2 milyon dollar vəsait xərclənməsi məsələsi ilə bağlı bunları deyib: “Bu pulların nəyə xərcləndiyini yoxlamaq da asandır. Bakının mərkəzində ofisin saxlanması, əməkdaşların qonorarları, təlim tədbirlərinin - seminarların və konfransların keçirilməsi. Seminarlar zamanı MDİ təkcə zalın kirayə haqqını deyil, iştirakçıların bütün xərclərini - yol pulu, qidalanma və yaşayış xərclərini də ödəyirdi. Bakı ucuz şəhər deyil. Bir seminar hoteldən asılı olaraq, iyirmi min dollara qədər başa gələ bilərdi”.
 
Haqqın.az və virtualaz.org saytlarının rəhbəri, hüquq müdafiəçisi Eynulla Fətullayev “Yeni Müsavat”a açıqlamasında Aleks Qriqoryevsin qeyri-səmimi olduğunu bildirib: “Mən o müsahibəni oxumuşam. Belə qənaətə gəlmişəm ki, Aleks Qriqoryevs qeyri-səmimidir. Onun fikirləri inandırıcı görünmür. O bildirir ki, Azərbaycan cəmiyyəti inqilaba hamilədir. Əslində bildirmək istəyir ki, hakimiyyət müxalifət və vətəndaş cəmiyyəti ilə dialoqa getməsə, ölkədə inqilab baş verəcək. Özü də etiraf edir ki, ABŞ-ın Milli Demokratiya İnstitutunun məqsədi Azərbaycanda güclü, Qərbin maliyyə dəstəyini alan vətəndaş cəmiyyəti formalaşdırmaqdır. Digər tərəfdən, o, gənc siyasi fəalları, facebookdakı aktiv gəncləri maliyyələşdirdiklərini etiraf edib. Aleks Qriqoryevs bir məsələdə haqlıdır. O bildirir ki, əslində bu məsələlərdə mən kiməm? Əlbəttə, Aleks Qriqoryevs hüquqi icraçı idi. Bu institutun arxasında daha böyük qüvvələr var. Həmin qüvvələr də ona tapşırıqlar vermişdi. Aleks də tapşırıqlara uyğun hərəkət edirdi. Bu insan Ukrayna, Gürcüstan və Moldovada ”məxməri inqilablar"ın hazırlanmasında birbaşa iştirak edib. Bunu özü də etiraf edib".
 
“ABŞ-ın Milli Demokratiya İnstitutunun arxasında böyük qüvvələr durur dedikdə, hansı qüvvələri nəzərdə tutursunuz” sualına E.Fətullayev belə cavab verdi: “Aleks Qriqoryevs özü etiraf edir ki, balaca adamdır və bu prosesləri həyata keçirəcək gücə malik deyil. Bu fikirlər tamamilə doğrudur. Bu qurumun arxasında xüsusi xidmət orqanları var. Eyni zamanda ABŞ-ın siyasi iradəsi var. Aleks Qriqoryevs də həmin qüvvələri təmsil edir. Biz bunun haqqında yazmışıq. Yazdıqlarımız təkcə Azərbaycanda deyil, digər ölkələrdə də öz əksini tapdı”.
 
Jurnalist Azərbaycanda sosial şəbəkələr vasitəsilə mitinqləri reallaşdırmaq üçün 2 milyon vəsait xərclənməsi ilə bağlı səsləndirdiyi fikirlərin bir daha doğru olduğunu bildirdi: “Aleks Qriqoryevsin özü etiraf edirdi ki, mənim şəxsi hesabımdan 2 milyon dollar paylanıb. Bu adam bunu inkar etmir, əksinə, təsdiq edir. O bildirir ki, şəxsi hesabımdan 2 milyon dollar vətəndaş cəmiyyətinə, NİDA vətəndaş hərəkatına və digər fəallara maliyyə dəstəyi edilib”.

Google+ WhatsApp ok.ru