Azərbaycanda “fevral fırtınası”nın təkrarı gözlənilir

Hökumət qeyri-rəsmi devalvasiyaya gedir; valyuta qara bazarının yaranmasına rəvac verilir

Azərbaycanın bəzi kommersiya bankları ikinci dəfə dollar əmanətləri üzrə faiz dərəcələrini aşağı salmağa başlayıblar. Bankların saytlarının verdiyi məlumatına görə, artıq AccessBank, Azərbaycan Beynəlxalq Bankı, Unibank, Bank of Baku, Bank VTB Azərbaycan dollar əmanətləri üzrə faiz dərəcələrini xeyli endiriblər.
 
Dollar əmanəti üzrə minimum faizi dərəcəsini (əsasən 1 illik), AccessBank 1-2%-ə, Azərbaycan Beynəlxlaq Bankı 2.25 faizə, Unibank 0,5-1 faizə, Bank of Baku 0,5 faizə, Bank VTB Azərbaycan 1,7 faizə endirib.
 
KapitalBank, ümumiyyətlə, 11 ayadək müddətinə dollar əmanətlərini qəbul etmir. Müddətli dollar əmanətləri minimum 12-24 aylıq yerləşdirilməlidir. Bu halda 3 faiz gəlir təklif olunur. Müddətsiz dollar əmanətləri üzrə isə faiz dərəcəsi minimum 1 faizdir.
 
Azərbaycan Beynəlxalq Bankı isə 9 ayadək müddətə dollarada əmanət qəbul etmir.
 
Bir sıra banklar isə 4-6 ayadək dollarda əmanətlər götürmürlər.
 
Ümumiyyətlə, adı çəkilən banklarda ən yüksək əmanət qəbulu müddətləri olan 36-60 aylıq dollar əmanətləri üzrə faizlər 5,5 faizi keçmir.
 
Ekspertlər bildirirlər ki, bankların belə qərar qəbul etməkdə məqsədləri dollarlaşmanı aşağı salmaqdır.
 
Bu arada bəlli olub ki, Mərkəzi Bank daxili valyuta bazarında dollara artan tələbatı qarşılamaq və cari məzənnənin sabitliyini qorumaq məqsədi ilə son bir həftə ərzində bazara valyuta müdaxiləsini kəskin artırıb.
 
“Report”un bank dairələrinə istinadən verdiyi xəbərə görə, son 4 iş günü ərzində (avqustun 20-21-də və 24-25-də) AMB banklararası valyuta bazarında kommersiya banklarına toplam olaraq 893 mln. dollar həcmində valyuta kütləsi satıb. Bu, kommersiya banklarının ABŞ dollarına olan gündəlik tələbatının artması ilə bağlıdır.
 
Avqustun 20-də kommersiya banklarına 176 mln. dollar, avqustun 21-də 194 mln. dollar satan AMB bu həftənin ilk iki günündə daha 523 mln. dollar reallaşdırıb. Bunun 310 mln. dolları banklara avqustun 24-də, 213 mln. dolları avqustun 25-də satılıb.
 
Nəticədə, son 4 iş günü ərzində Mərkəzi Bankın bazara dollar müdaxiləsi 893 mln. dollar olub. Bu isə təxminən əvvəlki dövrün analoji aylıq göstəricisinə bərabərdir.
 
Müşahidəçilərin fikrincə, dollara tələbatın kəskin artması təsərrüfat subyektləri və s. müştərilərin müvəkkil kommersiya bankları, həmçinin fiziki şəxslərin mübadilə məntəqələri vasitəsilə milli valyutanın ABŞ dollarına konvertasiya etmək istəyi ilə bağlıdır. Bəzi hallarda nağd valyuta bazarında artmış tələbatı nəzərə alaraq mübadilə məntəqələri əsassız olaraq dolların satış məzənnəsini icazə verilən normadan daha çox artırmağa çalışır. Bir sıra kommersiya bankları isə nağd dolların satışını məhdudlaşdırıb (bir şəxsə - 1-5 min dollar).
 
“Azadlıq”a daxil olan məlumatlarda isə bildirilir ki, hökumət parlament seçkilərinə qədər devalvasiyaya getməmək üçün valyuta qara bazarının yaranmasına çalışır. Bank sektorundakı mənbələr bildirir ki, əslində devalvasiya gün məsələsidir: “Fevral devalvasiyasından əvvəl bazarda dollar qıtlığı yaranmışdı. O zaman ölkə başçısı Ilham Əliyev devalvasiyanın səbəblərindən danışarkən bildirmişdi ki, gün ərzində 500 milyon dolların satışa çıxarılması və bu məbləğin alınması Mərkəzi Bankı bu addımı atmağa məcbur edib. Indi də dollar qıtlığı yaranıb. Digər tərəfdən 4 gün ərzində 900 milyon dollar satılıb. Üstəgəl fevral devalvasiyası zamanı neftin qiyməti indiki kimi 43 dollar deyildi. Yəni, indi vəziyyət daha pisdir və devalvasiyaya getmək zəruridir. Ən azı 20-25 faiz civarında devalvasiyaya gedilməlidir. Lakin hökumət seçki ərəfəsində bu addımı atmaq istəmir. Çıxış yolu kimi qara bazarın yaranması məqsədəuyğun sayılır. Bu isə qeyri-rəsmi devalvasiyadır. Məqsəd seçkiyə qədər devalvasiyaya gedilmədiyi barədə görüntü yaratmaqdır”,- deyə bank sektorundakı mənbələr bildirir.
 
“Yekəxanalıq yeri deyil“
 
AXCP sədri Əli Kərimli də bu mövzuda fikirlərini “facebbok” səhifəsində paylaşıb. Əli Kərimli yazır:
 
“Azərbaycan çox ciddi sosial-iqtisadi böhrana girir. Yalnız 4 iş günü ərzində Mərkəzi Bankın valyuta rezervlərinin 10 faizdən çoxu getdi (8 milyard 501 milyon 500 min dollardan 893 milyon dolları).
 
Avqustun 20, 21, 24, 25-də Mərkəzi Bank bankların və əhalinin dollara olan tələbatını ödəmək üçün banklararası valyuta bazarında 893 milyon dollar satıb. Avqustun 21 və 22-də dollar ajiotajında cəmi 2 günə 370 milyon dollar satıldıqdan sonra banklar dollar satışını dayandırmışdı. Onda yazmışdım: “Bankları nə qədər bağlı saxlayacaqsınız? Banklar açılan kimi dünənə qədər dollar yadına düşməyənlər də dollar almağa qaçmayacaq? Ölkədə real islahatlara başlamaq əvəzinə valyuta satışını inzibati qaydada dayandırmaqla, ancaq divar qurtarana qədər gedərsiniz”.
 
Yazdığım özünü doğrultdu. Budur, banklar açılan kimi bu dəfə iki gün ərzində Mərkəzi Bank 370 də yox, düz 523 milyon dollar əritdi rezervlərini. Növbəti devalvasiya, onun da ardınca bahalaşma, işsizliyin artması daha da qaçılmaz oldu. Hakimiyyət başını itirmiş kimi görünür. Ölkənin necə bir ciddi böhrana girdiyini anlamır.
 
Yekəxanalıq yeri deyil. Müxalifətin zaman-zaman tələb etdiyi iqtisadi islahatlara başlamaq lazımdır. Özünüzün bacardığınız bir şey yoxdur, müxalifəti də eşitmək istəmirsiniz, olsun, heç olmasa, müstəqil iqtisadçı ekspertləri dəvət edib dinləyin. Ölkəni ağır sosial böhrana, onun da nəticəsi kimi sosial partlayışa aparmağa heç bir haqqınız yoxdur".

Google+ WhatsApp ok.ru