Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında Hökumətlərarası Komissiyanın 5-ci iclası keçirilib FOTO

Noyabrın 17-də iqtisadiyyat və sənaye naziri, Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri, Hökumətlərarası Komissiyanın həmsədri Sultan Bin Səid Əl Mansoori ilə görüşüb. Bu haqda Maide.az-a İqtisadiyyat və Sənaye nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.  
Məlumata əsasən, görüşdə nazir Şahin Mustafayev Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslandığını, qarşılıqlı səfərlərin əməkdaşlığın genişlənməsində xüsusi əhəmiyyətini vurğulamışdır. Kənd təsərrüfatı, yüksək texnologiyalar, enerji, təhsil, investisiya qoyuluşu və s. sahələrdə əlaqələr uğurla davam edir. Dubay Ticarət və Sənaye Palatasının xaricdə ilk nümayəndəliyinin məhz Bakıda açılması ölkələrimiz arasında əməkdaşlığa verilən böyük önəmin göstəricisidir. Nazir Şahin Mustafayev mövcud imkanlardan səmərəli istifadə etməklə əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu diqqətə çatdırmış, müxtəlif sahələr üzrə əlaqələrin genişlənməsi məsələlərinin Hökumətlərarası Komissiyanın bu gün
keçiriləcək iclasında əsas müzakirə mövzusu olacağını vurğulayıb.
 Görüşdə “Ağ şəhər” layihəsi barədə məlumat verilmiş, bu sahəyə investisiya qoyuluşu imkanları diqqətə çatdırılmışdır. Həmçinin görüşdə Azərbaycanın kənd təsərrüfatı sahəsində geniş potensiala malik olduğu, fermerlər üçün müxtəlif güzəştlərin tətbiq edildiyi, bu yaxınlarda Şəmkirdə aqroparkın təməlinin qoyulması barədə məlumat verilmiş, kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafı perspektivləri vurğulanmışdır. Tərəflər arasında turizm, İKT, maliyyə, hava nəqliyyatı və s. sahələrdə əməkdaşlıq imkanları barədə də fikir mübadiləsi aparılıb./
 

 

Google+ WhatsApp ok.ru