Azərbaycan hökuməti ABŞ-dakı havadarlarına pulu necə ötürür?

Amerikada Azərbaycan hakimiyyətinin təbliğilə məşğul olan Brenda Şaffer SOCAR-ın vəsiqəsini gəzdirirmiş...

Son vaxtlar ABŞ-da Azərbaycan hakimiyyətinə havadarlıq edənlərlə bağlı ciddi araşdırmalar aparır. Bu yaxınlarda Araşdırmaçı Jurnalistlər Şəbəkəsi bu mövzuda konkret faktlarla maraqlı bir material yayımladı. Ardınca ABŞ-dakı media orqanları mövzunu davam etdirdi. Və bütün bunların nəticəsi olaraq, Azərbaycan hakimiyyətindən birbaşa və ya dolayı yollarla pul alıb, Birləşmiş Ştatlarda, o cümlədən Konqresdə bu rejimin təbliğilə məşğul olanların adları açıqlanaraq ifşa edildi. Bu qəbildən olan daha bir məqalə “The Huffington Post” qəzetində yayımlanıb.
 
“Azərbaycan tragikomik formada idarə olunur”
 
Müəllif Till Brukner yazır ki, Amerikanın demokratik sisteminin mahiyyətini təhrif edən xarici qüvvələr və onların lobbiçiləri sadə amerikalıları narahat etməlidir.
 
Məqalədə bildirilir ki, Corctaun Universitetinin professoru olan Brenda Şaffer on ildən çoxdur ki, gizli şəkildə Azərbaycan hökumətinə lobbiçilik edir: “Lakin belə görünür ki, universitet bu maraq toqquşmasını araşdırmaq iqtidarında deyil. Çoxsaylı beyin mərkəzləri və mətbuat orqanlarında bu haqda yayılan məlumatlar da onları narahat eləmir.
 
Rusiya və Iran arasında yerləşən, kiçik, amma neftlə zəngin ölkə olan Azərbaycanı diktator tragikomediya formasında idarə edir. Azərbaycan özünün saxta seçkiləri və burada bu ölkədə insan haqlarının pozulması ilə tanınır.
 
Bu ölkədəki hazırkı hakim ailə on ildən artıqdır ki, tədricən müxalifəti daha da sıxışdırdığı halda, professor Brenda Şaffer iddia edir ki, Azərbaycan demokratiya və azadlıqları qəbul edir və ABŞ-ın tam dəstəyinə layiqdir.
 
Şafferin karyerasına bir qədər dərindən diqqət yetirəndə görünür ki, o, bütün elmi karyerası boyunca Azərbaycan hökumətindən birbaşa və ya dolayı yollarla maliyyə alıb. Hazırda o, Azərbaycanın dövlət neft şirkəti olan SOCAR-da məsləhətçi kimi çalışır. Onun SOCAR-da çalışdığını təsdiq edən vəsiqəsinin surəti mediada yayımlanandan sonra bu faktın üstü açıldı".
 
Müəllif Şafferin Azərbaycandakı avtoritar rejimin təbliğinə hesablanmış bir sıra addımlar atdığını vurğulayaraq, onların nədən ibarət olduğunu da açıqlayır: “Məsələn, özünün bu ölkə ilə bağlı maraqları haqda heç bir açıqlama vermədən, Konqres qarşısında dəfələrlə bu rejimin təbliğinə dair çıxışlar edib. Azərbaycanın Vaşinqtondakı səfirliyi ilə müqaviləsi olan ”DCI Group" lobbi təşkilatının sifarişilə Konqresə yazılı məktublar göndərib. Müxtəlif media orqanlarında Azərbaycan hökumətinin təbliğinə hesablanmış məqalələr təşkil edib. Amma bu məqalələrin heç birində Şafferin Azərbaycan hökumətilə əlaqələri barədə məlumat verilməyib.
 
Mən həmin media orqanlarının bir çoxuna oxuculara Şafferin SOCAR-la əlaqələri barədə açıqlama verməsini təklif etsəm də, “The New York Times”, “The Washington Post” kimi qəzetlər istisna olmaqla, digərləri bunu etməkdən imtina etdi".
 
“Avropa Oyunları avtoritar Əliyev rejimi üçün bir əyləncə oldu”
 
Azərbaycanda Avropa Oyunları başa çatsa da, beynəlxalq medianın bu turnir fonunda ölkədə baş verənlərə diqqəti səngimir. Almaniyanın məşhur “Der Spiegel” jurnalı Avropa Oyunları, Azərbaycan hakimiyyəti üçün bu turnirin əhəmiyyəti, eləcə də ölkəmizdə insan haqlarının vəziyyətindən bəhs edən məqalə yayımlayıb. “Azərbaycanda Avropa Oyunları: hər şey çox gözəldir! Ancaq insan haqları məsələsi yox...” başlıqlı məqalənin tərcüməsini qısa ixtisarla təqdim edirik:
 
“Azərbaycandakı Avropa Oyunları avtoritar Əliyev rejimi üçün bir əyləncə oldu. Olimpiya qurumlarının məmurları da Bakıdakı ğöhtəşəm atmosferə heyran qaldıqlarına görə tənqid olunub.
 
Avropa Oyunları Bakıda - Azərbaycanın paytaxtında keçirilirdi. Bu ölkədə hər şey prezident Əliyev və ailəsi tərəfindən idarə olunur, uzun illərdir ki, orada insan haqları pozulur. Tənqidçi səslər susdurulur. Bütün bunlar barədə hələ Avropa Oyunlarından əvvəl konkret sənədlər, faktlarla məlumat verilmişdi.
 
Bu barədə material yayımlayan Almaniyanın “Sport 1" telekanalının idman şöbəsinin müdiri Aleksandr Valfinq deyir ki, onların Azərbaycanda insan haqlarının vəziyyəti, söz azadlığına qarşı basqılar barədə əvvəlcədən məlumatları vardı.
 
Bakıdakı Avropa Oyunları təkcə bu ölkədə insan haqlarının pozulmasına görə yox, həm də idman baxımından müzakirələ yol açmışdı.
 
“Dörd ildə bir dəfə medianın diqqətini çəkən bir çox idman növləri var ki, Avropa Oyunları bunlar üçün əlavə mərhələ hesab oluna bilər. Amma yüngül atletika, velosipet yarışları kimi idmanın ənənəvi növlərinin beynəlxalq arenada səviyyəsi o qədər də yüksək deyildi”, - deyə Aleksandr Valfinq bildirib.
 
Almaniyanın media orqanlarının əksəriyyəti Avropa Oyunları barədə auditoriyalarına sırf idmanla bağlı məlumat verdilər. ARD, ZDF kimi telekanallar isə Avropa Oyunlarının keçirildiyi ölkədəki vəziyyəti tənqid etdilər, Ilham Əliyevin öz rejimini təbliğ etmək üçün idmançılardan vasitə kimi istifadə edərək, külli miqdarda pul xərclədiyi bildirildi.
 
Avropa Oyunlarının təkcə açılış mərasiminə Azərbaycan 85 milyon avro pul xərcləyib. Bu da 2012-ci ildə Londonda keçirilən Olimpiadanın açılışına sərf olunmuş vəsaitdən iki dəfə çoxdur. Azərbaycan hökumətinin bütövlükdə Avropa Oyunlarına xərclədiyi məbləğin 9 milyard avro olduğu bildirilir. Halbuki, bu ölkədə vətəndaşların orta aylıq əməkhaqqısı 400 avrodur.
 
Azərbaycan hökuməti onu tənqid edən xarici media orqanlarının əməkdaşlarını Avropa Oyunlarını işıqlandırmaları üçün ölkəyə buraxmaqdan imtina etdi. Azərbaycana buraxılmayan jurnalistlər arasında Böyük Britaniyanın “The Guardian” qəzetinin əməkdaşı Ouen Gibson, Almaniyanın ARD telekanalının reportyoru Florian Bauer də var.
 
Növbəti dəfə Avropa Oyunlarını keçirməyə namizəd ölkə Niderland idi. Lakin bu ölkə yarışı keçirməkdən imtina etdi. Indi Azərbaycandan sonra Avropa Oyunlarını keçirə biləcək ölkələr sırasında bunların adları çəkilir: Türkiyə, Rusiya və Belarus".(Azadlıq)

Google+ WhatsApp ok.ru