Azərbaycandan Rusiyaya ixrac 41% azalıb

Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsinin həcmi illik müqayisədə 13,6% və ya 321,5 mlln. ABŞ dolları azalaraq cari ilin yanvar-oktyabr ayları ərzində 2 047,2 mln. dollar təşkil edib.
 
Maide.az Dövlət Gömrük Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, hesabat dövründə ixrac 43% azalaraq 407,2 mln. dollar, idxal isə 0,9% azalaraq 1 640 mln. dollar olub. Birlik ölkələri ilə əməliyyatlarda mənfi saldo 31% artaraq 1 232,9 mln. dollara çatıb. Beləliklə, bu müddətdə ümumi ixracın 4,17%-i, idxalın isə 22,04%-i MDB ölkələri ilə ticarət əməliyyatlarının payına düşüb.
 
Bu müddətdə Rusiyaya ixrac illik 40,7% azalaraq 322,3 mln. dollar, idxal isə əksinə 16,9% artraq 1 212,7 mln. dollar olub. Burada isə mənfi saldo 80,2% artaraq 890,5 mln. dollara çatıb. Rusiyaya ixrac Azərbaycandan cəmi ixracın 3,3%-ni, idxalın isə 16,3%-ni təşkil edib. 
 
Qeyd edək ki, Azərbaycanın xarici ticarət dövriyyəsinin ümumi həcmi illik müqayisədə 35,21% azalaraq bu ilin yanvar-oktyabr ayları ərzində 17 205,9 mln. dollar təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə idxal 1,08% artaraq 7 440,9 mln. dollar, ixrac əməliyyatlarının həcmi isə 49,13% azalaraq 9 765 mln. dollar olub.
 
Beləliklə, xarici ticarət əməliyyatlarında 2 324 mln. dollarlıq müsbət saldo yaranıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5 dəfədən çox azdır.
 
Hazırda Azərbaycan Respublikası ərazisində istehsal edilən kənd təsərrüfatı məhsullarının ixracının gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi prosesinin daha da sürətləndirilməsi üçün gömrük orqanlarına müvafiq tapşırıqlar verilib və görülən işlər nəticəsində malların ixrac həcminin artması müşahidə olunur. Lakin Rusiya Federasiyasında yol vergisinə dair qəbul edilməsi nəzərdə tutulan yeni qanun layihəsinə etiraz olaraq Dağıstan Respublikası ərazisində yük avtomobillərinin sürücüləri nəqliyyatın hərəkətini dayandırıb ki, bu da öz növbəsində Azərbaycandan aparılan kənd təsərrüfatı məhsullarının təyinat məntəqələrinə çatdırılmasında problemlər yaradıb.
 
Məlumat üçün onu da bildirək ki, hazırda Dərbənd stansiyasında Azərbaycandan aparılan kənd təsərrüfatı məhsulları ilə yüklənmiş 200-dək vaqon gözləyir.
 
Bu problemlə əlaqədar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin rəhbərliyi Azərbaycan Respublikası Nazirlər Kabinetini də məlumatlandırıb.
 
Noyabrın 26-da Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük-keçid məntəqəsində Azərbaycan və Rusiya gömrük xidməti nümayəndələrinin növbəti işçi görüşü keçiriləcək.
 
Görüşdə məqsəd gömrük-keçid məntəqələrində meydana çıxan problemləri yerində həll etmək və keçid məntəqələrinin işinin səmərəliliyini artırmaq üçün müvafiq tədbirlər görmək və bununla əlaqədar məlumat mübadiləsini həyata keçirməkdir.
 
Azərbaycan və Rusiya gömrük xidməti nümayəndələri müxtəlif keçid məntəqələri üzrə gömrük əməliyyatları, gömrük nəzarətinin təşkili, qarşılıqlı yardım və əməkdaşlıq məsələlərilə yanaşı, iki ölkə arasında kənd təsərrüfatı sahəsində mal dövriyyəsinin artımı və son günlərdə Azərbaycandan Rusiyaya daşınan kənd təsərrüfatı məhsullarının təyinat məntəqələrinə çatdırılmasında yaranan problemlər və onların aradan qaldırılması yollarını müzakirə edəcəklər.

Google+ WhatsApp ok.ru