Azərbaycan bankları dollara üstünlük verməyə başlayıb

İlham Əliyevin müşavirədə manatla bağlı dediklərinə oliqarxların inanmadığı üzə çıxdı

Azərbaycanda fəaliyyət göstərən bəzi banklar manatdan imtina edib. Bu barədə redaksiyamıza daxil olan məlumatlara görə, həmin banklar kreditləri dollarla verir. Vətəndaşlardan ödənişlərin də dollarla həyata keçirilməsi tələb olunur. Bildirilir ki, bankların bu addımı Azərbaycanda da Rusiyada baş verənlərin təkrarlana biləcəyi təhlükəsindən irəli gəlir. Bank sahibləri hesab edir ki, manatı da rublun taleyi gözləyir. Ona görə də indidən tədbir görülür.
 
Qeyd edək ki, Azərbaycanda bankların əhəmiyyətli hissəsi hakimiyyətdəki məmur-oliqarxlara məxsusdur. Maraqlıdır ki, öbkə başçısı Ilham Əliyev yanvarın 10-da keçirdiyi müşavirədə manatın dünyada ən sabit valyutalardan biri olduğunu qeyd etmişdi. “Manatın məzənnəsi bir çox məsələlərin həlli üçün bizə imkanlar yaradır, ilk növbədə, ölkəmizin dinamik və uğurlu inkişafına xarici investorlarda inamı artırır, Azərbaycan əhalisinin rahat yaşamasını təmin edir. Manatın sabit qalması insanların birbaşa yaşayış səviyyəsinin yaxşılaşmasına xidmət edir və əlbəttə ki, bu amillər hər bir ölkə üçün önəmlidir. Bu gün manat dünya miqyasında ən sabit valyutalardan biridir. Hesab edirəm ki, xarici vətəndaşlar və xarici şirkətlər öz vəsaitini manat hesablarında saxlasalar uduzmazlar. Həm pullar yerində qalacaq, eyni zamanda, o pullar onlara əlavə gəlirlər gətirəcəkdir. Çünki indi dünyada bir çox maliyyə institutlarında depozitlərə artıq faiz vermirlər. Sadəcə olaraq depozitləri bir əmanət kimi saxlayırlar”, - deyə Ilham Əliyev vurğulamışdı. Lakin göründüyü kimi banklar, daha doğrusu bankların sahibləri olan məmurlar ölkə başçısının bu fikirlərinə inanmır. 

Google+ WhatsApp ok.ru