Azərbaycan xalqının bank əmanətləri təhlükədə!

Qubad İbadoğlu: “Sığorta ehtiyatı sığortalanmış əmanətlərin cəmi 2,2 faizi qədərdir”

Əmanətlərin Sığortalanması Fondu (ƏSF) 2015-ci ilin 9 ayının nəticələrini açıqlayıb. Fonddan verilən məlumata görə, hazırda üzv banklar tərəfindən 7 milyon 304 min 127 əmanətçiyə xidmət göstərilir ki, onların da 91 faizi qorunan əmanətdir. Qorunan əmanətçilərin 99,6 faizinin əmanəti 30 min manata qədərdir və 100 faiz sığortalanıb. Qorunan əmanətlərin 71 faizi ABŞ dollarının, 25 faizi manatın, 4 faizi avronun payına düşür.
 
Maide.az xəbər verir ki, iqtisadi elmlər doktoru Qubad İbadoğlunun açıqlamasına görə, öhdəlikləri getdikcə artan ƏSF-nin hazırkı şəraitdəki çağırışlara cavab verməsi üçün riskləri qarşılaya biləcək sığorta ehtiyatlarının formalaşması çox vacibdir.
 
“Çünki yalnız son hesabat dövründə ölkədə qorunan əmanətlərin 2 milyard manatdan çox artdığı halda həmin dövrdə ƏSF-nin sığorta ehtiyatları 17 milyon manat çoxalıb. Beləliklə, bu ilin oktyabrın 1-nə olan vəziyyətə görə, ölkə üzrə qorunan əmantlərin həcmi 5 milyard 44 milyon manata, sığorta ehtiyatlarının həcmi 109,4 milyon manata çatıb ki, bu da müqayisədə 2,2 faiz təşkil edir. Göründüyü kimi, Fondun sərbəst vəsaitləri sürətlə artan qorunan əmanətlərlə müqayisədə kiçik məbləğlə ifadə olunur. Bununla yanaşı onu da nəzərə almaq lazımdır ki, Azərbaycan dövləti və Mərkəzi Bank Fondun öhdəlikləri üzrə məsuliyyət daşımır”, - ekspert qeyd edib. 

Google+ WhatsApp ok.ru