Azərbaycanın ixracı 40%-dən çox azaldı

Azərbaycan Mərkəzi Bankının manatı ucuzlaşdırmaqla ixracı artırmaq siyasəti özünü hələlik doğrultmur. İxrac azalmaqda davam edir.
 
Dövlət Gömrük Komitəsi xəbər verir ki, 2015-ci ilin Yanvar-Mart aylarında Azərbaycanın ticarət əməliyyatlarının həcmi 7 milyard 673 milyon 388.35 min ABŞ dolları təşkil etmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 22.42 % azdır.
 
İdxalın həcmi 3 milyard 403 milyon 99.59 min ABŞ dolları təşkil etmişdir. İdxal keçən ilin müvafiq dövrünə nisbətən 24.46% artmışdır.
 
İlk 4 ayda Azərbaycanın ixracı 4 milyard 270 milyon 288.76 min ABŞ dolları olmuşdur. İxrac keçən ilin müvafiq dövrünə nisbətən 40.33% azalmışdır.
 
XAM NEFT SATIŞINDAN GƏLİRLƏR 2 DƏFƏ AZALIB
 
İxracın azalması neftin qiymətinin aşağı düşməsi ilə bağlıdır. Azərbaycan 2015-ci ilin ilk 4 ayında gümrük bəyannamələri əsasında 3 milyard  275 milyon 414.47 min dollarlıq xam neft ixrac edib. Keçən ilin müvafiq dövründə bu rəqəm 6 milyard 148 milyon 529.86 min dollar idi.
 
SALDO ƏRİYİR
 
2015-ci ilin Yanvar-Aprel ayında ticarət dövriyyəsi üzrə saldo 867 milyon 189.17 min dollar olub. Ötən ilin 4 ayında saldo 4 milyard 421 milyon 398.03 min dollar idi. 
 
Fevral ayında Azərbaycanın ixracı 886 milyon 618.04 min dollar, idxalı isə 974 milyon 651.96 min dollar təşkil edib. Nəticədə də 88 milyon  33.92 min dollar ticarət kəsiri (mənfi saldo) yaranıb. Mənfi saldo ölkəyə dolların gəlmədiyinə, əksinə valyutanın xaricə axdığına işarə edir. Buna görə, ölkədə dollara təlabat yüksək olaraq qalacaq və Mərkəzi Bank daha çox valyuta ehtiyatlarını "əritməli" olacaqdır.azadliq/

Google+ WhatsApp ok.ru