Azərbaycan hakimiyyətinin dirənişi ciddi beynəlxalq skandala çevrilə bilər

Fuad Qəhrəmanlı: «ATƏT-in növbəti parlament seçkilərini müşahidə etdikdən sonra reallığı olduğu kimi yayacağı hakimiyyəti ciddi narahat edir»

ATƏT-in Bakı ofisi ilə bağlı başlayan siyasi qalmaqal davam etməkdədir. Hakimiyyətin prosesləri tam fərqli rakursdan təqdim etməyə çalışmasına rəğmən ABŞ-ın ATƏT-dəki səfiri Daniel Baerin söylədikləri məsələlərə aydınlıq gətirdi. ABŞ-ın ATƏT-in Daimi Şurasındakı səfiri Daniel B.Baer iyunun 8-də Vyanada qurumun iclasında çıxış edərkən bəyan edib ki, baş verənlər çox məyusedicidir, bunu başqa cür ifadə etmək mümkün deyil.
 
Səfirin sözlərinə görə, Azərbaycan ötən cümə günü Layihə Koordinatorunun işilə bağlı Anlaşma Memorandumundan imzasını geri götürmək barədə xəbərdarlıq edib. Səfir vurğulayıb ki, Layihə Koordinatoru 57 üzv dövlətin razılaşdığı siyasi mandatla fəaliyyət göstərib və onu yalnız konsensus qərarla ləğv etmək olar. Mandat bu ilin sonunda başa çatır. Səfir deyib ki, ofis fəaliyyətini davam etdirməlidir. “Biz Azərbaycan hökumətini Anlaşma Memorandumundan imzasını geri götürmək qərarına yenidən baxmağa çağırırıq. Yeni Anlaşma Memorandumu olacaqsa, bu, tezliklə həyata keçirilməlidir və yeni memorandum indikinin bütün qüsurlarını həll etməlidir, Layihə Koordinatorunun fəaliyyət qabiliyyəti gücləndirilməlidir”, deyə səfir vurğulayıb.
 
“Müşahidəçilər hökumətin bu qərarına daha geniş təzyiqlər kontekstində, Azərbaycanın beynəlxalq öhdəliklərindən ciddi şəkildə geri çəkilməsi kimi baxırlar. Insan haqları və fundamental azadlıqlara hörmət bu öhdəliklərə daxildir. Bu, ATƏT üçün yaxşı deyil; bu, regionda təhlükəsizlik üçün yaxşı deyil; bu, Azərbaycan xalqı və hökuməti üçün yaxşı deyil”, deyə Baer bildirib. 
 
Baş verənlərə hökumətdən növbəti reaksiya gəlib. Milli Məclis sədrinin müavini Bahar Muradova deyib ki, ATƏT-in Bakıdakı əlaqələndirici ofisi ilə bağlı atılan addım kimin necə dəyərləndirməsindən asılı olmayaraq Azərbaycan hökumətinin mövqeyidir: “Bu mövqe rəsmi şəkildə də açıqlanıb. ATƏT də bu notaya rəsmi cavab verməlidir. Lakin veriləcək cavabın müəyyənləşməsinin müəyyən proseduru var. Bu təşkilat həmin prosedura əməl edərək öz cavabını verməlidir”.
 
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı "Azadlıq"a bildirib ki, baş verənlər onu göstərir ki, Azərbaycanla Qərb arasında ciddi böhran yaşanmaqdadır. Münasibətlərdəki gərginliyə səbəbin əvvəllər insan haqlarının pozulması ilə bağlı olduğunu deyən F.Qəhrəmanlı vurğuladı ki, indi isə münasibətlərdəki gərginlik növbəti fazaya daxil olub. Azərbaycan hakimiyyətinin ona ünvanlanan tənqidlərdən nəinki nəticə çıxarmadığını, əksinə, repressiv siyasətini daha da gücləndirdiyini vurğulayan F.Qəhrəmanlı qeyd etdi ki, bu, ölkəni siyasi təcridə sürükləməkdədir: “Böhranın ikinci fazası həm də onunla xarakterizə olunur ki, Azərbaycan beynəlxalq təşkilatlarla əlaqələrdən imtina yolunu tutur. ATƏT-in Bakı ofisinin fəaliyyətini dayandırması beynəlxalq təşkilatlarla əməkdaşlıqdan imtina siyasətinin nəticəsidir. Burada Azərbaycan hakimiyyəti ilk mərhələdə cəmiyyətə yalan informasiya verməyə çalışdı. Guya ATƏT-in layihə koordinatorluğunun müddəti başa çatıb. Amma bəlli olur ki, layihə koordinatorluğunun müddəti bu ilin sonunda başa çatacaqdır. O zaman sual yaranır ki, Azərbaycan hakimiyyəti nəyə görə belə tələsik addım atır. Burada bir neçə səbəb ola bilər”.
 
F.Qəhrəmanlının sözlərinə görə, birinci ona diqqət yetirilməlidir ki, hakimiyyət rəsmiləri özləri ilk olaraq bəyan etmişdilər ki, layihə koordinatorunun Bakıdakı fəaliyyəti ilə bağlı ATƏT-də narazılıq ifadə olunduqdan sonra hakimiyyət belə bir addım atıb. F.Qəhrəmanlı hesab edir ki, Azərbaycan hakimiyyətində ATƏT-in Bakıdakı fəaliyyətinin müstəqil şəkildə təmin olunmasına bir etiraz var: “Qarşıdan parlament seçkiləri gəlir və Azərbaycanda keçirilən hər seçkidə ATƏT müşahidə missiyası ilə çıxış edir. Ötən prezident seçkilərində də ATƏT-in müşahidə missiyası ölkədə seçkilərin saxtalaşdırılması ilə bağlı rəy vermişdi. Növbəti parlament seçkilərini də ATƏT-in müşahidə etməsi nəticəsində reallığı olduğu kimi yayması hakimiyyəti ciddi narahat edir. Ona görə də seçkilərə az müddət qalmış, ATƏT-in Layihə Koordinatorluğu ilə bağlı mandat başa çatmamış təşkilatla münasibətlər məqsədli şəkildə gərginləşdirilir. Məqsəd seçkilər vaxtı ATƏT-lə əməkdaşlığın edilməməsidir. Bu, seçkilərə hesablanmış addımdır”.
 
F.Qəhrəmanlı hesab edir ki, baş verənlər ciddi fəsadlar yarada bilər. Çünki artıq ABŞ-ın ATƏT-dəki səfiri Baer məsələyə sərt reaksiya verib. Səfir bəyan edib ki, ATƏT-in Azərbaycandakı fəaliyyəti ilə bağlı qərarı Azərbaycan təkbaşına verə bilməz. Yəni bu qərar ATƏT üzvü olan dövlətlərlə bir yerdə verilməlidir: “Diplomatik baxımdan bu o anlama gəlir ki, ATƏT-in layihə koordinatorluğu təmin olunmazsa, yeni razılaşma sənədi irəli sürülməzsə, bu o deməkdir ki, Azərbaycana münasibətdə ATƏT-in aparıcı ölkələrinin birgə təzyiqi ifadə olunmalıdır. Çünki bu təkcə ABŞ-ın missiyası deyil. ATƏT üzvü olan digər ölkələrin də üzərinə düşən bir öhdəlikdir. Azərbaycan Layihə Koordinatorluğu ilə bağlı öz imzasını geri çəkmiş olursa, Azərbaycan bununla digər ATƏT ölkələrinə də qarşı getmiş olur. Bu proses belə davam edərsə, Azərbaycana qarşı beynəlxalq səviyyədə daha sərt addımların atılmasının şahidi ola bilərik”.

Google+ WhatsApp ok.ru